Qüdrət Həsənquliyev: ”Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”

”Biz monarxiyanın ətrafında fırlanıb onun süfrəsinin qırıntılarından qidalananları narahat edəcəyik”

Qüdrət Həsənquliyev. Foto: arxiv
Qüdrət Həsənquliyev foto google.az
Qüdrət Həsənquliyev foto google.az


”Biz monarxiyanın ətrafında fırlanıb onun süfrəsinin qırıntılarından qidalananları narahat edəcəyik”

“Seçki Məcəlləsinə görə, seçkilətin lehinə və ya əleyhinə istər təbliğat, istərsə də əks-təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir. Bəs Milli Şura adlanan quruma niyə belə hüquq tanınır?”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında belə deyib.

O bildirib ki, Milli Şuranın martın 10-da keçirmək istədiyi mitinq Seçki Məcəlləsinə ziddir. “Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb. Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”.

Deputat müxalifət liderlərinin ünvanına kəskin ifadələr də səsləndirib:

“Birdən kimsə düşünə bilər ki, mənim hansısa narahatlığım var. Qətiyyən yoxdur, sadəcə qanunlara hörmət lazımdır. Kimsə düşünürsə ki, Əli Kərimli kimi bəduğur, savadsız, ağılsız qərarları və davranışları ilə tərəfdarlarına yalnız məhrumiyyətlər yaşatmış, xalq hərəkatını və demokratiyanı gözdən salmış, iki gün öncə Milli Şura adından bəyanat verərək əxlaqsız söyüş söyənləri tənqidçi adlandıran, özü də həmin əxlaqın daşıyıcısı olan bu ünsürün çağırışına savadlı və yetkin insanlar ciddi yanaşacaq, böyük səhvə yol verir”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunmasını alqışlayır, amma qanunla təbliğat kampaniyasına seçkilərə 20 gün qalmış – martın 19-dan başlayaraq icazə verilir:

“Həmin tarixdən sonra istəsələr lap gündə mitinq keçirsinlər, hər gün seçkinin əleyhinə kampaniya aparsınlar”.

Deputat sonda əlavə edib ki, hazırda mitinqə icazə verilməsi seçki qanunvericiliyinin kobud surətdə pozulmasıdır. O, bununla bağlı Milli Məclis adından Bakı Şəhər İcra Hakimiyyətindən izahat tələb edilməsinin vacibliyini vurğulayıb:

“İzahat tələb etməliyik ki, niyə seçki qanunvericiliyinin bu formada pozulmasına şərait yaradır?”.

AXCP sədri Əli Kərimli Meydan TV-yə deyib ki, Milli Məclis uzun müddətdir normal parlament kimi fəaliyyət göstərmir. Yalnız Prezident Administrasiyasından gələn tapşırıqları yerinə yetirirlər. Ona görə heç bir etinada malik olmadığından orada söylənilənlər hər hansı ciddi ictimai müzakirə doğurmur.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli bildirib ki, onlar seçki kampaniyasında iştirak etmirlər və seçki qanunvericiliyinə uyğun olaraq təşviqat, əks-təşviqat işləri də aparmırlar:

“Biz Azərbaycan Konstitusiyana və “Sərbəst toplaşmaq haqqında” qanuna istinad edərək korrupsioner hakimiyyətlə dinc mübarizə aparırıq. Əslində, bu aksiyaları qapalı meydanda yox, ölkə boyu keçirməliyik. Azərbaycan hakimiyyəti elə buna görə qınağa məruz qalır ki, qanunun gerçəkləşməsini bir yerlə məhdudlaşdırır və yalnız “Məhsul” stadionunda aksiyaların keçirilməsinə imkan var. Biz də həmin məkandan istifadə edib korrupsiyaya, monarxiyaya yox deyəcəyik. Bizim monarxiyaya, korrupsiyaya yox deməyimiz də, onlardan qidalananları narahat edəcək. Yaxud monarxiyanın ətrafında fırlanıb onun süfrəsinin qırıntılarından qidalananları narahat edəcəyik. Bizim vəzifəmiz onları narahat etməkdir, deməli, qismən də olsa vəzifəmizi yerinə yetirmişik”.

Mill Şura martın 10-da Müsava Partiyası ilə birgə mitinq keçirmək üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib.

2013-cü ilin iyun ayında yaradılmış Milli Şuraya quruma tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli də yer alır.

2013-cü ilin oktyabrında 3-cü dəfə 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Həmin vaxt edilən digər bir dəyişikliklər prezidentin səlahiyyət müddətn 5 ildən 7 ilə artırılıb.

Ana səhifəXəbərlərQüdrət Həsənquliyev: ”Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”