Məni avtobusa mindirən polyak sürücü

Niyə Polşada var, amma bizdə yoxdu?

Source:

Aprel ayının 16-17-si 2015-ci il, Polşanın paytaxtı Varşava şəhərində Personal Democrasy Forum-da iştirak etdim. Bakıda olanda, yola çıxmamışdan qabaq anam soruşdu ki, “Polşanın özəl nəyi var? Dünyada nəyi ilə fərqlənir”? Dedim anama ki, “Gözəl QIZLARI ilə”..

Hava limanından enən kimi məni gözəl bir hərbçi qız qarşıladı . İlk polşalı qızla qarşılaşmam oranın qızları barəsində fikrimdə məni yanıltmamışdı. Bir neçə il bundan qabaq gözəllik indeksi üzrə polşalı qızlar dünyanın ən gözəl qızları seçilmişdir. Bu indeksdə gözəlliyin əsas özəlliyi kimi təkcə fiziki gözəllik nəzərdə tutulmamışdı. Bura xarici görünüşdən əlavə əxlaq və sadiqlik də əlavə olunmuşdu. Həqiqətən, bəzi ölkələrdə gördüyüm kimi vulqar görünüşlü xanımları demək olar ki, görmədim. Bir tərəfdən heyfsləndim. Amma bir tərəfdən də sevindim ki, 2014-cü ilin payızında Kiyevdəki qızların valehedici gözəlliyi elə indi də bu günə kimi məndə başgicəllənmə, ürək ağrısı simptomlarını mənə “bəxş” edib. Yəni Ukrayna qızları Polşa qızlarından daha füsunkardır.

Hava limanından çıxan kimi, taksiyə oturub, mənim üçün hazırlanmış otelə getdim. Varşava necə gözəl şəhərdir! Qızlar-filan artıq yadımdan çıxıb. Şəhərin gözəlliyi məni öz ağuşuna alıb. Bu gözəllik elə bil, özü dünya gözəllik indeksinin kompleks halıdır. Ətraf ağaclar, yaşıllıq və gül-çiçəklə doludur. Yol kənarında səliqəli binalar və hasarsız həyət evləri adamın gözünü oxşayır. Burda çoxlu velosiped sürən gördüm. Ən çox yol kənarında diqqətimi çəkən məqamlardan daha biri də bu oldu: öyrəşmədiyim şəkildə bütün səkilər, avtobus , tramvay və troleybus dayanacaqları, və bütünlükdə infrasruktur əlilliyi olan insanların hərəkət etməsi və həmin nemətlərdən istifadə etməsi üçün müəssərdir. Gözlərim doldu. Çox pis oldum. Nə üçün bizim ölkədə bizim üçün belə şərait yoxdur? Bakıda bu nemətlərdən bir dənə əlil arabası istifadəçilər üçün müəssər olan avtobuslar gətirilib ki, onlar da yalnız şəhərin mərkəzi hissəsində istismara verilib.

Oteldəki xidmətin səviyyəsi o qədər də xoçuma gəlmədi. Bir neçə dəfə oranın işçilərindən kömək istəsəm də, soyuqqanlı şəkildə rədd etmişdilər. Ümumilikdə, Varşavada ən xoşuma gəlməyən tərəf insanların soyuqqanlılığı idi. Arzu edirəm ki, təki bizdə də insanlar soyuqqanlı olsun, amma qanunlar işləsin, və insanlarımızın yaşayış rifahı Polşadakı kimi olsun. Bu soyuqqanlılığın arxasında tipik kapitalizm idarə etmə üsulunu gördüm və çox təbii qarşıladım.

Bizdəki kimi mənə küşədə və ictimai yerlərdə gəzərkən yazıq və axmaq baxışlarla baxmırdılar. Burda məni nə dilənçi zənn edib, pul uzatdılar nə də qulaq çəkib, “kış-kış” elədilər. Əlilliyi olmayan insanlardan heç bir fərqim yox idi elə bil. Qəzadan sonra 6 ildən çox idi ki metrodan qeyri müəssərliyə görə istifadə edə bilmirdim. Həmişə metrodan istifadə etməyi xoşlamışam. Bu hüququmu əlimdən alanları şiddətli şəkildə qınayıram!

6 ildən sonra Varşavada metrodan istifadə etməyim çox xoş oldu. Təsəvvür edin hər metro stansiyada əli arabası istifadəçiləri və uşaq arabaları üçün nəzərdə tutulmuş 4 lift mövcuddur. Heç bir çətinlik çəkmədən unikal şəkildə quraşdırılmış liftlərdən sərbəst şəkildə istifadə etdim və metroya düşdüm. Metro sanki bir muzeydir. Yəni o dərəcədə təmiz və gözəldir. Metro stansiyalarında, həmçinin, Varşavanın küçələrində olduğu kimi, görmə məhdudiyyətli şəxslərin rahat hərəkət etməsi üçün dığırcaqlı yollar mövcuddur. İşıqforlarda və bir çox ictimai yerlərdə eşitmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan mikrafon vasitəsi ilə olan avtomatik informasiyalar ötürülürdü. Avtobuslar dayanacaqdakı cədvəldə nəzərdə tutulmuş vaxtda gəlib-gedirdilər.

Orda avtobus sürücüsü bizdəki kimi məni avtobusa buraxmamaq üçün boş-boş bəhanələr gətirmədi. Məni dayanacaqda görən kimi özləri sükanın arxasından düşüb əlil arabası istifadəçiləri üçün nəzərdə tutulan pandusu özü açdı və içəri daxil olandan sonra da təlükəsizlik kəmərimi bağlayırdılar. Bizim bəzi ağzı göyçəklər də deyirdi ki, Avropada sürücü əlilliyi olan insanlara xidmət etmir. Bir sözlə, bu ölkədə tam bərabər hüquqlu cəmiyyət gördüm.

Əgər ikinci dünya müharibəsindən çıxan Polşa kimi ölkə belə bərabər hüquqlu və sivil cəmiyyət yarada bilirsə, bizim ölkə də bunu başara bilər. Bunun üçün cəhalətdən qurtulub, vicdan amilini bərpa etmək lazımdır. Ümid edirəm ki, həmin məqam uzaq gələcəkdə deyil. Hər kəsə gözəl günlər diləyirəm…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəMəni avtobusa mindirən polyak sürücü