“Məntiqli” sorğu

Deməli, işğal adamın dədə-baba torpaqlarını da əlindən alıb, illərdir qazancından məhrum olub, indi ümidini dövlətin səxavətinə bağlayıb: torpaq verəcək, ya yox…

Mənbə: Meydan TV


“Kəndimizdə işləyən müəllimlər, həkimlər, tibb bacıları öz kəndimizdən (rayonumuzdan) olacaq, yoxsa başqa bölgələrdən dəvət olunacaq?”

ADA Universiteti qaçqınlar (onlara məcburi köçkün də deyirlər) arasında bu gündən sorğu keçirməyə başlayıb. “Qarabağa qayıdışın effektiv təşkili üçün məcburi köçkünlər arasında sorğu” adı verdikləri bu sənəd onlayn formasındadır. Ancaq belə bir neçə sosioloji sorğuların keçiriləcəyi də bildirilir yayılan xəbərdə. Sorğunun girişində belə bir cümlə də var: “Bu sorğunun nəticələri Bərpa və Qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Ona görə də cavablarınız çox mühümdür. Əminik ki, hövsələli və səmimi olacaqsınız”.

Xalqa illərlə yalan danışanlar, 1993-cü ildən bəri hər bayramda “gələn ili öz doğma torpaqlarınızda bayram edəcəksiniz” deyənlər indi qaçqınları səmimi olmağa çağırır. Belə çıxır ki, dövlət başçılarıyla həmin görüşlərdə qaçqınların ağlaya-ağlaya, yana-yana öz torpaqlarını istəməsini hakimiyyətdəkilər heç vaxt səmimi qəbul etməyib. 44 günlük savaş günlərində də atılan tvit-lər, teleçıxışlar da, görünür, səmimiyyətdən uzaq olub. Hər alınan kəndə, şəhərə görə müzəffər ali baş komandan həmin yerin qaçqın sakinlərini təbrik edib, bundan ruhlanan AzTV-lərsə hər gün qaçqın evlərindən reportajlar hazırlayıb. Həmin reportajlarda istisnasız olaraq bütün qaçqınlar (baxmayaraq ki, onların çoxu xüsusi seçilmiş, hakimiyyəti dəstəkləyənlər olub) yenə göz yaşı içində torpaq həsrətindən danışıb, o yerlərə ayaqyalın, başaçıq getmək istədiklərini deyib. Efirə verilsə də, deməli, onların səmimiyyətinə kimsə inanmayıb, qoyub gəldiyi, qapısını bağlayıb on illərlə evinin açarını saxladığı qaçqınların da…

Dövlət başçısı hər çıxışında “əziz cəbrayıllılar, əziz füzulililər, əziz zəngilanlılar, əziz ağdamlılar, əziz şuşalılar və s. deyib, onları yurd-yuvalarının işğaldan azad edilməsi münasibətilə təbrik edib. Kapitulyasiyadan danışılıb, inamlı qələbə eyforiyası hələ də davam edir. Baxmayaraq ki, məğlublar uduzduqları ilk gündən sonra yenidən o torpaqlara qayıdıblar, qaliblərsə hələ də qanla aldıqları torpaqlara rus “sülhməramlıları”nın nəzarəti altında gedir. Çox təəssüf, Məğlublar üçünsə belə qadağa yoxdur, Dağlıq Qarabağdan olmayan ermənilər belə uduzduqları müharibə ərazisindəki yerlərə sərbəst gəlib-gedirlər. Üstəlik, rus “sülhməramlıları” onları gecə-gündüz mümkün olan bütün nəqliyyat vasitələriylə Qarabağa daşıyır, heç bir sorğu-filan keçirmədən…

img_6104.jpg
Məcburi köçkünlər arasında sorğu

Qaçqınlara 33 bəndin doldurulması təklif

olunur

. Maraqlı suallar var. Yeri gəlmişkən, sorğuda qaçqınlara hansı rayondan olmasıyla bağlı “Doğma yurdum” bəndində seçmək üçün rayonların siyahısı verilir. Həmin siyahıda nə Xankəndi, nə Əskəran, nə də Ağdərə var…

Aşağıdakı 18 suala qaçqınlar cavab verməlidir.

