Mən işləmək istəyirəm

İstirahət etmək istəyirəm, bu da mənim haqqımdır

Source:

Axırıncı dəfə nə vaxt normal istirahət etdiyim yadımda deyil. 10 ay əvvəl Krımda müalicə aldığımı nəzərə almasam… Krıma da sırf müalicə üçün getmişdim. Ona istirahət demək olmaz. Günümü ağır və çətin prosedurlarda keçirirdim. Şikayət etmirəm. Bunu çox yaxşı qiymətləndirirəm əslində. Sonucda fiziki məşqlər və fizioterapiyalar sayəsində sağlamlığım üçün zəhmət çəkmişəm. Ağlaşmaq kimi çıxmasın, o vaxtdan bəri müalicəyə getməyə maddi imkanım yol vermir.

Ölkəmizdə normal müalicə yeri yoxdur. Reabilitasiya mərkəzlərinin binaları qəşəngdir, hətta Krımdakı sanatoriyadan. Amma gəl ki, həmin binaların içində peşəkar həkim və fizioterapevt-reabilitoloqlar yoxdur. Müalicə üçün bəzi tanışlarımın mənim üçün “xeyriyyə” kampaniyası təkliflərindən nəzakətlə imtina edirəm. Hətta televizora çıxmağı belə təklif etmişdilər. Bu cür şeylərdən istifadə mənim üçün qürurumun tapdanması deməkdir. Edənləri qınamıram vallah. Sadəcə mənim prinsiplərimə yaddır. Heç atamdan pul almağa üzüm gəlmir əlilliyə görə aldığım sosial müavinatım bitəndə.

Nəsə. Sizləri öz şəxsi problemlərimlə yükləməyim. Qayıdaq bayaqkı mətləbə. Əmək fəaliyyəti ilə məşğul olan hər kəsin istirahət hüququ Konstitusiya ilə təsbit edilib. İndi sual yarana bilər “ay qardaş, ay vətəndaş, sən dövlət və ya özəl sektor olsun, hardasa işləyirsən”? “YOX” deyə cavab verəcəm. Bu “yox”-u tənbəllik, acizlik və səriştəsizlik kimi qəbul etməyin. Sadəcə dar imkan və resurs qıtlığı kimi nəzərə alın. Niyə? Çünki, əlilliyim var! Yenə kənardan xəyali olaraq,  şapalaq kimi suallar yapışdırır mənə: “Əlilliyin varsa, özünü işə verməməlisən, ağlındamı yoxdur, sənə ancaq gərək kimsə “baxmalıdır” sona qədər?” Dahi və qaçılmaz suallardır mənə görə. Cavablandırmağa çalışım.

Fiziki məhdudiyyətim olmağına baxmayaraq, ağlım yerindədi. Gəzən vaxtlarımda iki ilə yaxın AKF-nın gənclər məktəbinin direktoru vəzifəsində çalışmışam. Direktorluqdan əlavə 40-45 nəfərə məşqi də özüm keçirdim. Məni ən çox sevindirən uğurları olub. Hətta qəza keçirtdiyim il, mən evdə, yataq şəraitində olanda, Bakıda keçirilən yarışmada tələbələrim fərqlənməklə çıxış etdikləri üçün federasiya məni “fəxri məşqçi” adı ilə təltif etdi. Inanın, məşqçiliklə heç də pis qazanmırdım. Tələbə idim və həmin pulnan özümü dolandıra bilirdim.

Daha çox pula ehtiyacım olduğu vaxtlarda ofisantlıq edirdim. Yas məclisləri üçün çadırları yığıb-sökürdüm. Bunlarla bərabər kompyuter bilikləmi artırıb, əlavə olaraq alman dili kursuna gedirdim ki, təhsilimi Almaniyada davam etdirim. Gələcəkdə məni böyük perspektivlər gözləyirdi. Keçirtdiyim qəza isə bunları yarımçıq qoymağıma səbəb oldu. Indi buna görə böyük təəssüf yaşamıram. Həyat mənim üçün davam edir. Əlillik qazanandan sonra isə “World Capoeira Federation” (Dünya Kapoeyra Federasiyasında) və Azərbaycan Kiokşinkay Federasiyalarının dünya çempionatı keçiriləcək ərəfəsində xarici ölkələrlə ilgili əlaqələndirici katib vəzifəsində çalışmışam. QHT, hökümət, media nümayəndələrinə və əlilliyi olan insanlara hökümətimizin ratifikasiya etdiyi, BMT-də nəzərdə tutulmuş inkluziyaya aid təlimlər keçmişəm. Ümid edirəm, cavabım qaneedicidir. Bu gün isə əlilliyimə görə normal iş tapa bilmirəm.

Qayıdaq istirahət məsələsinə. Bu gün ölkəmizdə dövlət sifarişi ilə əililliyi olan insanlar üçün tikilən evlər zəbt olunub, başqalarına satılır. Torpaq əlilliyi olan insanların adına sənədləşdirilib, məmurların mülkiyyətinə verilir, hətta reabilitasiya mərkəzləri və məhz əlilliyi olan insanların ayrı-ayrı rayonlarda xidmət göstərən istirahət mərkəzləri də elə sözügedən xidmət qurumlarının gəlir obyektinə çevrilir. Nabranda bir neşə milyon manatlıq dəyəri olan istirahət mərkəzi bu yaxın illərdə özəlləşdirildi. Bunlar, hələ bildiklərimdir.

Əlilliyi olan bir qız tanışım axırıncı dəfə Qəbələdə əlilliyi olan insanlar üçün nəzərdə tutulan istirahət mərkəzində dincəlmişdi. Həmin xanımın baş-beyin travması var və çətinliklə olsa da, kiminsə köməyi olmadan  yeriyə bilir. O, mənə bildirdi ki, yeriməyinə baxmayaraq, həmin istirahət mərkəzində böyük pilləkənlər və dar giriş çıxış var ki, bunlar da əlil arabası istifadəçiləri üçün müəssər deyil. Ordakı şərait onun ürəyincə olmayıb. Mən isə özümü orda heç təsəvvür edə bilmirəm.

Mən normal vətəndaş və əlilliyi olan insan kimi, torpağımızın bizə bəxş etdiyi təbii sərvətlər hesabına dövlət büdcəsini dolduran pullarla, öz payıma istirahət etmək istəyirəm. Bu mənim ən təbii haqqımdır. Mən işləmək və normal vətəndaş kimi vergi ödəyicisi olmaq istəyirəm. Bu da, mənim haqqımdır. Haqqıma girənləri əsla bağışlamayacam.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəMən işləmək istəyirəm