Qənirə Paşayevanın vəfatı etməsi nəticəsində say 9-a çatdı
Milli Məclisin mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfat etməsi nəticəsində parlamentdə boş qalan deputat yerlərinin sayı 9-a çatıb.
Ondan əvvəl, iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev vəfat etmişdi.
2022-ci ildə Şahin Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi nəticəsində onun deputat mandatına xitam verildi.
Deputat Eldəniz Səlimov həbs edildikdən sonra deputat mandatından məhrum edildi. Çünki Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.
2020-ci ildə isə Milli Məclisin hesablayıcı komissiyasının sədri Fəttah Heydərov vəfat edəndən sonra 116 saylı Qəbələ seçki dairəsində təkrar seçki keçirilməyib.
2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı Mərkəzi Seçki Komissiyası baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv etmişdi.
Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.