”Məni təhqir etdi, güllələdim”

“İraq Hava Yolları” şirkətində qətl törətməkdə təqsirli bilinən şəxsin məhkəməsi başladı

Source:
Dəmirçi plaza
Dəmirçi plaza


“İraq Hava Yolları” şirkətində qətl törətməkdə təqsirli bilinən şəxsin məhkəməsi başladı

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi törətməkdə təqsirləndirilən Elşən Bəşirovun məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, E.Bəşirov aralarında yaranmış münaqişə zəminidə həmin şirkətdə icraçı direktor işləmiş Əli Ağalını odlu silahdan atəş açaraq qətlə yetirib. Hadisə yanvarın 7-də “Dəmirçi Plaza”ya məxsus binada baş verib. Bildirilib ki ,”İraq Hava Yolları” həmin binada icarə əsasında fəaliyyət göstərib.

Elşən Bəşirov isə şirkətdə sürücü kimi çalışıb.

İttihama münasibət bildirən E.Bəşirov özünü qismən təqsirli bilib. Daha sonra ifadə verən E.Bəşirov deyib ki, Əli Ağalı onu tez-tez təhqir edib:

“Deyirdi ki, savadsızlar gəlib belə yerlərə çatıblar. Bir dəfə hava limanına gedəndə yolda məni təhqir etdi. Orada mübahisəmiz düşdü. Hadisə baş verən gün isə yenə məni təhqir etdi. Mən işdən sonra atıcılıqla məşğul olurdum. Buna görə maşında silah var idi. Mən də əsəbləşib maşından silahı götürüb gəldim və onu güllələdim. Əli tək məni yox,bir çox işçini təhqir edirdi. Eşitdiyimə görə onu işdən çıxarmaq istəyirdilər”.

Ə.Ağalının atası Xalid Ağayev də iclasda ifadə verib. Bildirib ki, onlar dindar ailədirlər və heç zaman söyüş söymürlər:

“Mənim oğlum ali savadlı, dindar adam idi. Sudan səfirliyində işləyəndə onun sayəsində Sudan dövləti Xocalı soyqırımını tanıdı. Heydər Əliyev bizə ev vermişdi. Əli Heydər Əliyevə baba deyirdi”. Ruhani olduğunu deyən X.Ağayev məhkəmədən həmin şəxsə ömürlük cəza verilməsini istəyib. Bundan əlavə, iclasda məlum olub ki, zərərçəkmiş tərəf mülki iddia da qaldırıb.

Ana səhifəXəbərlər”Məni təhqir etdi, güllələdim”