Məzahir Pənahov: Bütün istiqamətlərdə İlham Əliyevin reytinqi yüksəkdir

Arif Hacılı: ”Məzahir Pənahov açıqlaması Azərbaycanda normal seçki sisteminin olmadığını təsdiqləyir”

Source:
Məzahir Pənahov
Məzahir Pənahov


Arif Hacılı: ”Məzahir Pənahov açıqlaması Azərbaycanda normal seçki sisteminin olmadığını təsdiqləyir”

“Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi həyati əhəmiyyət kəsb edir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov avqustun 18-də Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, prezident İlham Əliyev xalqın maraqlarından çıxış edərək, ümumxalq səsverməsinin keçirilməsinə təşəbbüs göstərib: “Ölkədə sabitlik bizdə arxayınlıq yaratmamalıdır. Ölkədə inkişaf var, əhali yaşayış tərzini dəyişib. Azərbaycan, artıq inkişaf etmiş ölkələrlə müqayisə olunur. Elə sahələr var ki, Azərbaycan dünya ölkələrindən xeyli irəli gedib. Əlbəttə, ideal nəsə yoxdur, çatışmazlıqlar ola bilər. Bütövlükdə, Azərbaycanda bütün sahələrdə inkişaf var. Bütün istiqamətlərdə Prezident İlham Əliyevin reytinqi yüksəkdir. Amma biz bundan arxayın olmamalıyıq. Bilirsiz ki, hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər. Biz buna şərait yaratmamalıyıq, kiçik çatışmazlıqları belə aradan qaldırmalıyıq. Biz aşağı seçki komissiyalarını maarifləndirdikcə çatışmazlıqlar aradan qalxır”.

M.Pənahovun sözlərinə görə, Azərbaycan dünyaya nümunə olacaq seçki keçirir: “Seçki komissiyaları üçün hər bir şərait yaradılıb. Bunu xüsusi qiymətləndirməliyik”.

M. Pənahovun açıqlamasını Meydan TV-yə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesində arbitr rolunu oynamalıdır: ” Ancaq Azərbaycanda MSK, dairə və məntəqə seçki komissiyaları faktiki olaraq icra hakimiyyətinin strukturu kimi fəaliyyət göstərir”.

A.Hacılı qeyd edib ki, M. Pənahov formal olaraq arbitr rolunda qalmalı olduğu halda hakimiyyətin dəstəkçisi kimi çıxış edir.

“MSK öz işiylə məşğul olmaq əvəzinə siyasi təbliğat kampaniyasına qoşulub, halbuki, 70-dən artıq rayonda imza toplayan müsavatçılara qarşı təzyiqlər var, icra hakimiyyətləri hətta bəzən imza verən şəxslərə də təzyiq edirlər. Bu barədə MSK-ya dəfələrlə şifahi və yazılı müraciətlərimizə baxmayaraq, MSK hər hansı tədbir görməyib. Yəni öz vəzifəsini yerinə yetirmir, əvəzində hakimiyyətin təbliğat işinə girişib. Bu mənada Məzahir Pənahovun  bu açıqlaması  Azərbaycanda normal seçki sisteminin olmadığını təsdiqləyir. Hazırda seçki komissiyalarında iddiaçı tərəflər təmsil olunmur, ona görə onlara hansı şəraitin yaranması barədə əhatəli məlumatımız yoxdur”,- deyə Arif Hacılı bildirib.

Arif Hacılı

Müsavat başqanı ölkədə vəziyyətin mürəkkəb olduğunu söyləyərək əlavə edib ki, əslində, cəmiyyətdə görünən sabitlik nisbi xarakter daşıyır.

“Azərbaycan cəmiyyəti hakimiyyətin sistemli təzyiq siyasəti nəticəsində böhran vəziyyətindədir. Ancaq cəmiyyətdə hakimiyyətin davranışlarından narazılıq hüdudsuzdur və müəyyən şərait yarananda cəmiyyət bu etirazını çox ciddi büruzə verəcək. Görünür, hakimiyyətdəkilər cəmiyyətdəki vəziyyəti digərlərindən daha yaxşı bildikləri üçün narahatdırlar”,- deyə A.Hacılı fikrini tamamlayıb.

Ana səhifəXəbərlərMəzahir Pənahov: Bütün istiqamətlərdə İlham Əliyevin reytinqi yüksəkdir