Mənim subyektiv fikrim

İnternet trolları bu yazını oxumaya da bilərlər

Source:

Bu yaxınlarda Amerika

mətbuatında

“subyektiv fikir” deyilən nəsnə barədə yazı oxudum. Yazı mənim üçün maraqlı olduğuna görə və Azərbaycanda aşağı səviyyədə olan diskussiya mədəniyyətinə minimal töhfə vermək məqsədilə ilk öncə onu ingiliscədən dilimizə çevirmək istəsəm də, sonradan düşündüm ki, yazıda yer alan kontekst və misallar Amerikaya daha uyğun olduğuna görə, adıçəkilən yazıdan həvəslənib Azərbaycan kontekstinə və günümüzün reallığına uyğun fikirlərimi yazım.

İnternet və sosial şəbəkələr hər kəsə ağıllı-ağılsız, mənalı-mənasız, istinadlı-istinadsız fikir bildirməyə şərait yaradır və çoxumuz saatlarla vaxtımızı müxtəlif səviyyəli müzakirələrə sərf edirik. Bu imkan bəzi tendensiyaları müşahidə etmək fürsəti verir. Əsas tendensiyalardan biri insanların müzakirə zamanı divara sıxışdırılanda “bu mənim subyektiv fikrimdir” arqumentindən geninə-boluna istifadəsidir. Bu sözü deyən/yazan şəxs düşünür ki, onun subyektiv fikrinə nə olursa, olsun, hörmət edilməlidir. “Bu, mənim subyektiv fikrimdir” ifadəsi bir çox müzakirələrdə dua kimi təkrarlanır və məqsədi əks halda heç bir tənqidə tab gətirməyəcək fikrə legitimlik qazandırmaqdır. Ancaq burada bəzi əmmalar var.

Faktlar, heç bir dartışması olmayan biliklər var. Məsələn, qatıq ağdır (ağın hər hansı bir çaları). Bu, gözlə görünən bir şeydir və müzakirəyə açıq deyil. Ancaq bəziləri müzakirə zamanı düşünürlər ki, “qatıq qaradır və bu mənim subyektiv fikrimdir və sən ona hörmət etməlisən” deyəndə, qarşı tərəf sakitcə başını aşağı salıb razılaşmalıdır ki, qatığın həqiqətən də qara olmaq ehtimalı var.

Və ya gözlə görünən olmasa da, düşünüb, oxuyub, araşdırıb “Jirinovski Rusiyanın ən populyar siyasətçisi deyil” tipli gəldiyin qənaətlər var. Bu qənaətə gəlmək üçün vaxt və enerji xərcləyirsən, mətbuat izləyirsən vəs. lakin qarşı tərəf heç bir araşdırma aparmadan, mövzu barədə məlumatı olmadan deyir ki, “yox, ən populyarı elə Jirinovskidir, bu mənim subyektiv fikrimdir və sən ona hörmət etməlisən”.

Müzakirədə layiqli tərəf müqabili olmaq istəyənlər anlamalıdır ki, bəzi məsələlərdə subyektiv fikir ola bilməz, sual altında olmayan faktlar var. Qatıq subyektiv fikirdən asılı olmayaraq ağdır. Mətbuatı və Rusiya gündəmini az-çox daimi izləmək Jirinovskinin ən azı Putindən az populyar olduğunu söyləməyə də kifayət edir, bu dartışma mövzusu ola bilməz. “Bu mənim subyektiv fikrimdir” duası bəzi həqiqətləri dəyişmir və absurd fikirləri legitimləşdirə bilməz.

“Real Madrid dünyanın ən güclü komandasıdır”, “qırmızı rəng gözəldir” isə subyektiv fikirlərdir və futbol və ya rənglərlə bağlı müzakirədə legitim qənaət (mütləq həqiqət yox) kimi səsləndirilə və müdafiə oluna bilər. Yuxarıda qeyd etdiyim nümunələrdən fərqi açıq-aydın görünür.

Odur ki, mənim subyektiv fikrimə görə, müzakirə zamanı fakt və həqiqətləri subyektiv mülahizələrdən ayırmağı bacarmaq lazımdır. Bu, normal müzakirənin getməsi üçün ilkin şərtdir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəMənim subyektiv fikrim