Miryusif Mahmudov: Məqsəd məni tutmaqdır

Vəkil: ”Müvəkkilimin istintaqdakı ifadəsi sübutlar siyahısından çıxarılmalıdır”

Source:


Vəkil: ”Müvəkkilimin istintaqdakı ifadəsi sübutlar siyahısından çıxarılmalıdır”

Noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi peosesdə cinayət işində olan sənədlərin tədqiqi mərhələsi başlayıb. Hadisə yerinə olan baxış barədə sənəd elan olunub. Baş prokurorun müavini Rüstəm Usubov, Bakı şəhər prokuroru Əziz Seyidov, prokurorluğun əməkdaşları və ekspertlər hadisə yerinə baxışda iştirak ediblər. Baxış zamanı tərtib olunan aktda binada baş verən yanğının səbəbləri qeyd olunub.

Hakim həmçinin cinayət işində olan binanın təmiri, sahəsi barədə olan sənədləri, mənzillərin yanması, dəymiş ziyanla bağlı tərtib olunan aktları elan edib.

İşdə olan sənədələrdən məlum olub ki, binanın qəsdən yandırılması ilə bağlı naməlum əşya tapılmayıb.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, hadisə yerinə baxış keçirilməsi ilə bağlı tərtib olunan protokol sübut kimi qəbul edilə bilməz: “Səbəb ondan ibarətdir ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun rəhbərliyi ilə baxış keçirilib. Amma sənəddən məlum olur ki, aktı prokurorluğun digər əməkdaşı Mehdi Mirzəyev imzalayıb. Bu da qanunsuzdur. Çünki hadisə yerinə baxış edən şəxs protokulu tərtib etməli və imzalamalıdır. Həmçinin həmin vaxt Eldar Əhmədov Miryusif Mahmudovun həbsi ilə bağlı sanksiya verib. Bir şəxsin iki yerdə olması da mümkün deyil”.

İlhamə Həsənova deyib ki, baxış protokolunda meytlərin çıxarılması, harada olması qeyd olunmayıb: “Hadisə zamanı 15 nəfər vəfat edib, amma istintaq deyir ki, 16 nəfər vəfat edib. Meyitlərin haradan tapılması protokolda qeyd olunmayıb. Bu da ciddi qanun pozuntusudur. Çünki demək olar ki, həmin hadisə zamanı vəfat edən olmayıb. Hadisə yerinə baxış zamanı Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanılıb. Həmin vaxt hal şahidləri ona təqdim olunmayıb. Belə olan halda demək olar ki, həmin hal şahidləri Miryusif Mahmudovla düşmənçiliyi var. Bundan başqa, protokolda kamera çəkilişləri var. Amma həmin çəkiliş ortalıqda yoxdur. Bəlkə həmin çəkilişdə hadisəni törədən şübhəli şəxs çəkilişə düşüb. Həmin çəkiliş məhkəmədə araşdırılsın. Çəkiliş yoxdursa, Eldar Əhmədov məhkəməyə gəlsin, qanun pozuntusu araşdırılsın”.

foto Meydan TV
foto Meydan TV

Hakim deyib ki, vəsatətə sonda münasibət bildiriləcək.

Sonra hakim təhlükəsizlik kamerasından götürülən video çəkilişlə bağlı sənədi elan edib. Vəkil İlhamə Həsənova həmin çəkilişə baxılmasını təklif edib. Amma hakim deyib ki, həmin çəkilişə baxılmasına zərurət yoxdur.

Həmçinin “Qlobal Stone” MMC-nin binasına baxış keçirilməsi barədə sənəd elan edilib. Miryusif Mahmudov həmin sənədə etiraz edib. Bildirib ki, həmin binanın “Qlobal Stone” MMC-yə adiyyatı yoxdur. Onun sözlərinə görə, bina MİS-ə aiddir: “Mən danışmaq istəmirəm. Amma içim yanır. Hadisə yerinə baxışdan əvvəl məni şübhəli şəxs qismində saxlayıblar. Bu, mənə qərəzli hərəkətdir. Mənim öz ifadəmi dəyişiblər. Məqsəd məni tutmaqdır. Mən xalq düşməniyəm?

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Ramazan Səfərov hadisə baş verən günü məni Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə gətirdi. Həmin vaxt ora sürücümü də çağırdım. Ağlım kəsməzdi ki, həmin vaxt məni həbs edələr. Qapıda dayanan mənim və Ramazan Səfərovun telefonunu istədi. Ramazan adlı şəxs sənəd göstərdi, bildirdi ki, MTN əməkdaşıdır. O, telefonunu vermədi və birlikdə içəri keçdik. Məni müstəntiq Sənan Paşayevin xidməti otağına apardılar. Saat 6-dan orada oturdum, mənə “səndən ifadə alıram” sözünü demədi. Həmin vaxt çoxlu sakitləşdirici qəbul etmişdim, rahat idim. Bir sözlə, dindirildiyimi bilməmişəm. Deməyiblər ki, şahid və yaxud şübhəli şəxssən. Bütün bunlar mayın 19-da baş verib. Mayın 21-də təqsirləndirilən şəxs kimi göstərilmişəm. İfadəmdə dəyişiklik olub, faktiki rəhbərlik sözü əlavə olunub. Mayın 22-də Kürdəxanıya gətirildim. Həmin gündən Sənan Paşayevi görmədim, mənim yanıma gəlmədi. Avqust ayında onu gördüm. Ona dedim ki, ifadəmi al, mənə təzyiq ediblər, hədə-qorxu gəliblər. 10 ay ifadəmi almayıblar, heç kimlə üzləşdirməyiblər. Nizamini burada görmüşəm. Bu, necə istintaq aparmaq idi?”

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyini bildirib. Qeyd edib ki, Miryusif Mahmudovun istintaqa verilən ifadəsi sübutlar siyahısından çıxarılmalıdır.

Hakim vəsatəti baxılmamış saxlayıb.

Proses noyabrın 24-də davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Ana səhifəXəbərlərMiryusif Mahmudov: Məqsəd məni tutmaqdır