Məmmədhəsan dayının və Tükəzban xalanın ÜDM-i

Ölkədə olan mütəxəssislər bu rəqəmlərin necə əldə edildiyini yaxşı bilir və onları aldatmaq mümkün deyil

Source:


Ölkədə olan mütəxəssislər bu rəqəmlərin necə əldə edildiyini yaxşı bilir və onları aldatmaq mümkün deyil

Bu günlərdə rəsmi məlumat yayıldı: 2015-ci ilin birinci yarısında ölkədə 26,3 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış ÜDM 9,2 faiz, neft-qaz hasilatı və emalı sektorunda isə 1,3 faiz artmış, qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,9 faizə çatmışdır.

Əvvəl gəlin görək ÜDM nə deməkdir:

Ümumi daxili məhsul (Gross Domestic Product, GDP) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

ÜDM-in tərifində olan əsas prinsiplər:

  • ikiqat (təkrar) hesablanmanın yolverilməzliyi

  • gəlirlərin yenidən bölüşdürülməsinin nəticəsini deyil, məcmu buraxılışın ölçüsünü dəyişən göstəricilərin uçotu

  • yalnız həmin ildə istehsal edilmiş məhsulun dəyərinin əks etdirilməsi

 İndi isə rəsmi statistik rəqəmlərə fikir verək, 2014-cü il, yanvar – iyun ayları üzrə ÜDM göstəriciləri:

2015-ci ilin yanvar – iyun ayları üzrə ÜDM göstəriciləri:

Klassik, nominal, faktiki ÜDM göstəricilərinə fikir verərkən aydın görünür ki, 2014-cü ilin ilk yarısına görə, ÜDM manatla ifadədə 2,478 mlrd. manat azalıb. ÜDM dünyada əsasən dollarla ölçüldüyündən, bu valyuta ilə baxsaq, 2014-cü ilin ilk 6 ayında ÜDM 36,8 mlrd. dollar olub, bu ilin ilk 6 ayında isə 25 mlrd. dollarlıq ÜDM qeydə alınıb, yəni, ÜDM dollar ekvivalentində 11,8 mlrd. azalıb.

Yəni, faktiki ÜDM azalıb, bu da təbiidir, çünki ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətində ciddi azalma müşahidə olundu, əgər 2014-cü ilin ilk yarısında neftin qiyməti ortalama 110 dollar civarında idisə, 2015-ci ilin ilk yarısında ortalama qiymət 55 dollar civarındadır.

Bu faktı insanlardan gizlətməyin nə anlamı var axı? Sadə vətəndaşlarımız, bəyəm, ÜDM-lə, makroiqtisadi göstəricilərlə maraqlanırlar?! Ölkədə olan mütəxəssislər bu rəqəmlərin necə əldə edildiyini yaxşı bilir və onları aldatmaq mümkün deyil, sadə vətəndaşlarımız, məsələn, Tükəzban xala və Məmmədhəsən dayı üçün isə ÜDM onların soyuducusunun içində olanlardır, qazanda qaynayan yeməkdir.

Hökumət də ertiraf edir ki, ölkəmizdə mənzil bazarı, tikinti sektoru, avtomobil və mobil telefon satışları çöküb, bank sektoru stress altındadır. İş yerləri azalır, gəlirlər düşür, kreditə çıxış imkanları məhdudlaşır, Rusiyadan gələn pullar da 4-5 dəfə azalıb, yəni iqtisadiyyatın bütün sahələrində böhran var, azalmalar var, amma rəsmi məlumatda ÜDM artır, özü də 6%-ə yaxın.

Bütün böhranlı vəziyyətlərdə ən önəmli olan dürüst statistik məlumatların olmasıdır, həmin məlumatlara əsaslanaraq düzgün diaqnoz qoyulur, sonra müalicəvi addımlar atılır. Bizdə elə ilk addımda səhv, siyasiləşmiş rəqəmlərlə çıxış edirlərsə, deməli, ölkədəki problemlərə düzgün diaqnoz qoymaq, onları həll etmək mümkün olmayacaq. Təəssüf ki, belə olanda ilk zərbə Tükazban xalanın qazanına, Məmmədhəsən dayının soyuducusuna dəyir-dəyəcək…

Ana səhifəXəbərlərMəmmədhəsan dayının və Tükəzban xalanın ÜDM-i