Qurum keçmiş deputatın sənədlərində saxtakarlıq aşkarladığını deyir
İyulun 24-də Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş deputat Elton Məmmədov barədə şikayəti müzakirəyə çıxarıb.
Bildirilib ki, Elton Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib:
“Elton Məmmədov haqqında bir qrup seçici tərəfindən daxil olan şikayət nəticəsində onun sənədlərində ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar aşkarlanıb”.
MSK üzvü Qabil Orucov iclasda deyib ki, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb:
“Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır”.
MSK-nın qərarına əsasən, Dairə Seçki Komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Məmmədovun namizədliyi ləğv edilib.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Milli Məclisinin II, III və IV çağırış deputatı olub. Hazırda AMEA İşlər İdarəsinin müdiri vəzifəsində çalışır.
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Bugünə olan məlumata görə, növbədənkənar parlament seçkilərində 1200-ə yaxın adam namizəd olmaq üçün müraciət edib, onlardan 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.