Mənim vəkilim

İstəmədim, bunlar təkcə məndə qalsın…

Source:


Bu yazımı Elton bəyin əziz xatirəsinə həsr edirəm.

Mənin vəkilim Elton bəy!

Sözsüz bir gün hamımız bu dünyadan köçəcəyik. Kimimiz tez, kimimiz gec. Ancaq elə insanlar var ki, onların bu dünyadan köçmələri, bizi tərk etmələri daima içimizi yandırır. Bu il heyatımda çox sevdiyim insanları itirməklə yadda qaldı. İlk öncə Nərgizimi, sonra isə vəkilim Elton bəyi.

Bu yazımı Elton bəyə həsr etmək istəyirəm. O Elton bəyə ki, o mənim tək vəkilim yox, həm də mənim güc qaynağım olub. Elton bəyi tanimayan adam demək olar ki, həyatda çox şey itirib. O insanı təsvir etməyə bəzən sözlər yetərsiz qalır. Gərək, o insanı tanıyasan. Onunla bağlı o qədər xatirələrim var ki… İstəmirəm, o xatirələr tək məndə qalsın. Çünki mən özüm də nə qədər yaşayacağımı bilmirəm. O xatirələrin var olması, yaşaması üçün yazmağa qərar verdim. Hər şeyə başdan başlamaq istəyirəm.

2012-ci ilin yanılmıramsa sentyabr ayı idi. O zaman həbsdə idim. Elə Elton bəylə də ilk tanışlığımız həbsxanada oldu. O həbs həyatını mənimlə bərabər əsas iki vəkilim çəkmişdi. Eltob bəy və Adil bəy. Məhz o həbsim sayəsində mən bu gözəl insanları tanımaq şansım oldu. Az qala, həbs etdikləri üçün təşəkkür belə edəcəm.

Görüş otağında məni gözləyirdi. Özünü təqdim etdi; “Məm Eltonam. Sizin vəkiliniz Məni sizin işə Adil İsmayılov dəvət etdi. Bu arada üzrlü sayın, mən çox siqaret çəkirəm. Ümid edirəm, bu sizi narahat etməz?”.

Beləliklə, ilk tanışlığımız oldu. Bu ilk tanışlıq məndə o qədər müsbət təəssürat yaratmışdı ki, elə bir vəkilim olduğuna görə sevinirdim. Hər dəfə Elton bəy gələndə, üzüm gülürdü. Mənim yanıma isə həmişə əlidolu gələrdi. Ya kitab gətirərdi, ya meyvə gətirərdi, ya da çayla icmək üçün şirniyyat.

Yenə günlərdən görüş günü. Çöldə hava çox soyuq idi. Biz isə kamerada gürzə bişirirdik. Birdən dəmir qapını taqqıldadıb, dedilər: “Nigar, görüşə vəkilin gəlib”. Kimin gəldiyini bilmirdim. Ya Adil bəy olacaqdı, ya da Elton bəy. Bu iki vəkil mənim məhbəs heyatımın hədiyyəsi idi sanki. Gələndə gördüm ki, Elton bəydir. Mən də həmişə görüşə gələndə özümlə çayla içməyə konfet götürərdim. Elton bəylə çay içə-içə hal-əhval tutmağa başladıq. Nigar xanım, neyləyirsiniz? Mən də sualına cavab olaraq gürzə bişirdiyimizi dedim. “Bəh, bəh, bəh hayıf deyil, qadın kamerası. Belə havada adam lap orada olmaq istəyir” dedi.

Həbsdə olmaq gözəl olmasa da, o həbsxananı darıxdırıcı olmağa qoymayan vəkillərin olması çox gözəldir. Bizim Elton bəylə münasibətlərimiz həbsdən sonra da davam etdi. Ta ki, onun son günlərinədək. Məni həbsxanadan gətirən Adil bəy olsa da, ilk dəfə məntəqəyə imza üçün aparan Elton bəy olmuşdu. Həmin gün məni məntəqədə çox saxlamışdılar. Çölə çıxanda gördüm ki, Elton bəy mənə görə çox narahat olub. Məni yenidən həbs edəcəklərindən qorxmuşdu. Biz tez-tez görüşərdik. Mən, Adil bəy və Elton bəy. Keçmişdə olanlardan, mənim həbsxana həyatımdan, gülməli hadisələrdən danışardıq. Söhbət zamanı mövzuya dalardı və bəzən yanında qız olduğunu unudar və tez də əlavə edərdi. “Nigar xanım da bir kişi”.

O, həmişə gülərüzlü, pozitiv, ətrafa sevinc bəxş edən, canıyanan biri idi. Artıq məhkəmələrim başlamışdı. Həbsdə olan insanlar yaxşı bilər. Məhkəmə zalına gəlməmişdən öncə məhbusları “boks” deyilən yerdə saxlayırlar. Vəkillərim məhkəmə binasına gələn kimi ilk mənim yanıma gələrdilər və məni o soyuq otaqda tək qoymazdılar. Bir dəfə bərk xəstələnmişdim. Həmin gün də məhkəməm var idi. “Boks”da məhkəmə vaxtının çatmasını gözləyirdim. Həmin aralar Elton bəy də bərk soyuqlamışdı. Bir də görüdüm Elton bəy gedib maşınından öz dərmanlarını mənə gətirdi ki, mən içim.

Bax, mənim vəkilim Elton bəy belə bir insan idi. Onun yeri ömrüm boyu görünəcək. Mənim cüt vəkillərimdən indi biri yoxdur. Xəstə olduğu zaman heç kimlə görüşmək istəmirdi. Hər kəsdən uzaqlaşmışdı. Ölümün ağuşundan çıxa bilməyəcəyi bildiyi üçün,  evinə çəkilib son gününü gözləyirdi. Adil bəydən xahiş etdim ki, Elton bəyə onu görmək istədiyimi desin və gəlməyimə icazə versin. Razı olduğunu eşidəndə sanki dünya mənim olmuşdu. O xəstə halında belə o şəstliyini itirməmişdi. Yenə məğrur və dözümlü idi. O evdə bir dəfə də qonaq olmuşdum. Hansı ki, o evi öz istədiyi kimi tikdirmişdi. Evi ilə tanış edərkən otağını göstərdi. Iş masasının üstü sənədlərlə dolu idi. Həmin aralar işlərinin yoğun oluduğu görünürdü.

Çox təəssüf ki, mənim İsaxan Aşurovu tanımaq şansım olmayıb. Ancaq ölümündən sonra da olsa onu mənə tanıdan Elton bəy olub. Elton bəy heç cürə onun yoxluğu ilə barışa bilmirdi. Bəzən onu dinlərkən özünün də onun yanına getmək istədiyini sezirdim. Yaşadığı hər an öz əziz dostunun yoxluğu ilə ona əzab verirdi. Dünən artıq o öz istəyinə çatdı. Ancaq bizləri də öz yoxluğu ilə məhv etdi.

Mənim sevimli və əziz vəkilim, ruhun şad olsun.

Bil ki, səni heç zaman unutmayacam!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMənim vəkilim