“Mənə MKİ ilə ehtimal olunan əlaqələrim haqqında absurd suallar verirdilər”

“Stenli Makkristal, Devid Petreus və digər yüksək səviyyəli hərbiçilərlə şəxsən tanış olduğumu, guya onların mənə təlimat verdiyini etiraf etməyimi tələb ediblər”

Source:


“Stenli Makkristal, Devid Petreus və digər yüksək səviyyəli hərbiçilərlə şəxsən tanış olduğumu, guya onların mənə təlimat verdiyini etiraf etməyimi tələb ediblər”

Ötən həftə Azərbaycandan çıxarılmış Səid Nuri Bakı macəralarını bölüşüb. O, Bakıda olarkən saxlanılıb və prokurorluqda dindirilib.

Bu 32 yaşlı azərbaycanlı və keçmiş siyasi məhbus bir neçə il əvvəl Amerika vətəndaşlığı alıb və ağır xəstə olan atasına baş çəkmək üçün vətənə gəlib.

ABŞ-a qayıdan Nuri bildirib ki, gözlənilmədən xüsusi xidmətlərin diqqət mərkəzinə düşüb və prokurorların sərt dindirmələrinə məruz qalıb. Bundan əvvəl ona ölkəni tərk etməyi qadağan ediblər və bir neçə gün ondan Amerikanın hərbi liderləri və məşhur hüquq müdafiə qrupları haqqında məlumatlar almağa çalışıblar.

“Mənə MKİ ilə ehtimal olunan əlaqələrim haqqında absurd suallar verirdilər. Məndən Stenli Makkristal, Devid Petreus və digər yüksək səviyyəli hərbiçilərlə şəxsən tanış olduğumu, guya onların mənə təlimat verdiyini etiraf etməyimi tələb ediblər. Başa düşdüm ki, məni həbs etmək və Qərb və yerli QHT-lərin Azərbaycan hakimiyyətinə qarşı əsli olmayan sövdələşmənin iştirakçısı kimi təqdim etmək istəyirlər”, – deyə Nuri Turan agentliyinə bildirib.

Qeyd edək ki, ordu generalı Stenli Makkristal son illər Amerikanın xüsusi əməliyyatlar qüvvələrinə rəhbərlik edib.

Devid Petreus keçmiş MKİ direktorudur, 37 il ABŞ ordusunda xidmət edib. Onun orduda son təyinatı Əfqanıstanda Beynəlxalq Qüvvələr – İSAF komandanıdır.

Nurinin sözlərinə görə, ona Amerika QHT-ləri – Milli Demokratiyaya Dəstək Fondu (NED), habelə ayrı-ayrı Amerika vətəndaşları, məsələn, Sara Polsvors (Sülh Korpusunun keçmiş könüllüsü, hazırda RATİ direktoru Emin Hüseynovun həyat yoldaşı) haqqında çoxsaylı suallar veriblər.

Nuri çoxgünlük dindirmələrdən sonra ABŞ hökumətinin müdaxiləsi sayəsində Azərbaycandan çıxa bilib. Azad edilməzdən əvvəl o, müstəntiqlərin tələbi ilə prezident İlham Əliyevə Azərbaycan vətəndaşlığından çıxması barədə məktub yazmağa məcbur olub.

“Məktubu yazdıqdan sonra onlar İnternetdə mənim ötən il ölkəyə rəfiqəmlə gəldiyim zaman çəkilmiş intim videoları yaymağa başladılar… Elə həmin gün Baş Prokurorluqdan mənə zəng edib gecəyə qədər ölkəni tərk etməyi tələb etdilər. Mən deyəndə ki, bilet almaq lazımdır, bir neçə nəfər gəldi. Onlar məni aeroporta apardılar və “bir daha qayıtma!” və “burada ailən olduğunu unutma”deyərək, sözün əsl mənasında ölkədən qovdular”, deyə Nuri bildirib.

Rəsmi Vaşinqton bazar ertəsi bu məsələ ilə bağlı narahatlığını ifadə edərək, Azərbaycan hökumətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb.

“Biz, konkret olaraq Səid Nurinin başına gələnlərdə Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qarşı və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməməsindən narahatıq”, deyə Dövlət Departamentinin mətbuat katibi Mari Harf bildirib.

Öz növbəsində, Azərbaycan Baş Prokurorluğunun mətbuat katib bir müddət əvvəl Səid Nurinin bir sıra QHT-lərin fəaliyyəti ilə bağlı iş üzrə şahid kimi keçdiyini, onun ölkəni tərk etməsinin qadağan edilməsinin məhz bununla əlaqədar olduğunu bildirib.

Ana səhifəXəbərlər“Mənə MKİ ilə ehtimal olunan əlaqələrim haqqında absurd suallar verirdilər”