Meyxanaçının qardaşı: “Dedi ki, Rəşadla təcili görüşməliyəm, yoxsa sonra gec olacaq…”

Rəşad Dağlı. Foto: “e-huquq.az”

Şahidlərin dindirilməsi mərhələsi başlayıb

Həbsdə olan meyxanaçı, “Rəşad Dağlı” ləqəbiylə tanınan Rəşad Əmirovun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Mayın 19-da hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə keçirilən məhkəmə iclasında meyxanaçının qardaşı Ağamalı Əmirov şahid kimi ifadə verib.

Ağamalı Əmirov deyir ki, Rəşad Dağlının qardaşı olmaqla yanaşı, həm də onun meneceri idi. Qətlə yetirilən İsgəndər Mehdiyevi şəxsən tanımadığını deyən şahidin sözlərinə görə, onun meyxanaçı Ələkbər Yasamallının qohumu olduğunu bilib.

Meyxanaçının qardaşı bildirib ki, İsgəndər Mehdiyev ona zəng edib, Rəşadla görüşmək istədiyini deyib:

“Dedi ki, Rəşadla vacib görüşməliyəm. Rəşada dedim, cavab verdi ki, fikir vermə. Ondan sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl yenə zəng elədi, cavab vermədim. Mesaj yazdı ki, “Rəşadla təcili görüşməliyəm, yoxsa sonra gec olacaq”. Mən də bu barədə Rəşada məlumat verdim”.

Ağamalı Əmirovun sözlərinə görə, hadisə günü gecə saat 4 radələrində qardaşı ona zəng eləyib, küçəyə çağıraraq gödəkçəsini istəyib:

Rəşad nazik geyinmişdi. Mən evə çıxıb gödəkçəni gətirənə qədər Rəşad çıxıb getmişdi. Nə qədər zəng elədim, telefona cavab vermədi. Təxminən bir saat sonra Rəşad zəng eləyib dedi ki, məni polisə təslim elə. Rəşad şok vəziyyətində idi. Daha mən də detallarını soruşmadım ki, necə olub. Çünki soruşdum, dedi ki, bilmirəm, bir də baxdım, qan içindədir”.

Cinayət işinin materiallarında göstərilib ki, Rəşad Dağlı bıçağı həmin axşam gecə mağazadan alıb. Həmin mağazanın sahibi Yaşar Abdullayev də məhkəmədə dindirilib.

Rəşad Dağlının məhkəməsindən. Foto: Meydan TV

“Rəşad bizim müştərimiz olub. Hadisə günü gecə saat 1 olardı, Rəşad gəlib bizim mağazaya. Mən mağazada olmamışam. Bizdə şiş də, manqal da satılır. Adi bıçaq olub. O bıçaqdan hər yerdə satılır”, – Yaşar Abdullayev bildirib.

Məhkəmədə dindirilən daha bir şahid mərhum İsgəndər Mehdiyevin qohumu Azər Quliyev olub. İsgəndər Mehdiyev onun telefonundan Rəşad Dağlıya zəng edibmiş.

Hadisədən təxminən 15 gün, 1 ay əvvəl olardı. İsgəndər məndən soruşdu ki, konturun var? Telefonu verdim. Rəşadı yığdı, cavab vermədi. Mənə dedi ki ona mesaj yazım. Mesaj yazdım, Rəşad dərhal zəng vurdu. İsgəndər Rəşada dedi ki, təcili görüşməliyik. Rəşad soruşdu ki, niyə görüşək? Dedi ki, telefon söhbəti deyil. Ondan sonrakı proseslərdən xəbərim yoxdu…”, – Azər Quliyev bildirib.

Şahid istintaqa ifadəsində deyib ki, o, bıçaq oynatmağı bacarırdı.
Məhkəmədə isə deyib ki, evində suvenir bıçaqları vardı. Amma üstündə bıçaq gəzdirib-gəzdirmədiyini bilmir.

Məhkəmə prosesi iyunun 9-da davam edəcək.

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad Dağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və və 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, saxlama, gəzdirmə) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rəşad Dağlı özünü qismən təqsirli bildiyini deyib.

Cinayət işinin materiallarında iddia olunur ki, İsgəndər Mehdiyev meyxanaçı haqqında təhqir xarakterli ifadələr səsləndirib, bunun dayandırılması üçün ondan 3000 manat pul tələb edib. İttihama əsasən, Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb. Noyabrın 8-dən 9-na keçən gecə İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu öz maşınıyla götürüb. Onlar birlikdə gediblər. Hadisə də Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə, avtomobilin içində baş verib.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum İsgəndər Mehdiyevin qardaşı Etibar Mehdiyev dindirilərkən deyib ki, şikayətçi deyil.

Ana səhifəSosialMeyxanaçının qardaşı: “Dedi ki, Rəşadla təcili görüşməliyəm, yoxsa sonra gec olacaq…”