Məmməd İbrahimə qarşı daha bir ittiham irəli sürüldü

Vəkil hesab edir ki, yeni ittiham Məmməd İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın müddətini artırmaq məqsədi daşıyır

Source:


Vəkil hesab edir ki, yeni ittiham Məmməd İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın müddətini artırmaq məqsədi daşıyır

AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni ittiham irəli sürülüb. Bu barədə “Azadlıq” qəzetinə Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verərək bildirib ki, bununla bağlı cəlbetmə qərarı dünən Şüvəlandakı 3 saylı istintaq təcridxanasında ona elan olunub. Məlum olub ki, AXCP funksionerinə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülüb.

Buna qədər Məmməd İbrahim Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, indi daha iki nəfər ortaya çıxıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib, ictimai qaydanı pozub.

Adları çəkilən şəxslər Məmməd İbrahimlə üzləşdirilərkən AXCP sədrinin müşaviri onları ümumiyyətlə, tanımadığını, ilk dəfədir gördüyünü bildirib.

Yalçın İmanovun sözlərinə görə, yeni ittiham elan olunarkən Məmməd İbrahim onun saxta olduğunu bildirib və bu barədə qeydlərini protokolda da yazıb.

Vəkil hesab edir ki, yeni ittiham Məmməd İbrahimin həbsdə saxlanılmasına qanuni don geyindirmək və ona veriləcək cəzanın müddətini artırmaq məqsədi daşıyır.

Məmməd İbrahim saxlanılarkən Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilirdi. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsində isə iki ilədək islah işləri və ya beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəki əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır və maksimum bir ilə qədər həbslə cəzalandırılır. Başa düşürlər ki, Məmməd İbrahimi bu maddə ilə həbsdə saxlaya bilməzlər. Ona görə də bu yeni ittihamı irəli sürdülər. Amma açıq-aşkar görünür ki, bu ittiham saxtadır”, – deyə Yalçın İmanov bildirib.

Vəkil onu da əlavə edib ki, həm özü, həm də Məmməd İbrahim ibtidai istintaqın əsassız uzadılmamasını, işin qısa müddətdə məhkəməyə göndərilməsini istəyir.

Məmməd İbrahim Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlərMəmməd İbrahimə qarşı daha bir ittiham irəli sürüldü