“Mənə açıq dedilər ki, nazirliyin göstərişidir, sən tutulmalısan”

“Dedilər ki, xoşluqda qol çək, onsuz da gedəcəksən”

Source: Facebook


Tahir Heydərov: “Fikirləşdim ki, bu, mənim üçün ölüm olar, yaşaya bilmərəm”

Sosial şəbəkələrdə “Tahir Zəngilanlı” adıyla tənqidçi paylaşımlar edən Tahir Heydərov iyunun 2-də məhkəmədə ifadə verərkən deyib ki, o, siyasi sifarişlə həbs olunub. Səbəb isə mitinqlərdə, etiraz aksiyalarında iştirak etməsidir.

Narkotik ittihamıyla həbsdə olan Tahir Heydərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır. İyunun 2-də keçirilən məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları oktyabrın 15-də əməliyyat keçirərək, Tahir Heydərovu şübhəli şəxs kimi saxlayıb. Onun üzərinə baxış zamanı şalvarının cibindən 3.95 qram narkotik maddə tapılıb.

Tahir Heydərov prokurorun səsləndirdiyi ittihamların hamısının yalan olduğunu deyib: “İttiham aktında yazılanların hamısı səhvdir. Mən orada yazıldığı yerdə tutulmamışam. Dostum Vüqarla Lökbatanda yaşadığım yataqxananın yanında Fərhadın kafesində idik, birdən girdilər içəri, ikimizi də götürüb apardılar. Mənim əlimi dərhal arxadan qandalladılar. Narkotiki də yolda cibimə qoydular. Qoyanda dedim özlərinə. Məni maşında arxada oturtmuşdular. Əllərim qandallı, biri sağımda, o biri də solumda. Mən deyəndə, başımdan vurdular. Əvvəlcə Qaradağ rayonundakı 10-cu bölməyə apardılar…”

Tahir Heydərovun sözlərinə görə, dostu Vüqarı sonradan buraxıblar. Ona isə açıq şəkildə deyiblər ki, tutulması üçün nazirlikdən göstəriş verilib: “Dedilər ki, xoşluqda qol çək, onsuz da gedəcəksən. Bölmədə döyüldüm, söyüldüm, amma qol çəkmədim. Oradan apardılar Baş Narkotiklərlə Mübarizə İdarəsinə. Orada da öldürüb, ölümü atdılar, yenə də qol çəkmədim. Dedilər, “gedin, ailəsini gətirin”. Düzü, əvvəl inanmadım, fikirləşdim ki, sözdü də deyirlər. Sonra telefonla danışıb dedi ki, “çatırsız?” Onda fikirləşdim ki, bu, mənim üçün ölüm olar, yaşaya bilmərəm. Bəlkə kimlərsə razı ola bilər, mən yox. Qol çəkdim…”

2020-ci ilin iyulunda Tovuz istiqamətindəki döyüşlərdən sonra Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşünü başladan şəxslərdən biri olduğunu vurğulayan Tahir Heydərovun sözlərinə görə, o, bundan əvvəl də saxta ittihamla inzibati qaydada 30 sutka həbs olunub. Bu dəfəki həbsindən 15 gün öncə izləndiyini hiss edib: “Mən taksi sürüb ailəmi dolandırıram. Atam bazarda alver eləyir. Həbsimdən 20 gün əvvəl məni izləyirdilər. Bazarın yaxınlığında məni tutmaq istəyəndə ülgücü çıxardım, dedim, bəsdir, nə istəyirsiz məndən, öldürüm özümü? Çəkildilər kənara. Olanları da videoya çəkdim, sosial şəbəkədə paylaşdım, nazirlikdən kömək istədim. Onda çıxıb getdilər. Sonra bir nəfər – Elçin gəlib yalvar-yaxar elədi ki, sil onu. Mən də xahişini nəzərə alıb sildim. Mənim narkotiklə heç vaxt əlaqəm olmayıb. Özləri mənə açıq-aydın dedilər ki, nazirliyin göstərişidir, sən tutulmalısan”.

Tahir Heydərov bildirib ki, aksiyalarda iştirakına görə bir neçə dəfə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı və rayonun polis rəisi də ona xəbərdarlıq edib: “Qaçqınkom”un sədri Rövşən Rzayevin müavini mənə deyir ki, get, problemlərinin həllini hökumətdən istə. Mən nə istəyirdim, torpağımı istəyirdim də. Mən qarabağlıyam. Torpağımı tələb eləyirdim. Vətən mənim üçün namus-qeyrətdir. Müharibə başlayandan cəbhəyə getmək üçün könüllü yazılmışdım. Amma buna görə mənim özümü həbsxanaya göndərdilər”.

Məhkəmədə şahid qismində Baş Narkoriklərlə Mübarizə İdarəsinin əməkdaşı Anar Tahirov dindirilib. Dindirməsi başlayanda Tahir Heydərovun ona “Şərəfinə and verirəm, kişisənsə, düzünü danış” deməsi polisin etirazına səbəb olub: “Mənimlə belə danışma, elə qışqıraram, qulağın batar…”

Hakim Azad Məcidov təqsirləndirilən şəxsə xəbərdarlıq edib ki, əgər şahidin dindirməsinə bir də müdaxilə etsə, öz məhkəməsindən çıxarılacaq.

Tahir Heydərov isə müdaxilə etmədiyini, sadəcə, ondan doğru danışmasını istədiyini bildirib.

Polis əməkdaşı bildirib ki, Tahir Heydərovun narkotik maddə əldə etməsi barədə onlarda əməliyyat məlumatı olub. Ona yaxınlarıb özlərini təqdim ediblər. O da heç bir etiraz etmədən maşına əyləşib, birbaşa Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəliblər, 10-cu polis bölməsinə getməyiblər. Onun sözlərinə görə, heç bir işgəncə halı da olmayıb.

Tahir Heydərov isə polisin yalan danışdığını bildirib.

Məhkəmə prosesi davam edir.

Ana səhifəSosial“Mənə açıq dedilər ki, nazirliyin göstərişidir, sən tutulmalısan”