Moskvada partlayan erməni bombaları

Qadının çantası izləri Yerevana apardı

Foto: Meydan Tv


Qadının çantası izləri Yerevana apardı

1970-ci illər beynəlxalq terrorizmin tüğyan etdiyi dövr idi. Tez-tez partlayışlar, təyyarə qaçırmaları, girov götürmələr barədə xəbərlər yayılırdı. Bu hadisələr Yaxın Şərqdə də baş verə bilərdi, Qərbi Avropada da, Latın Amerikasında da, Şimali Amerikada da. Amma bəzi ölkələr vardı ki, onların əhalisi terror aktlarını yalnız televizorda görürdülər.

Xüsusi xidmət orqanlarının total nəzarətində olan, xarici ölkələrlə gediş-gəlişin məhdud olduğu SSRİ belə ölkələrdən biri idi. Amma 1977-ci ilin ilk günlərində bu təhlükəsizlik təsəvvürü alt-üst edildi. Yanvarın 8-də ölkənin paytaxtı Moskvada 37 dəqiqə ərzində üç partlayış baş verdi.

Birinci partlayış saat 17.33-də oldu. Metronun “İzmaylovskaya” stansiyasından “Pervomayskaya” stansiyasına hərəkət edən qatarın üçüncü vaqonunda baş verən partlayış zamanı 7 nəfər həlak oldu, onlarla adam yaralandı. Hadisənin metro xəttinin yerüstü hissəsində baş verməsi qurbanların sayını azaltdı. Çünki partlayış dalğası çölə çıxdı. Qatar tuneldə ikən tələfat daha çox olardı.

İkinci bomba saat 18.05-də Dövlət Təhlükəsizlik Komitəsi (KQB) binasının yaxınlığında, o zaman Dzerjinskinin adını daşıyan, indiki Bolşaya Lyubyanka küçəsində yerləşən mağazada partladı. Amma bomba uğursuz yerləşdirilmişdimi (vitrin soyuducusunun altında), yoxsa mağazada adam az idi, burada yalnız yüngül yaralananlar oldu.

Daha beş dəqiqə sonra isə üçüncü bomba 25 Oktyabr (indiki Nikolskaya) küçəsində partladı. Burada bomba öz möhkəmliyilə seçilən çuqun zibilqabına yerləşdirilmişdi. Buna görə də onun bütün zərbə dalğası üzüyuxarı getdi və heç kimə zərər yetirmədi.

***

Baş verən hadisə sovet rəhbərliyində şok effekti yaratdı. İstirahət gününü (hadisə şənbə günü olmuşdu) adəti üzrə Zavidovo istirahət kompleksində ov etməklə keçirən Leonid Brejnev təcili Moskvaya qayıtdı. Terror aktlarını kimin törədə biləcəyi barədə ən müxtəlif ehtimallar irəli sürüldü. Hadisənin araşdırılması Dövlət Təhlükəsizlik Komitəsinə həvalə edildi.

DTK əməkdaşları ilk növbədə maksimum sayda əşyayi-dəlil toplamağa çalışdılar. Bunun üçün birinci və üçüncü partlayışın baş verdiyi ərazilərdə hətta qarı toplayaraq əridir və üzə çıxan əşyaları nəzərdən keçirirdilər. Nəticədə bəzi faktlar toplamaq mümkün oldu.

İlk növbədə saat əqrəbi tapıldı. Bu da bombanın saat mexanizmli olması barədə ehtimalları doğrultdu. Əqrəb "Slava" markalı stolüstü saata aid idi. Daha sonra aydın oldu ki, bombalar ev quşlarının bişirilməsi üçün nəzərdə tutulan, rusların "utyatnitsa" dedikləri mətbəx qabında yerləşdirilib. Həmin qabın xırda detalları həm partlayış yerlərindən tapıldı, həm də ölənlərin və yaralananların bədənlərindən çıxarıldı.

SSRİ-də demək olar ki, hər şey dövlət tərəfindən istehsal olunurdu və daşınırdı. Bu da cinayət işlərinin araşdırılması zamanı əlavə üstünlük yaradırdı. İstintaqçılar tezliklə müəyyən etdilər ki, partlayışlar zamanı istifadə olunan "utyatnitsa" eksperimental olaraq məhdud sayda Xarkovda istehsal olunub və Ukraynadan əlavə Cənubi Qafqaz respublikalarında satılıb.

Amma terrorçuların istifadə etdikləri çantaların harada tikildiyini aydınlaşdırmaq bir müddət mümkün olmadı. Partlayışa baxmayaraq, onun rəngini, formasını müəyyənləşdimək olmuşdu. Bununla belə, istehsal olunduğu şəhər, müəssisə məlum deyildi. Bir gün isə Daşkənd hava limanında KQB əməkdaşı bir qadının əlindəki çantaya diqqət yetirdi. Terrorçuların istifadə etdiyi çantaya çox bənzəyən bu çantanın Yerevanda tikildiyi aydınlaşdı. O da məlum oldu ki, çantalar rəsmi dövlət müəssisəsində deyil, qeyri-qanuni fəaliyyət göstərən və sahibləri "sexovik" adlandırılan müəssisədə tikilib. Məhz bu səbəbdən istehsal yerini müəyyənləşdirmək mümkün olmurmuş.

