”Mənimlə foto çəkdirmək istəyənlər çox olur…”


Son günlər Müsavat Partiyasının ətrafında müzakirələr səngimir. Partiyanın Mərkəzi İcra Aparatının mühacir biznesi ilə bağlı bəyanatından sonra isə vəziyyət daha da gərginləşib.  Meydan TV Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə baş verənləri müzakirə edib.



İsa bəy, Müsavat Partiyası ilə bağlı belə toplu halda və bu qədər konkret, sərt ittihamların arxasında nə dayanır? Niyə indi? Niyə bu qədər açıq? Niyə bu qədər kütləvi?

–  Müsavat Partiyasına qarşı hücumların üç əsas səbəbi var:

1) Əliyev rejimi Müsavatın prinsipial, ardıcıl və sistemli mövqeyini özü üçün potensial təhlükə mənbəyi hesab edir. Ona görə potensial sözünü işlədirəm ki, rejim indi fəal olmayan cəmiyyətin fəallaşması, hakimiyyətdən hesabat tələb etməsi perspektivindən ciddi şəkildə qorxur.

2) Əliyev hakimiyyətinin edə bilmədiyini və edə bilməyəcəyini  Müsavat Partiyası  8-ci qurultayında etdi. Cəmiyyətə gerçək demokratiya nümunələri: iki dəfədən artıq vəzifədə qalmamaq, azad və ədalətli seçki, müstəqil seçki komissiyası, şəffaflıq və s. təqdim edildi.  Etiraf etməsələr də, rejimin Müsavata qəzəbinin əsas səbəblərindən biri budur.

3) Rejim üçün, xüsusən hakim ailə üçün ən həssas mövzulardan biri olan Avropa oyunları məsələsində Müsavat Partiyasının aydın, ardıcıl və prinsipial mövqe təqdim etməsi, Avropa liderlərini oyunların açılış mərasimində iştirakdan imtina etməyə çağırması.

Müsavatdan başqa heç bir siyasi qüvvə, heç bir ictimai qurum bu məsələdə mövqe bildirməyib. Vətəndaş cəmiyyətindən də bu mövzuda yalnız Leyla Yunus mövqe təqdim etmişdi.

O ki qaldı hücumların kütləviliyinə, rejim kifayət qədər geniş və hərtərəfli resurslara malikdir. Rəsmi resurslardan əlavə hakimiyyət bir çox partiyanı, QHT-ni, media strukturlarını tam nəzarətində saxlayır və zəruri sayanda onları hərəkətə gətirir. Cəmiyyətdə Müsavata düşmən və ya rəqib kimi baxan ictimai-siyasi qurumların da olduğunu nəzərə alsaq, mənzərə tamamlanar.



Siz başqanlıqdan gedəndən sonra partiyadakı toplu istefalar və partiyadan çıxarılmalarla baglı nə düşünürsünüz? Özünüz o qərarlarda iştirak edirsinizmi? Müzakirələrə qoşulur və hansısa bir şəkildə, yumşaq desək, bu mübahisələrdə iştirak edirsinizmi?

– Qərarların qəbulunda iştirak etmirəm, ən azı ona görə ki, çıxarılma qərarlarını qəbul edən strukturların üzvü deyiləm.  Mən bu məsələlərlə bağlı 2014-cü ilin sonlarında partiyanın ümumrespublika müşavirəsində və məclisin sessiyasında çıxış etmişəm və mövqeyimi bidirmişəm. İstər partiya rəhbərliyi, istər sıravi silahdaşlarım fikrimi soruşanda, əlbəttə, cavab verirəm. Mümkün qərarların müsbət-mənfi cəhətləri barədə mülahizələrimi bildirirəm.



Sizcə, “mühacir biznesi” ittihamı məsələsi hansı məqsəd güdür?

– Ümumi məqsəd birinci sualınıza cavabımda göstərilib. Müsavatı nüfuzdan salmaqda maraqlı olan rejim və bəzi digər qüvvələrin əbəs cəhdləri ilə qarşı-qarşıyayıq.  Konkret səbəb isə saxta sənəd işbazlarının aldatdığı adamlardan biri- Elnur Mirzəyevin məsələsinin ictimailəşməsi ilə bağlıdır. Bu mövzuya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının 3 iyun 2015-ci il  bəyanatında kifayət qədər ətraflı şəklidə aydınlıq gətirilib.



İnsanları görüşünüzə gətirib,  sizinlə şəkil çəkdirib satmalarına inanırsınızmı?

– Sənəd alverinin Müsavat Partiyasına heç bir aidiyyəti ola bilməz. Bu cür cəfəng ittihamlara ciddi adamların inana biləcəyini güman etmirəm. Belə absurd ittihamlar Müsavata yapışmaz. Şəklə qalanda isə, mənimlə foto çəkdirməyi istəyənlər hər zaman çoxdur. Mənim də adətən etirazım olmur, çünki foto-şəkilləri də tarixin bir  hissəsi kimi qiymətləndirirəm.



Bu gün Müsavat Partiyasına qarşı ən sərt ittihamlarla çıxış edən indiki və ya keçmiş üzvlərinizlə bağlı nə hiss edirsiniz? Bir partiyada bu qədər narazının və ya arxa çevirənin olması normaldırmı? Bu üzüdönüklüyə səbəblər hansılar ola billər?

– Partiyada 8-ci qurultayın nəticələrindən narazı qalanlar oldu.  Demokratik və şəffaf bir seçki nəticəsində formalaşmış yeni rəhbərliyi qəbul etmək istəməyənlər oldu. Bu, onların seçimidir. Müsavat isə Azərbaycana demokratiya istədiyi üçün demokratiya nümunələrini təqdim etməyə də davam edəcək. Hətta müəyyən mərhələdə bu nümunələr partiyaya bəzi problemlər yaşatsa da, ümumi maraqları partiya maraqlarından üstün tutan Müsavat yoluna davam edəcək.



Ümumiyyətlə, özünüzü bütün bu baş verənlərin fonunda necə hiss edirsiniz? Bu emosional bir sualdır və mümkünsə məhz emosional cavab istəyərdim.

Bu mövzu əsasən bitmiş bir mövzudur. Mən Azərbaycanın və Müsavatın gələcəyini düşünürəm və bu yöndə çalışıram. Emosiyasız insan ola bilməz, mən də əxlaqsız mövqe göstərənlərə əsəbiləşə bilərəm, dost saydığım adamların qeyri-ciddi arqumentlərlə, bəzən bəhanələrlə dönüklük etdiklərindən təsirlənə bilərəm. Amma mən emosiyalarımı daxilimdə yaşamağa adət etmişəm. Emosiyalarım və təhlillərim əsasında yaranan fikirlərimi sizə və oxuculara bildirdim, yaşadıqlarım hisslər isə qoy mənə qalsın.

Ana səhifəVideo”Mənimlə foto çəkdirmək istəyənlər çox olur…”