Mozart ”Türk Marşı”nı niyə yazdı? – cavab veririk #13

Volfqanq Amadey Mozart niyə bu əsəri yazıb? Belə musiqi yaratmış başqa avropalı bəstəkarlar da varmı? Növbəti yazımızda bu suallara aydınlıq gətirməyə çalışmışıq

Source:



Kimisi reper Cezanın, kimisi də elə müəllif Mozartın ifasından “Türk marşı” ilə tanışdı. Avropalı bəstəkarın belə adlı əsər yaratmağının səbəbindən isə çoxu xəbərsizdir. Dünyanın ən tanınmış bəstəkarlarından olan Volfqanq Amadey Mozart niyə bu əsəri yazıb? Belə musiqi yaratmış başqa avropalı bəstəkarlar da varmı? Növbəti yazımızda bu suallara aydınlıq gətirməyə çalışmışıq.

“Türk marşı” dedikdə əsasən bəstəkar Volfqanq Amadey Mozartın müəllifi olduğu əsər yada düşsə də, XVIII əsrin ikinci yarısında türk musiqisinin təsiri ilə əsər yazan tək bəstəkar Mozart deyil. Ümumilikdə bu əsərlərə “Turkish music”, yəni türk musiqisi deyilir. Lakin bununla əsl türk musiqisi yox, türk musiqisi təsiri ilə yazılmış əsər nəzərdə tutulur. Mozartla təxminən eyni dövrdə yaşamış br çox məşhur avropalı bəstəkar Osmanlı ordusunun hərbi marşı “Mehtər” musiqisinin təsiri ilə əsərlər yaradıb. Bu da təsadüfi deyil. Belə ki, həmin vaxta qədər Osmanlı iki dəfə Vyananı mühasirəyə almışdı (1529 və 1683-c illər), 1787-1791-ci illərdə isə bu dövlət Avstriya ilə müharibə aparırdı.

Türk musiqisi orkestr ifasına uyğunlaşdırılanda  zərb alətlərindən, əsaən də baraban, zil və tarelkalardan daha çox istifadə olunur. Bu musiqi alətləri həm də “Mehtər” marşının ifası zamanı ən çox istifadə olunan alətlərdir. Həm Vyana əhalisinin Osmanlı imperiyası ilə yaxından tanışlığı, həm də bu dövlətin musiqisinin insanlara ekzotik təsir bağışlaması dövrün məşhur bəstəkarlarından da yan keçməyib. Belə ki, Volfqanq Amadey Mozart, Lüdviq van Bethoven, Frans Yozef Hayden kimi məşhur bəstəkarlar “Mehtər” marşının təsiri altında konserto, üvertura, sonata yaradıblar.



Mozart Turkish March

Avropalıların türk marşı ilə əsas tanışlığı 1699-cu ildə Osmanlı imperiyası ilə  İttifaq dövlətləri – Avstriya, Venesiya, Lehistan arasında imzalanan Karloviç müqaviləsindən sonra oldu. Bu müqaviləni qeyd etmək üçün Vyanaya yola düşən türk nümayəndə heyətini yeniçəri dəstəsi də müşayiət edirdi. Həmin yeniçərilər digər iştirakçılarla birlikdə bir neçə gün Avropada bu musiqini nümayiş etdirdilər. Türk musiqisinin Avropada təsiri o qədər böyük oldu ki, sonralar piano ustaları bu musiqi alətinə “turkish stop” adlanan yeni pedal əlavə etdilər. Bu pedal pianoda “Mehtər” marşındakı zərbə alətlərinin səsini almağa imkan yaradırdı.

Daha çox “Türk marşı” adı ilə tanınan əslində isə “Rondo Alla Turca” adlanan musiqi əsəri bəstəkar Volfqanq Amadey Mozartın 11-ci sonatasının sonuncu hissəsinə deyilir. 1783-cü ildə yazılan əsər Mozartın ən məşhur bəstələrindəndir. Bu, Mozartın türk musiqisinin təsiri ilə yazdığı yeganə əsəri deyil. Belə ki, 1782-ci ildə yazdığı “Saraydan qız qaçırmaq” (Die Entführung aus dem Serail) adlı operasının üverturasında da türk musiqisinin təsiri, xüsusən də “Mehtər” marşının təsiri var. Bəstəkarın digər türkmeyilli əsəri isə 1775-ci ildə yazılmış “Violin Concerto No. 5”-dir. “Türk konsertosu” kimi də adlanan əsərin 3-cü hissəsi Osmanlı musiqi stilində yazılıb.

Məlumat üçün onu da bildirək ki, digər bəstəkarlarla müqayisədə Mozartın “Türk marşı” dünyada və eləcə də Türkiyədə daha çox tanınır. Türk musiqiçilər, reperlər bu musiqiyə müxtəlif improvizələr edir. Buna misal olaraq repçi Cəzanın həmin musiqi üzərində oxuduğu repi və türkiyəli bəstəkar Fazıl Sayın ifasını misal çəkmək olar.



Fazıl Sayın ifası



Cəzanın həmin musiqidə oxuduğu rap

Lüdviq van Bethovenin 1811-ci ildə yazdığı “Afina xarabalıqları” (“Ruins of Athens”) adlı operasının hissələrindən biri “Türk marşı” (“Turkish march”) adlanır. Bethoven də digər həmkarları kimi türk musiqisinin təsirində olub. Bəstəkarın bu operanı yazmağının səbəblərindən biri kimi həm də Yunanıstanın çox uzun müddət Osmanlı imperiyasının müstəmləkəsi olmağı göstərilir.  Bundan başqa, Bethovenin 1824-cü ildə qələmə aldığı məşhur 9-cu simfoniyasının da final hissəsində türk musiqisinin təsiri var.



 Bethoven Turkish March

Türk musiqisinin təsiri ilə əsər yaradan daha bir avstriyalı bəstəkar Frans Yozef Haydendir. Haydenin 1775-ci ildə yazdığı “Gözlənilməz rastlaşma” (L’incontro improvviso) operasının üverturası türk musiqisindən ibarətdir. 1794-cü ildə yazdığı “Hərbi” simfoniya da türk hərbi marşının təsiri altında yazılmış əsər hesab olunur. Onu da qeyd edək ki, Haydenin türk ordusu ilə birbaşa bağlantısı da var. Belə ki, 1683-cü ildə Osmanlı ordusu Haynburqa hücum edəndə onun babasının babası da burada yaşayırdı. Şəhər əhalisinin çoxundan fərqli olaraq bəstəkarın ulu babası hücumdan xilas olub.



Frans Yozef Hayden L’incontro improvviso


Ana səhifəXəbərlərMozart ”Türk Marşı”nı niyə yazdı? – cavab veririk #13