  1. Qarabağın azad olunması Sizi ən çox nəyə görə sevindirir?
  2. Tanıdığınız məcburi köçkünlərin neçə faizi öz doğma yurduna qayıtmaq istəyir?
  3. Qarabağa köçmək istəməyinizin səbəbi nədir?
  4. Qayıtdıqdan sonra birinci ziyarət edəcəyiniz yer hara olacaq?
  5. Hazırkı yaşayışınızdan razılığınızı 1-10 aralığında balla ifadə edin.
  6. Həyat məmnunluğunuzu azaldan əsas məsələlər nədir?
  7. Qarabağda sizinlə birlikdə neçə ailə üzvünüz məskunlaşacaq?
  8. Sizcə, aşağıdakı qərarların hansı verilməlidir?
  9. Doğma yurdunuza nə vaxt qayıtmaq (məskunlaşmaq) istərdiniz?
  10. Öz kəndinizdə (şəhərinizdə) yox, qonşuluqda yer təklif olunsa, ora köçərsinizmi?
  11. Necə evdə yaşamaq istərdiniz?
  12. Yaşayacağım evi:…
  13. Qayıtdıqdan sonra harada yaşamaq istərdiniz?
  14. Köç prosesi necə təşkil edilsə yaxşıdır?
  15. Qarabağa qayıtdıqdan sonra nə cür işdə işləmək istəyərdiniz?
  16. İqtisadiyyatın hansı sahəsində işləmək istəyərdiniz?
  17. Qarabağın bərpasında ixtisasınız üzrə işləmək istərdinizmi?
  18. Qayıtmazdan əvvəl dövlətdən hansı suallara cavab istəyirsiniz?
img_6105.jpg
Sorğu

Maraqlı olan bilirsinizmi nədir? Heç vaxt xalqın rəyini nəzərə almayanlar, təklifləri qulaqardına vuranlar indi birdən-birə xalqla hesablaşmaq görüntüsü yaradır. Bundan başqa, sorğudan və qoyulan cavablardan görünür ki, bəzi torpaqlarla bağlı rejimin öz planları var. Məsələn, “Qayıtdıqdan sonra harada yaşamaq istərdiniz” sualına “Fərqi yoxdur, təki Qarabağda olsun” cavabı da var.

“Yaşadığım evi” sualının cavablarından biri belədir: “Özüm tikdirəcəyəm, dövlətdən istədiyim ancaq torpaq sahəsidir”. Deməli, işğal adamın dədə-baba torpaqlarını da əlindən alıb, illərdir qazancından məhrum olub, indi ümidini dövlətin səxavətinə bağlayıb: torpaq verəcək, ya yox…

“Qayıtmazdan əvvəl dövlətdən hansı suallara cavab istəyirsiniz” sualı da var. Qaçqınlara hətta hökumətə sual vermək şansı verilir. Onların hökumətə suallarından biri belə ola bilər, sorğunu hazırlayanlar təklif edir: “Kəndimizdə işləyən müəllimlər, həkimlər, tibb bacıları öz kəndimizdən (rayonumuzdan) olacaq, yoxsa başqa bölgələrdən dəvət olunacaq?”

Bu sualın qaçqınları nə qədər maraqlandırdığına sorğunun nəticələri cavab verəcək, əlbəttə, onlar sorğuya cavab yazsa… Ancaq qaçqınları maraqlandırsa da, maraqlandırmasa da, icra başçıları məlum regiondan olacaq, şübhə etməyin…

Əziz qaçqınlar(məcburi köçkünlər), sorğuda aktiv olun…

Ana səhifəXəbərlər“Məntiqli” sorğu