Milli Şuranın mitinqinə icazə verildi

Mitinq 11 sentyabr, saat 17.00-da, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq

Source:
Foto: Azadlıq Radiosu
Foto: Azadlıq Radiosu



Mitinq 11 sentyabr, saat 17.00-da, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqə razılıq verib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı öz “Facebook” səhifəsində məlumat paylaşıb.

O bildirib ki, aksiyanın yeri ilə də bağlı hər hansı fikir ayrılığı yoxdur:

“Nəhayət, mitinqimiz Bakı meriyası ilə razılaşdırıldı.

Milli Şuranın mitinqi 11 sentyabr, saat 17.00-da, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq.

Dostlar, hakimiyyət mitinqə razılığı maksimum ləngitdi ki, mitinq hazırlığına mane olsun. İndi mitinqə iki günümüz qalıb. Ölkədə hakimiyyətə iradı, sualı, etirazı olan hər bir şəxsi mitinqə dəvət edirik”.

Milli Şura sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir. Mitinq “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçiriləcək.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd Respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.


Sentyabrın 9-da NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti Milli Şuranın mitinqinə qoşulmaq haqda qərar verib.


Müsavat Partiyasının Divanı sentyabrın 5-də bildirib ki, partiya tərəfdaşlarının 11 sentyabr mitinqində iştirakını məqsədəuyğun hesab edir.

Ana səhifəXəbərlərMilli Şuranın mitinqinə icazə verildi