Beləliklə, istintaqın əsas diqqəti Yerevana yönəldi. Amma hüquq-mühafizə orqanları daha artığına nail ola bilmədilər. Cinayətkarları yaxalamaq üçün onların növbəti terror aktına cəhd göstərmələri lazım gəldi.

***

Oktyabrın 30-da Moskvanın Kursk dəmiryolu vağzalında sahibsiz çanta aşkar edildi və milisə xəbər verildi. Baxış zamanı çantanın içində saat mexanizmli bomba yerləşdirildiyi məlum oldu. Mülki şəxslər dərhal təxliyə edildilər. Bundan sonra milis kapitanı Kuraşin həyatını təhlükəyə ataraq çantanı adamsız yerə, stansiya ölüxanasına apardı. Xoşbəxtlikdən bu dəfə istifadə olunan batareya qüvvəsini itirdiyindən bomba partlamadı.

Çantada bombadan əlavə göy idman kostyumunun gödəkçəsi və papaq tapıldı. Papağın içində bir neçə qara tük aşkar edildi. Təcili şəkildə Cənubi Qafqaz, xüsusən Yerevan istiqamətində gedən qatarlarda göy idman şalvarında, gödəkçəsiz şəxslərə diqqət yetirmək tapşırığı göndərildi.

Gürcüstan-Ermənistan sərhədində (o zaman bu sərhədlər simvolik xarakter daşıyırdı) Moskva-Yerevan qatarında keçirilən reyd zamanı üçüncü vaqonda yatan bir gəncdə heç bir sənəd aşkar olunmadı. Onun üstünə örtdüyü adyalı ayaq tərəfindən ehtiyatla qaldıran milis nəfəri gəncin göy idman şalvarında olduğunu gördü. Şübhə doğuran daha bir məqam o idi ki, Moskvadan qayıdan gəncin heç bir yükü yox idi. Bu, olduqca qeyri-adi hal idi. Çünki Moskvadan gələnlər adətən ya hədiyyə, ya da qazanc məqsədilə mütləq nələrsə alıb gətirirdilər.

Şübhəli şəxsin 1949-cu il təvəllüdlü Akop Stepanyan olduğu və Moskvadan tək deyil, 1954-cü il təvəllüdlü Zaven Baqdasaryanla birlikdə qayıtdığı aydınlaşdı. Hər iki sərnişin saxlanılaraq Yerevana gətirildilər. Tezliklə onların evlərində axtarış aparıldı və bomba düzəldilməsində istifadə edilən məmulatlar aşkarlandı. Saxlanılanlar çox dirənmədən terror aktlarının təhrikçisi kimi Stepan Zatikyanın adını çəkdilər.

Zatikyan sovet hüquq-mühafizə orqanlarına çoxdan tanış idi. O, antisovet və millətçi mövqedə dayanaraq, Ermənistanın SSRİ-nin tərkibndən çıxmasının tərəfdarı idi. Bu məqsədlə hətta Ermənistan Vahid Milli Birlik partiyasını da yaratmışdı. 1968-ci ildə antisovet fəaliyyətdə günahlandırılaraq sonrakı 4 ilini həbsdə keçirmişdi.

Dindirilmələrdən bir ildən çox çəkdi və yalnız 1979-cu ilin ilk ayında məhkəmə prosesi keçirildi. Yanvarın 24-də məhkəmə hər üç müttəhimi güllələnməyə məhkum etdi. Yanvarın 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti müttəhimlərin bağışlanmaları barədə müraciətlərini rədd etdi və onlar elə həmin gün güllələndilər. Stalin dövründən fərqli olaraq 1970-ci illərdə məhkumların məhkəmə hökmündən sonra belə tezliklə güllələnməsi çox nadir praktika idi.

***

Hələ həmin dövrdə bəzi dissidentlər Stepan Zatikyanın günahsız olması fikrini müdafiə edirdilər. Bu yöndə akademik Saxarov xüsusilə fərqlənirdi. O, partlayışlar baş verərkən Zatikyanın Moskvada olmamasını əsas arqument kimi səsləndirirdi. Amma zatən istintaq da onun icraçı deyil, təhrikçi olduğunu iddia edirdi.

Həmin hadisələrin guya sovet dissidentlərinə divan tutmaq üçün KQB tərəfindən törədilməsi versiyası də ağlabatan deyil. Ən azı ona görə ki, sonrakı dövrdə dissidentlərə münasibətdə xüsusi sərtləşmə müşahidə olunmadı.

Ana səhifəXəbərlərMoskvada partlayan erməni bombaları