Bərdə rayonunda məcburi köçkünlər üçün yeni tikilən binalarda mənzillərin bölgüsü ilə bağlı narazılıq səngimir. Meydan TV-yə şikayət edən Kəlbəcər rayonundan olan məcburi köçkün İntiqam Əzimov deyir ki, 1993-cü ildən Bərdə rayon stadionunda yaşayır: “Bütün rəsmi sənədlərdə, bu, əksini tapıb. Məcburi köçkün kimi işlətdiyimiz işıq sayğacı da stadionun ərazisi kimi qeyd olunub. 2013-cü ildə Bərdə rayonunda məcburi köçkünlərə mənzil paylanılarkən bizə mənzil çatmadı. O vaxt komissiya bizim yaşadığımız yerlərə baxış keçirdi və bildirildi ki, yeni binalar hazır olanda ilkin olaraq bizə mənzil veriləcək. Biz də səbrlə 2015-ci ilədək gözlədik. Amma bu dəfə də mənzil bölgüsü aparılarkən bizə mənzil verilmədi”.
“Evləri satırlar”
İntiqam Əzimovun sözlərinə görə, illərlə ailəsi stadion binasında tribunanın altında yaşayıb: “2003-cü ildə Bərdə rayonunun o zamankı icra başçısı Elman Allahverdiyev bizi zorla, polis gücünə oradan çıxardı. Biz orada qardaşlarımla birgə, 4 ailə yaşayırdıq. Oradan çıxarılandan sonra stadionun ərazisində, tribunanın arxasında 4 ailə torpaqdan hazırlanan kərpicdən daxma tikib orada yaşadıq. Baxmayaraq ki, qardaşım İlham Əzimov Qarabağ əlili idi, onun özünə də heç bir köməklik etmədilər. Amma sonrakı illərdə yağış suları həmin evi yarasız hala saldığından təkrar əvvəl yaşadığımız yerə qayıtdıq. Bütün kommunal xidmətlərimiz də stadion ərazisində yaşadığımız otağa verilir. Bizdən başqa Sədiqə Hüseynova və Səmayə Hüseynova da burada yaşayırlar. Kimsəziz olan bu iki xanıma da ev verilməyib. Onlar da 1993-cü ildən burada qanuni şəkildə, yəni bütün rəsmi sənədlərdə qeydiyyata alınmaqla yaşayırlar. Bundan başqa, Mərdan Məmmədov, Nazim Məmmədov, Nəbi Əhmədov, Vüsalə Abbasova, Qarabağ əlili İslam Hüseynov bu ərazidə yaşayır. Bu insanları dövlətin tikdiyi evlərdə yerləşdirmək əvəzinə hələ Xuraman adlı qadının yaşadığı evı traktorla uçurmaq istəyirlər”.
Şikayətçinin sözlərinə görə, problemlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin də qəbulunda olublar: “O da bizə dedi ki, bölgünü komissiya aparır. Amma bu köçürmədə Bərdə rayon İcra Hakimiyyətinin də rolu olub. Əgər 2013-cü ildə 2 otaqlı evlər olmadığı üçün bu ailələrə ev verilmədisə, bu dəfə evlər veriləndə öncə buradan başlanılmalı idi. Amma məcburi köçkünlərin əvəzində başqalarına ev verilir. Biz hazırda eşitdiyimiz faktları araşdırmağa çalışırıq. Ötən köçürmədə 3000 manat alıb aidiyyəti olmayan şəxslərə ev veriblər. Amma deyilənə görə, bu dəfə məbləği 5 000 manata qədər artırıblar. Hazırda həmin şəxslərin mənzillərinin nömrəsinədək araşdırırıq. Tam dəqiqləşdirən kimi, o şəxslərin adın da aidiyyəti orqanlara və mətbuata açıqlayacağıq”.
