18 rayonun bələdiyyə deputatları bəyanat imzalayıb
Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.
Bəyanatı Sankt-Peterburq bələdiyyəsinin “Semenovski”nin müavini Kseniya Torstrem “Twitter”də yayıb.
“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiyanın Prezidenti vəzifəsindən istefasını tələb edirik!”, – deyə bəyanatda deyilir.
Bundan əvvəl Moskvanın “Lomonosovski” Bələdiyyə dairəsinin Deputatlar Şurası Rusiya Prezidentinin istefasını tələb etmişdi. Həmçinin Sankt-Peterburqun Smolninskoye Bələdiyyəsinin deputatları da Rusiya Dövlət Dumasına müraciət ünvanlayıblar.
Deputatlar Vladimir Putinin Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırılması və ona “dövlətə xəyanət” ittihamının irəli sürülməsini tələb ediblər.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.