Ölkə başçısının səfəri körpünün bağlanmasına səbəb olub
Fevralın 24-də prezident İlham Əliyev Mingəçevir şəhərinə səfər edib. Bu məqsədlə Mingəçevir şəhərini iki hissəyə ayıran Kür çayının üzərindəki körpü bağlanıb, əhalinin şəhərə girişi yasaqlanıb.
Bu barədə Meydan TV-yə Mingəçevirdə yaşayan, adının açıqlanmasını istəməyən ictimai fəal məlumat verib. Onun sözlərinə görə, körpünün ətrafına yığışan insanlara bildirilib ki, prezident gəlib-getdikdən sonra hərəkət bərpa olunacaq. “Şəhərə buraxılmayanlar arasında xəstəsi olan da var. Ancaq yolu nə vaxt açacaqlarını demirlər. Deyirlər, yarım saata da açıla bilər, gec də” – deyə ictimai fəal qeyd edib.
Mingəçevir şəhər İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, hazırda şəhər rəhbərliyi məşğul olduğundan sualları cavablandıracaq məsul şəxs yoxdur.