”İnanmıram hansısa partiya məqsədli şəkildə təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Şuranın martın 10-a təyin etdiyi mitinqinə münasibətini
açıqlayıb
.
Komissiya sədri deyib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır:
“Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur”.
MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır və o, inanmır ki, hansısa partiya məqsədli şəkildə təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun.
Bir gün öncə, martın 6-da BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də Milli Məclisin iclasında oxşar fikirləri səsləndirərək
bildirib
ki, Milli Şuranın martın 10-da keçirmək istədiyi mitinq Seçki Məcəlləsinə ziddir.
“Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb. Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”.
Milli Şura sədri Cəmil Həsənli “Toplum tv”-yə
xatırladıb
ki, onlar 2017-ci ilin payızında da mitinqlər keçirib:
“10 mart mitinqinin yalnız bir epizodu seçki ilə bağlıdı, qalan epizodları siyasi məhbuslar və digər məsələlərə aiddi. Biz kiminsə namizədliyini təbliğ etmirik”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, keçiriləcək mitinqdə təbliğat aparılmayacaq:
“Təyin olunan mitinq Konstitusiyanın 49-cu maddəsinə və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna uyğun olaraq ölkədə baş verən proseslərə qiymət verməsi üçün təyin olunan mitinq idi. Bu mitinqin seçki təbliğatı ilə heç bir əlaqəsi yoxdur”.
Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Meydan TV-yə deyib ki, MSK özü artıq seçkiöncəsi təşviqata başlayıb. Paytaxtda və başqa şəhərlərdəki təbliğat plakatları göstərir ki, MSK üzərinə düşməyən işi görür. Söhbət əhalinin seçkilərə çağrılmasından gedir. MSK-nin seçki qanunvericiliyi ilə müəyyən olunan öhdəlikləri sırasında seçkidə seçicilərin təmin olunması, seçkilərə çağırış kimi hallar yoxdur. Amma bunlara rəğmən MSK plakatlar nəşr edib yayır. İkinci, müxalif partiyaların seçki ilə bağlı nəzərdə tutduğu aksiya heç də seçkiöncəsi hansısa namizədin təbliğatı deyil. Əgər siyasi qüvvələr seçkinin 17 oktyabrda deyil, 11 apreldə keçirilməsini qeyri-legitim sayırlarsa, nəinki 10 martda, 5 fevral sərəncamı verilən gün də aksiyalar keçirə bilərdilər.
“Ümumiyyətlə, Seçki Məcəlləsində belə bir müddəa yoxdur ki, siyasi partiya seçkidə iştirak etmədiyi halda onun hər hansı təbliğat təddbirinə qadağa qoyulsun. MSK üzvləri seçki qanunvericiliyinin tələblərini hamıdan yaxşı bilməlidirlər. Əgər sədr və üzvlər məcəlləni bir neçə dəfə oxusalar, orda elə bir müddəanın olmadığını görərlər. Onların söylədikləri yalnız hakimiyyətin mövqeyinə cavab verməkdən başqa bir şey deyil. Mövcud hakimiyyət istəyir ki, 11 apreldə seçkilər sakit keçirilsin, heç bir etiraz olmasın. İndiyə qədər aksiyalara törədilən maneələri bu dəfə MSK səviyyəsində həyata keçirmək istəyirlər. Komissiya hazırda bu prosesdə yardımçı funksiyası daşıyır”,-deyə Anar Məmmədli fikrini tamamlayıb.