”Almaniya Rusiyaya yox deyə bilməz”
Qaz və neft təhcizatında Almaniya Rusiyaya yox deyə bilməz. Bunu cümə günü Almaniyanın kansleri
Angela Merkel
Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.
“Hətta soyuq müharibə zamanı Avropa və Rusiya, o zaman SSRİ, enerji məsələlərində sıx əlaqələrə malik idilər. Biz (Almaniya) qaz və neft təhcizatında Rusiyaya yox deyə bilmərik”, Merkel deyib.
O, əlavə edib ki, Azərbaycan əlbəttə ki, qaz ala biləcəkləri ölkədir.
“Amma açığı desək, Rusiyadan aldığımız qiymətə burdan biz qaz ala bilmərik. Avropa üçün Rusiyadan qaz almaq daha ucuz başa gəlir, nəinki digər ölkələrdən”, Merkel deyib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə deyib ki, Almaniyanın ümumiyyətlə fiziki baxımdan Azərbaycandan qaz almaq fikri heç zaman olmayıb. Çünki kommersiya baxımından bu Berlinə sərfəli deyildi:
“Qaz elə bir şeydir ki, məsafə artdıqca, söhbət boru nəqliyyatından gedir, onun maya dəyəri xeyli yüksəlir. Təbii ki, Almaniyaya Şimal dənizi və Rusiyadan qaz idxalı daha sərfəlidir”.
Ancaq İlham Şaban düşünmür ki, bununla qaz söhbəti qapandı. O qeyd edib ki, Angela Merkel təkcə Almaniyanın rəhbəri deyil, Avropa Birliyinin lokomotivi və siyasətinə təsir edəcək bir dövlətin rəhbəridir.
“Onun bəyanatları bir an içərisində ölkələrin iqtisadiyyatlarına təsir etmək iqtidarındadır. Ona görə də Angela Merkel Bakıda Ümumi Avropanın Enerji Təhlükəsizliyi və kontekstdə Cənub Qaz Dəhlizinin oynayacağı rol və təbii ki, Azərbaycanın qaz resurslarının Avropanın bir sıra ölkələrinin enerji bazarının 8-50% diversifikasiya etməsindəki roluna toxunacaq:
Onun fikrincə, Azərbaycanda bir çoxlarına elə gəlir ki, rəsmi Bakı qazla bağlı siyasətini sadəcə şişirdir və arqumentlərini belə əsaslandırırlar ki, Azərbaycan 2020-ci ildən sonra Avropaya 10 mlrd m3 qaz verəcək.
“Həmin vaxt Avropada qaz istehlakı 550 mlrd m3-dan çox ola bilər, 2017-də bu göstərici 536 mlrd m3 olub. Bizim Avropa bazarında payımız isə 1,8% olacaq.
“Əsla bu prizmadan yanaşmaq doğru deyil. Çünki Azərbaycan qazının Avropa bazarına ilkin çıxması ilə təkcə iki dövlətin – Bolqarıstan və Yunanıstanın qaz istehlakında payı 35 və 33 faiz təşkil edəcək. İtaliyada bu göstərici 8 faizə qədər yüksələ bilər”.
İ.Şaban qeyd edib ki, Bolqarıstan hazırda 100% Rusiya qazından asılıdır.
“Sonrakı mərhələdə Albaniya, Xorvatiya, Monteneqro və Serbiya kimi ölkələrə ixracda bu pay 50%-ə qədər arta biləcək. İndi alternativ mənbədən və alternativ marşrut hesabına gələn enerji hesabına nə qədər Avropa ölkəsi özlərinin enerji təhlükəsizliyi dərəcəsini xeyli yüksəltmiş olacaqlar. Deməli, Azərbaycanın qaz əhəmiyyəti əslində həcmdə deyil, oynadığı roldadır”.
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Onun Bakıya səfəri avqustun 25-dən başlayır.