Orduda insan haqlarının durumu ilə bağlı monitorinqə başlanılır
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda insan haqlarının durumu ilə bağlı monitorinqə başlayır.
Bu barədə qurumun İnformasiya departamentindən məlumat verilib.
Məlumatda bildirilir ki, monitorinqin hədəfində bir sıra məsələlər durur:
– Təhlükəsizlik və Müdafiə sektorunda xidmət edən və çalışan hərbi qulluqçuların və mülki şəxslərin sosial rifahı problemləri (məvacib, mənzil, sığorta və s.);
– Silahlı Qüvvələrin cəmiyyət və parlament qarşısında hesabatlılıq problemi, hərbi vəsaitlərin xərclənməsindəki şəffaflıq durumu;
– Hərbi hissələrdə cinayətlər və bu istiqamətdə aparılan istintaq və təhqiqatın durumu;
– Təhlükəsizlik və müdafiə sektorunda döyüş və qeyri-döyüş itkiləri, səbəblər və onların aradan qaldırılması yolları;
– Hərbçilərin karyera imkanları və bu istiqamətdə perspektivlər;
– Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə çağırışın durumu;
– Orduda korrupsiya və rüşvətxorluğa qarşı görülən tədbirlərin vəziyyəti;
Verilən məlumata görə, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də NATO ilə imzaladığı sənədlərdə insan haqlarının durumu ilə bağlı əksini tapmış müddəalar da diqqət mərkəzində olacaq. NATO ordularında insan haqları ilə bağlı durum araşdırılacaq və Azərbaycandakı durumla bağlı qarşılıqlı müqayisələr aparaılacaq.
Monitorinqin gedişi zamanı çoxsaylı təhlillər, şərhlər gözlənilir. Azərbaycanın, Avropanın və Amerikanın hərbi-siyasi ekspertlərindən mövzu ilə bağlı müzakirələr, şərhlər götürüləcək. Eyni zamanda Azərbaycanın güc strukturlarına sorğu göndəriləcək və onların cavabları da işıqlandırılacaq.
Bundan başqa aylıq onlayn xəbər bülltenlərinin yayımlanması planlaşdırılır. Video müsahibələrin xüsusi yaradılacaq bloqda və Youtube səhifəsində yerləşdirilməsi planlaşdırlır.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun təhlilçisi Cəsur Sümərinli Meydan TV-yə bildirdi ki, baxmayaraq ki, Azərbaycanda müdafiə və təhlükəsizlik sektoruna 4 milyard dollardan artıq vəsait ayrılıb, Silahlı Qüvvələrdə və eyni zamanda digər hərbi birləşmələrdə insan haqları ilə bağlı ciddi problemlər özünü göstərir. Bunlar xüsusilə də məvaciblərin, ümumilikdə, sosial təminatın azlığında və əsgər ölümlərinin çoxluğunda özünü göstərir. Onun sözlərinə görə, monitorinqin sonunda Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Durumuna dair yekun hesabat hazırlanacaq ki, bu da ordudakı prolemlərin həllində Azərbaycanın güc strukturlarına yardımçı vəsait ola bilər.
C.Sümərinli deyib ki, monitorinq zamanı hədəf kimi qoyulan məsələlərlə və ya ümumilikdə, hər hansı fikir, təklif, rəy və iradı olanlardan
caspiandefense@gmail.com
ünvanına yazmaları xahiş olunur.