Milli Məclis ”Dağlıq Qarabağ tarixi”ni yazanları axtarır

Dərsliklərdə reklam yerləşdirilməsi qadağan olunur

Source:


Dərsliklərdə reklam yerləşdirilməsi qadağan olunur

Milli Məclisin dekabrın 30-da keçirilən iclasında bir sıra qanuna dəyişiklik və əlavə olunub.

Meydan TV-nin məlumatına görə, parlament “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edib. Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Büdcə sistemi haqqında” qanunun 6.6-cı maddəsinin ləğv edilməsi təklif edilir.

Layihəyə əsasən, Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından maliyyələşən layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə onların maliyyələşməsi növbəti ildə davam etdirilməyəcək.

Ləğv edilməsi təklif olunan maddə belədir: Bu qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarından maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.

Qeyd olunan qanunun 6.2 maddəsində bildirilir ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5%-dən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. 6.3 maddəsində isə deyilir ki, Azərbaycan prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2%-dən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Azərbaycan prezidentin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Bundan başqa, “Büdcə sistemi haqqında” qanunun 19-cu (Dövlət büdcəsinin kassa icrası) maddəsinin 5-ci bəndinin dəyişdirilməsi təklif edilir.

Layihəyə əsasən, ilin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və zərurət yarandığı təqdirdə növbəti ilin dövlət büdcəsi xərclərinin 1/12 hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir. Habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür. Başqa sözlə desək, dövlət büdcəsinin xəzinə hesablarının qalıqları yalnız zərurət yarandığı halda əmək haqqı, əmək haqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, hər il üçün dövlət büdcəsi haqqında qanuna uyğun olaraq müdafiə olunması zəruri sayılan digər maddələr üzrə xərclərə yönəldiləcək.

Ziyad Səmədzadə

Bəndin hazırda qüvvədə olan variantı belədir:

“İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülür”.



Vergi Məcəlləsinə daha bir dəyişiklik edildi

Milli Məclisdə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Məcəllənin 221.4.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, vəkalətnamə (etibarnamə) və icarə müqaviləsi ilə yanaşı, digər əşya hüquqlarına dair müqavilə əsasında istifadə edilən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirildikdə sadələşdirilmiş verginin ödənilməsinə nəqliyyat vasitəsini vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyırlar. Bütün digər hallarda sadələşdirilmiş verginin ödənilməsinə avtomobil nəqliyyatı vasitəsinin sahibi məsuliyyət daşıyır.



“Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?”

“Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib ki, orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağın tarixi ayrı-ayrı kitablarla tədris olunur. O buna etiraz edib və araşdırılmasını istəyib:

“Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil? Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib. Deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.

Siyavuş Novruzov

Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib.

Siyavuş Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitunun direktoru, deputat Yaqub Mahmudov cavab verərək bildirib ki, bir tarix var, o da – Azərbaycan tarixidir:

“Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.

Milli Məclis sədri Oqtay Əsədov isə həmin kitabları yazanların kim olmasını araşdırlması barədə Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyliyə tapşırıq verib.



Yetkinlik yaşına çatmayanlar üçün məktəb ləvazimatlarında reklam qadağan olundu

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, “Təhsil haqqında” Qanunun 11.4-cü maddəsi “dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz” formasında yeni redaksiyada verilir.

Yaqub Mahmudov

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tərdis materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilməsi qadağan olunur.

Qanunun 11.5-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bənd əlavə edilib. Əlavəyə əsasən, Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.

Qəbul edilmiş layihəyə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində – qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü – qaçqın vəsiqəsi veriləcək.

Ana səhifəXəbərlərMilli Məclis ”Dağlıq Qarabağ tarixi”ni yazanları axtarır