Mingəçevirdə bina sakinlərinin səsini eşidən yoxdu

“Sanki özümüzü öz evimizdə yox, çöldə yaşayırıq kimi hiss edirik”

Source:


“Sanki özümüzü öz evimizdə yox, çöldə yaşayırıq kimi hiss edirik”

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi 1 ünvanda yaşayan sakinlər binalarının bərbad vəziyyətdə olmasından gileylidirlər. Binanın bir qrup sakininin Meydan TV-yə ünvanladığı məktubda deyilir ki, yaşadıqları bina 1980-ci ildə tikilib. O vaxtdan indiyədək təmir işləri aparılmadığından binanın dam örtüyü dağılaraq yararsız vəziyyətə düşüb. Nəticədə yağan yağış, qar birbaşa mənzillərə tökülür.  Şikayət məktubunda deyilir: “Payız fəsli olduğu üçün yağışlar intensivləşib və evlərimiz əvvəlkindən daha da bərbad vəziyyətə düşüb. Elə vəziyyət gəlib çatıb ki, biz bina sakinləri göz görə-görə ölürük. Hər dəfə yağış yağanda  ev əşyalarımız suya qərq olur. Sanki özümüzü öz evimizdə yox, çöldə yaşayırıq kimi hiss edirik. Lazımı orqanlara müraciət etməyimizə baxmayaraq, heç kəs bizə köməklik etmək istəmir”.

Məktub 13 sakin adından göndərilib. Meydan TV məktubda göstərilən telefon nömrəsi vasitəsilə sakinlərlə əlaqə saxlayıb, vəziyyətlə tanış olub. Sakinlər deyir ki, problemləri ilə bağlı Mingəçevir Şəhər İcra hakimiyyəti, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə müraciət ediblər. Lakin şikayətlərinə baxan olmayıb.

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsindən Meydan TV-yə vəziyyətlə tanış olduqlarını, lakin binanı təmir etmək üçün maddi vəsaitin çatışmadığını  bildiriblər. Mingəçevir şəhər İcra Hakimiyyəti isə Meydan TV-yə bu haqda danışmaq istəməyib.  Yalnız onu deyiblər ki, ehtiyac olduğu təqdirdə bütün binalar təkrar təmir olunacaq.

Şah İsmayıl Xətai küçəsi 1 ünvandakı binanın təmirə ehtiyacı var. Qalır bu ehtiyacı şəhər rəhbərliyinin də hiss etməsi.

Ana səhifəXəbərlərMingəçevirdə bina sakinlərinin səsini eşidən yoxdu