İkinci Qarabağ Müharibəsi zamanı atılan mərmi Bərdə sakini Vahid Əliyevin də evini zədələyib. Oğlunun evi isə yararsız hala düşüb. Özünün dediyinə görə, oğlunun evi dövlət tərəfindən yenidən tikiləcək. Həyat yoldaşı ilə birlikdə yaşadığı evinə isə kimsənin diqqət ayırmadığını deyir.
Vahid Əliyevin sözlərinə görə, qış aylarında zədələnmiş evdə yaşamaq çox çətindir:
“Mərminin təsirindən evin divarları tərpənib, divarında əyilmə yaranıb. Yağış yağanda evin damında olan qırıqlardan su damır”.
Vahid Əliyev hələ də evinin təmir olunacağına və ya hər hansı köməklik göstəriləcəyinə ümidlidir.
Bərdə Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zərər görmüş bütün evlərə baxış keçirilib və zərərin aradan qaldırılması istiqamətində iş aparılır.