Monopoliyanın yerinə gələn ”qanunlar”

Gömrükdə tətbiq olunan yeni qaydalar mağazaları sürətlə boşaldır

Source:


Gömrükdə tətbiq olunan yeni qaydalar mağazaları sürətlə boşaldır

“Əvvəl Türkiyənin İnegöl bölgəsindən aylıq 4-5 tır müxtəlif mebel sifariş edirdik, indi isə fevral ayı üçün bir dənə də olsun sifarişimiz olmayıb. Anbarlarımız malla doludur”.

Bunu Bakıdakı mebel mağazalarından birinin rəhbəri Asif Zeynalov deyir. Oun sözlərinə görə, bu il vəziyyətin düzəlməsi gözlənilmir: “Bu ilə 1-2 TIR sifariş versək, böyük iş olar”.

İnegöl Türkiyənin ən çox mebel istehsal olunan bölgəsidir. Rusiya ilə münasibətlərin korlanması, Azərbaycan və digər neft -qaz ixrac edən ölkələrdəki devalvasiya Türkiyə iqtisadiyyatına da zərbə vurub. Artıq bu bölgəyə mal almaq üçün gedən azərbaycanlıların sayının azaldığı deyilir.

Türkiyənin mebel istehsalçıları da Azərbaycandakı vəziyyətdən gileylənirlər. Belə ki, Meydan TV-nin Türkiyədəki əməkdaşı İstanbulda yerləşən Avropanın ən böyük mebel satışı mərkəzi olan MASKO-da sorğu aparıb. Sorğuya əsasən, istehsalçılar Azərbaycana satışların ən az 50 faiz azaldığını qeyd edirlər.

“Əvvəllər azərbaycanlı ailələr gəlib burdan mebel alırdılar, amma 2015- ci ilin əvvəlidən vəziyyət dəşiyib. Sifarişlərin sayı çox azalıb. Hətta bir daimi müştərimiz sizdəki devalvasiyaya görə 100 kuba yaxın malın behini versə də, hələ təhvil almayıb.”- deyə yerli istehsalçılardan biri bildirib.

Statistikaya görə, Türkiyənin mebel ixracatında Azərbaycan son 10 ildə hər zaman 2-ci, 3-cü sıralarda olub. Digər yerləri isə ərəb ölkələri və Almaniya tutub.

Eyni durum tekstil, hazır geyim, tikinti məhsulları və bir çox başqa sahələrdə də hiss olunur.

Asif Zeynalov deyir ki, yaranmış vəziyyətin daha da dərinləşməsinə səbəb həm də gömrükdə baş verən dəyişikliklərdir. Belə ki, son dəyişikliklərə görə, Azərbaycana idxal ediləcək malların üzərinə 18 faizə qədər vergi rüsumu gəlib.

İxracatla məşğul olan logistika şirkətinin nümayəndəsi isə bildirir ki, bu rüsum əvvəllər də olub: “Sadəcə şirkətlər malların qiymətlərini aşağı salırdılar və bu səbəbdən də ödədikləri vergi az olurdu. Məsələn, 10 kq toyuq ətinin əsl idxal qiyməti 10 dollar idisə, saxta sənədlər hazırlanaraq bu rəqəmi 2-3 dollar edirdilər. İndi isə hər şey dəqiq olaraq hesablanmağa başladı. Bu da ixrac edilən malların azalmasına səbəb oldu”.

Adının açıqlanmasını istəməyən logist deyir ki, əvvəl bununla bağlı aşağı qiymətlə sənədlər hazırlayıblar, ancaq indi edə bilmirlər: “Yaxud istehsalçı bu saxta sənədləri hazır edirdi, indi bunu edə bilmirlər. Bu səbəbdən də balaca şirkətlər çox ziyan çəkdi. Çünki artıq az miqdarda malları kargo ilə yollamaq mümkün olmadı. Əslində hökumətiniz vergi güzəştləri tətbiq etsə, o zaman qiymətlər düşər, satışlar da artar”.

Bu dəyişiklik dönəmində Türkiyədən mal alan bir çox iş adamının da yükü gömrükdə qalır. Adının çəkilməsini istəməyən bir iş adamı bildirir ki, ötən ilin sonundan Azərbaycana gətirmək istədiyi mal gömrükdə qalıb: “Artıq malın dalınca getmək istəmirəm. Bezmişəm. Deyirəm, götürün, mal sizin olsun. Bizim vəziyyətdə olan yüzlərlə iş adamı var. İşlər belə getsə Türkiyədən heç nə idxal edə bilməyəcəyik”.

Gömrük əməkdaşlarından biri isə Meydan TV-yə bildirib ki, ötən ilin dekabrından 2016 –cı il yanvarın sonuna qədər Azərbaycana bir çox malın gətirilməsi qadağan edilmişdi: “Bu dönəmdə yeni qaydalar hazırlanırdı. Bu da ölkədə ciddi bahalaşmaya səbəb oldu”.

İş adamı Asif Zeynalov isə deyir ki, Sədərək, Binə kimi ticarət mərkəzlərinin bağlanmasında da bu amillər əsas rol oynayır: “Azərbaycandakı ticarət mərkəzləri yüzlərlə insanın iş yeri kimi tanınırdı. Hətta qonşu ölkələrdən belə bura gəlib mal alan olurdu. Bu ticarət mərkəzlərindəki kiçik sexlərdə də geyim, ayaqqabı və digər məhsullar istehsal edirdi. Bu mərkəzlərin bağlanmasına səbəb təkcə neft qiymətinin yaratdığı böhran deyil, həm də yeni gömrük qanunlarıdır. Çünki əvvəllər kiçik iş adamları Türkiyəyə gedib mal alır, sonra kargo şirkətləri həmin malları avtobusla və ya TIR-larla gətirirdilər. Düzdür, bu zaman qanunsuzluq baş verirdi. Mallar üçün cüzi rusum alınır, bir hissəsinə görə isə kubmetr və ya kiloya uyğun rüşvət alırdırlar. İndi bunlar ləğv olundu və bütün mallara görə müəyyən olunmuş rüsumlar tələb olunur. Bu da malların maya dəyərinin yüksəlməsinə səbəb oldu. Bir çox iş adamı artıq xaricdən mal gətirmədiyindən ticarət mərkəzləri və marketlərdə malların qıtlığı müşahidə olunmağa başlandı. Bu prossesin nə zaman sonlanacağı isə bilinmir”.

İş adamları onu da deyirlər ki, bu dəyişikliklər barədə dəqiq məlumatların verilməməsi də monopoliyanın artmasına səbəb olur. Yəni əslində elə də çox şey dəyişməyib. Böyük oyunçular qazanıb, kiçik oyunçular isə sıradan çıxıb və ya çıxarılıb.

Ümumilikdə həm Azərbaycandakı ekspertlər, həm də Türkiyədəki ishtehsalçılar bu məsələdə hökumətin güzəşt etməsinin vacib olduğunu vurğulayırlar. Onların fikrincə, güzəştlər olmasa, piştaxtaların boşalması sürətlənəcək.

Ana səhifəXəbərlərMonopoliyanın yerinə gələn ”qanunlar”