“Yeni Azərbaycan Partiyasınnın bayrağını da ayaq altına salmışdılar”
Komissiya rəhbərinin qəbuluna getmək istəyənlərin polis zorakılığına məruz qaldığını deyən İntiqam Əzimov ayaqlar altına atılan bayrağı indi yaşadığı tribunanın üzərindən asıb: “Televiziyada Amerika polisinin əhalini döyməsini tənqid edirlər. Bizim polis onlardan da qəddardır. Elman İsmayılovun qəbulunda qadını polislər ayaq altına salıb tapdayırdılar. Həmin vaxt Yeni Azərbaycan Partiyasınnın bayrağını da ayaq altına salmışdılar. Nə məmurlar, nə də polislər o bayrağa belə hörmət etmirdilər. O bayrağı zorla ayaq altından götürdüm. Onlara da iradımı bildirdm ki, prezidentimiz bu partiyanın rəhbəridir və bu bayraqla hakimiyyətə gəlib. Məcburi köçkünləri saymırsız, hec olmasa, sizi vəzifəyə təyin edən Prezidentin partiyasının bayrağına hörmət edin. İndi o bayrağı gətirib yaşadığım tribuna binasından asmışam”.
“Bu məmurlar “ebola virusu” kimi xalqın canına yayılıb”
Məcburi köçkünün sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsindən də ev bölgüsünə onların müdaxilə edə bilmədiyini deyirlər: “Şöbə müdiri Sərdar Zeynalov və bu kimi məmurlar “ebola virisu” kimi xalqın canına yayılıb. O adamın əvvəllər heç nəyi yox idi. İndi özünün ferması var. Sərdar Zeynalov hazırda oğlun da öz rəhbərlik etdiyi şöbədə işləyir. Ona deyirəm ki, sənin də 1993-cü ildə bizim kimi heç nəyin yox idi. İndi o boyda ferman var. Məcburi köçkünlərin hesabına işləyirsənsə, heç olmasa, insafsızlıq etmə. Onun cavabı bizə bu oldu: “Mən kiməm ki, ferma saxlayam? Mən Əli Həsənovun çobanıyam”. Demək, məmur işini bir kənara qoyub, ferma saxlayır”.
Qeyd edək ki, 15 məcburi köçkün ailəsi rastlaşdıqları haqsızlıqla bağlı ölkə başçısına vurduqları teleqramda hansı ölkənin vətəndaşı olduqlarını araşdırılmasına köməklik istəyib: “1993-cü ildən Bərdə rayon stadionunda məskunlaşsaq da, 2013-cü ildə Bərdə rayonunda məcburi köçkünlərə mənzil paylanılarkən bizə mənzil çatmadı. O vaxt komissiya yaşadığımız yerlərə baxış keçirdi və bildirildi ki, yeni binalar hazır olanda bizə mənzil veriləcək. Biz də səbrlə 2015-ci ilədək gözləsək də, bu dəfə də bizə mənzil verilmədi. Bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və köçürmə prosesinə rəhbərlik edən Elman İsmayılova müraciət etdik. O isə bildirdi ki, mənim Bərdə rayon stadionunda vətəndaşım yaşamır. Sizdən xahiş edirik araşdırılsın, görək məcburi şəkildə köçkün düşdüyümüz kimi, indi də Elman İsmayılov tərəfindən məcburi şəkildə və bizim xəbərimiz olmadan hansı ölkənin vətəndaşlığına verilmişik?! Biz də problemimiz üzrə hamin dövlətə və ya o dövlətin Azərbaycandakı səfirliyinə müraciət edək”.
“Rayon icra hakimiyyəti oranın köçürülməsini zərüri saymayıb”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məsələyə münasibətində bildirib ki, yeni binalara yerləşdirmələr rayon icra hakimiyyətinin təqdim etdiyi siyahılar əsasında aparılıb: “Rayon icra hakimiyyəti hansı ərazilərdə köçürülməni zəruri hesab edirsə, o ərazidə məskunlaşanların siyahısını komitəyə təqdim edir. Komissiya da həmin ərazilərdəki yerlərə baxış keçirir, insanların orada yaşayıb-yaşamadığını araşdırır. Bundan sonra köçürmə aparılır. O insanlar köçürülməyibsə, deməli rayon icra hakimiyyəti oranın köçürülməsini zərüri saymayıb. Onsuz da bu məsələ mərhələli şəkildə həllini tapır və növbəti binaların tikilməsi zamanı yəqin ki, həmin məcburi köçkünlərə də ev veriləcək”.
İsmayıl Kazımlı