Mən yeyintidən ”kayf” tuta bilmirəm

İndi biz Vətən xainləri olduq?!

Source:

Həmişə hansısa mövzu gündəm olanda fikir vermisinizsə, cəmiyyətimiz vaxt itirmədən, iki hissəyə parçalanır. Avropa oyunlarının açılışı vaxtı da belə oldu. Böyük bir kütlə elə bil, start xəttində gözləyirdi ki, kimsə bu oyunların açılışına tənqidi yanaşsın, bunlar da tökülüşüb, “vətən xaini” çıxarsınlar. Elələri çoxdular, bəli, onların qarşısında biz çox azıq, bunu qəbul edirəm. Deyəcəm, cahil insanlar çox idi aralarında, xeyr, belə deyildi. Onların içində hətta professorlar var idi, bəli BDU-nun professoru dedi ki, “Avropa Oyunlarının açılış mərasiminə baxarkən gözü yaşarmayan bir kimsə oldusa, onun qan tərkibini yoxlamaq lazımdır.”

Bir professor bunu dedisə, yanıqlı vətən aşiqi, imtahanlarda 200 balı keçə bilməyən, təhsilsiz, vətən xaini sözünü dərk etməyən, ümumiyyətlə vətən sevgisindən xəbəri olmayıb, sadəcə artistlik edən bu böyük kütlədən heç nə gözləmirəm. İnsanlardan sədəcə vicdan tələb etmə haqqımız var, mən o vicdanı tələb edirəm.

Neçə ildi azad fikirli insanlara, ömrünü insanların hüquqlarının qorunmasına həsr edənlərə “erməni” damğası vuranların başında gələn Əli Həsənov oyunlar başlamamışdan bir gün qabaq belə dedi: “İlk Avropa Oyunlarının Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında böyük rol oynayacağına inanıram”.

Yadınızdadırsa, təxminən eyni mövzulu əsər yazmışdı yazıçı Əkrəm Əylisli. Xalqların yaxınlaşmasına, müharibənin bitməsinə işarə etmişdi, onda siz vətənşüvənlər hakimiyyətlə əlbir olub, Əkrəm Əylislini “erməni” çıxardınız. Sizin gücünüz  yazıçıya, şairə, uğrunuzda özünü oda atanlara çatır, ancaq onda şirə dönə bilərsiniz, vəzifəli şəxs eyni hərəkəti edəndə, yoxa çıxırsınız.

Mən nə qürur hissi keçirdim, nə də gözüm yaşardı. Niyə axı nə nəaliyyət əldə etmişdik ki, qürur hissi keçirəm? Avropa oyunlarını hansı ölkəyə verilməsi ilə bağlı müzakirələr olanda Azərbaycan bütün xərcləri qarşılayacağını bildirib və oyunları Azərbaycana keçirməyə icazə veriblər. Bunu faktlarla dünyanın məşhur mətbuatı sübut etdi. Bura qədər heç bir nəaliyyət yoxdu, büdcəni talamaq idi nailiyyət?!

Gələk açılış mərasiminə, Azad Rəhimov 100 milyon manatdan artıq pul xərcləndiyini bildirdi. İndiyə qədər heç bir olimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin cəmi xərcləri bu qədər etməyib. Bu məqamda da gözləri doymayıb, yedilər. Həqiqətən “Bravo, qürur duyuruq, gözlərimiz yaşarır” deyən insanlar bu yeyintilər üçün deyirdi bu sözləri?

Mən sizin kimi kayf tuta bilmirəm fişənglərdən, pul yeyintisindən, ehtişamdan. İndi neyləyək, vətən xaini olduq biz? Bir gün azərbaycanlılar başa düşəcəklər, buna çox ümidliyəm. Başa düşəcəklər ki, vətənə xəyanət millətə aid olan büdcəni talamaqdır,  hüququ, məhkəməni, mədəniyyəti məhv etməkdir, yazıçını, şairi ölkədə sıxışdırıb hər vasitə ilə sındırmağa çalışmaqdır, öz vətəndaşına dəyər verməyib, 3-5 günlük turistlərə dəyər verməkdir.

Deyirsiniz hamımız bir olmalıyıq, ölkəmizi tanıtmalıyıq falan filan. Siz görmədiniz ki, bu oyunlar daha da ölkənin imicinə zərbə vurdu, bu Avropa Oyunları-filan deyildi, Avropa Oyunlarının açılışında Avropadan rəsmi yox idi, Avropa parlamenti oyunları boykot edirdi, Almaniya Bundestaqı açılış günü “İnsan hüquqlarının vəziyyəti barədə” bəyanat imzaladı, bütün məşhur qəzetlər ölkədəki repressiyaları biabır etdi, korrupsiyanı ifşa etdi. Buna səbəb biz deyildik, nədə ki, o “ermənipərəst” hökumətlər. Belə biabır olmağımıza səbəb, elə ölkədə bu qədər qanunsuzluqları edənlərdir.

Hərdən yazıları yazanda bəzi adamlar deyir ki, heç bir xeyiri yoxdu, niyə yazırsan? Bu yazılar 10 minlərə çıxacaqsa, onların içində 3-5 nəfər də olsa, nə istədiyimizi başa düşəcəksə, bu, bizim üçün qazancdır. Bir dəfə valideyn-övlad mövzusunda yazı yazmışdım, 40 yaşlarında bir nəfər yazmışdı ki, o yazını oxudum çox təsir etdi, övladımla davranışımı dəyişdim. İndi 1 aydır, hər şey müsbətə doğru dəyişib. Budur bizim qazancımız. Ən gənc Nobel sülh mükafatı qalibi olan Malalanın gözəl sözü var: “Bir kitab və bir qələm bütün dünyanı dəyişə bilər”. Mən də bu dəyişikliyə inanıram.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəMən yeyintidən ”kayf” tuta bilmirəm