Ziya Hüseynzadə: “Sübutlarım var, istintaqa verəcəyəm”
2017-ci ildə Azərbaycan gözəli seçilmiş, 27 yaşlı model Razi (əsl adı Raziyyat) Əliyeva münasibətdə olduğu Ziya Hüseynzadə adlı vətəndaşdan Daxili İşlər Nazirliyinə şikayət edib.
Model şəxsi “İnstagram”ının “history”sində üz-gözü göyərmiş fotosunu və sevgilisi ilə yazışmalarının “screen shot”larını paylaşıb.
Model yazıb ki, sevgilisindən ayrılmaq qərarına gəldiyi üçün qarşı tərəfin fiziki təzyiqlərinə məruz qalıb.
“Demək olar, bir il idi ki, mənə əzab verirdi. Tanımadığım nömrədən telefonuma gələn mesaja görə məni sutkalarla döyürdü. Gedirdi, mesajı yazanla görüşürdü, məsələni aydınlaşdırandan sonra gəlib, mənə barışmaq üçün yalvarırdı. Məni evdə bağlayırdı ki, ondan qaçmayım. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi. Sonra da hərəkətsiz düşən bədənimi hamama sürüyüb qanı yuyurdu. Mən isə ondan qaça bilmirdim. Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək”, – deyə model qeyd edib.
O əlavə edib ki, Ziya Hüseynzadə evli olsa da, onunla münasibətə son qoymaq istəməyib:
“O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib, təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.
Modelin paylaşdığı “screen shot”larda Ziya Hüseynzadə ona hədə-qorxu gəlib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Razi Əliyevaya təzyiq göstərən vətəndaşın kimliyi məlum olub.
Hazırda işlə əlaqədar araşdırmalar davam etdirilir.
İş adamı Ziya Hüseynzadə də məsələ ilə bağlı açıqlama verib.
O, haqqında deyilənləri “İnstagram” vasitəsilə təkzib edib:
“Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pul tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir. Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yayındırır. İstəyir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətliliyinə əminəm”.
Ziya Hüseynzadənin söz açdığı videoların elə onun tərəfindən yayıldığı, təzyiq altında modelin dilindən səsləndirildiyi bildirilir. Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yaydığı məlumata görə, onun DİN-ə müraciətindən sonra sosial şəbəkələrdən həmin videolar silinib.
Razi Əliyeva Azərbaycanda ən bahalı model hesab edilir.
Onun qonorarı 3 min manatdan 12 min manat arasında dəyişir.