Mirzoyan Almatı görüşündən gözləntilərini açıqlayıb

Mənbə: Reuters

“Ermənistanın niyyəti məhdudiyyət olmadan yolları və ticari marşrutları açmaqdır”

Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturu və ticari marşrutların məhdudiyyətsiz açılması məsələsinin tənzimlənməsini müzakirə etmək niyyətində olduğunu deyir.

Bu barədə bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.

Mirzoyan Macarıstan XİN rəhbəri Peter Siyyarto ilə birgə mətbuat konfransında deyib ki, Yerevan nəqliyyat infrastrukturunu azad etmək niyyətindədir:

“Biz nəqliyyat infrastrukturunu azad etmək istərdik. Hələlik ortaq razılaşma yoxdur, lakin belə bir razılaşma olsa, Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticari marşrutları açmaqdır”.

Ermənistan mediası yazır ki, Yerevan Azərbaycanla uzun illər davam edən münaqişəyə son qoymaq, eyni zamanda, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımağa yönəlmiş konstruktiv danışıqları davam etdirməyə hazırdır.

Bir müddət öncə Mirzoyan bildirmişdi ki, Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı konsensusa yaxındır.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan rəsmi Yerevan və Bakı arasında danışıqların mayın 10-da Almatıda baş tutacağını açıqlayıb.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanat imzalanıb.

Sənəddə Azərbaycanla Ermənistan arasında nəqliyyat və kommunikasiya xətlərinin açıqlaması da əksini tapıb.

2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətMirzoyan Almatı görüşündən gözləntilərini açıqlayıb