”Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına böyük əngəl yaradır”
“İl ərzində Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini artıracaq. Hətta, bunun ikirəqəmli həddə çatdırılması istisna edilmir”.
İqtisadçı ekspert Samir Əliyev “facebook” səhifəsində Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasına dair verdiyi qərarı şərh edib.
Martın 4-də Mərkəzi Bank uçot dərəcəsini 7 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddini 17 faiz səviyyəsində müəyyən edib.
S.Əliyevə görə, uçot dərəcəsinin 5 illik fasilədən sonra ilk artım ehtimalı nə qədər gözlənilən olubsa, növbəti artım üçün ehtimal da bir o qədər yüksək olub.
Qərarın səbəbinə gəlincə, iqtisadçı hesab edir ki, məqsəd son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliliyini artırmaqdır: “Ölkədə il ərzində iki dəfə devalvasiya baş verib və manat dəyərini iki dəfə itirib. İdxaldan asılı olan Azərbaycan üçün dolların bahalaşması yüksək inflyasiya vəd edir. Hətta, son aylar alıcılıq qabiliyyətinin itməsi fonunda bir sıra qeyri-ərzaq mallarının ucuzlaşması da inflyasiyanın qarşısını almaq gücündə deyil. Mərkəzi Bank yaxın bir ildə pul kütləsini azaltmaq hesabına, hökumət isə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən istifadə etməklə qiymətləri tənzimləməyə çalışır”.
S.Əliyev Mərkəzi Bankın və hökumətin bu metodlarının səmərəsinin uzunmüddətli olmayacağı qənaətindədir: “Pul kütləsinin qısa müddətdə iki dəfəyədək azaldılması iqtisadiyyat üçün arzuolunmaz nəticələrə gətirib çıxardır. Hazırda pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə həmin vaxtdan bəri xeyli böyüyüb. Pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı, hökumətin qeyri-neft sektorunun inkişafı kimi hədəfə çatmasına böyük əngəl yaradır. Pul kütləsinin məhdudlaşdırılması həm bank sektoru, həm də ümumilikdə iqtisadiyyat üçün çətinliklər yaradır. Məhz buna görə də, Mərkəzi Bank gec də olsa əlindəki digər alətləri istifadə etməyə başlayıb. Bu baxımdan, uçot dərəcəsinin artırılması davam etdiriləcək. Ehtimal etmək olar ki, Mərkəzi Bank iqtisadi aktivliyi artırmaq və manat kreditlərinə əlçatanlığı təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir və buna görə də inflyasiyanı cilovlamaq üçün digər alətlərdən istifadə edir”.
Hüquqşünas Əkrəm Həsənov isə yazıb ki, o, Mərkəzi Bankın belə bir qərar verəcəyi haqqında hələ fevralın 15-də proqnoz verib. Hüquqşünas hesab edir ki, dövriyyədə manat qıtlığı olduğundan, milli valyutanın məzənnəsi bir qədər artıb: “Hamı əlində olan manatı dollara çevirib! İqtisadiyyatımız iflic vəziyyətə doğru gedir. Bu qıtlığı necə aradan qaldırmaq olar? Banklara manat kreditləri verməklə! Lakin Mərkəzi Bank vermir. Niyə? Qorxur ki, verdiyi manatı da dollara çevirməyə başlayacaqlar və olan qalan valyuta ehtiyatları da əlindən çıxacaq. Buna görə də, uçot dərəcəsini qaldırır ki, manat kreditləri bahalaşsın və manatı dollara dəyişmək istəyi azalsın. Lakin, təbii, bu məqsəd üçün 5 faiz də çox aşağı dərəcədir. Banklar Mərkəzi Bankdan krediti həqiqətən 5 faizlə götürəcəksə (yəni “şapka” söhbəti olmayacaqsa)”.
Ə.Həsənov hesab edir ki, Mərkəzi Bank yaxın vaxtlarda uçot dərəcəsini yenə də artacaq.