“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinədir”
İyunun 5-də “Turan İA”-nin İTAR-TASS-a istinadən Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Dövlət Dumasının rəhbəri Sergey Narışkinlə görüşdə səsləndirdiyi fikirlər mediada birmənalı qarşılanmadı. Milli Məclisin mətbuat xidməti iyunun 6-da məlumatı təkzib edən bəyanatla çıxış edib.
Bəyanatda bildirilir ki, Rusiya Dövlət Dumasının dəvəti əsasında Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Milli Məclis sədrinin ölkənin Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilib: “Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da, Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır” (mediaforum).