Məmməd İbrahim: Maşının içində polisə necə müqavimət göstərə bilərdim?

Deyib ki, polisə müqavimət ittihamı saxtadır, onu AXCP üzvü olduğunu biləndən sonra həbs ediblər

Source: Foto: sosial şəbəkə


Apelyasiya məhkəməsi əvvəlki qərarı qüvvədə saxladı

Martın 4-də Bakı Apelyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin 10 günlük həbs qərarından verilən şikayətə baxılıb.

M.İbrahim fevralın 26-da Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən saxlanıb. O, polisə müqavimət göstərməkdə ittiham olunub. Xətai Rayon Məhkəməsinin qərarıyla M.İbrahimə İnzibati Xətalar Məcəlləlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 10 sutka həbs cəzası verilib.

Hakim Rəşad Abdulovun sədrliyilə keçirilən məhkəmədə M.İbrahimin vəkili Elçin Sadıqov bildirib ki, Xətai Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, M.İbrahimin polisə müqavimət göstərməsi haqda qərarda yazılanlar da yalandır: "Məmməd İbrahimin səhhətində problemlər var. Ziyarət zamanı onun "pristupu" tutub, maşınla xəstəxanaya aparmaq istəyiblər. Polislərdən xahiş ediblər ki, icazə versinlər, yolu açsınlar. AXCP üzvü olduğunu biləndə polislər onu düşürüb, bölməyə aparıblar".

E.Sadıqov onu da bildirib ki, ictimai-siyasi fəalların ziyarətlərinə son illərdə maneələr yaradılır. Vəkil dediklərinə sübut kimi, Xocalı, 20 Yanvar faciələrinin ildönümündə ziyarətlər zamanı polislərin mane olması barədə müxtəlif saytlarda yayımlanan videoların linklərini təqdim edib, onlara baxış keçirilməsini istəyib.

M.İbrahim özü də danışıb. Deyib ki, polisə müqavimət ittihamı saxtadır, onu AXCP üzvü olduğunu biləndən sonra həbs ediblər: "Mən maşında olmuşam, necə müqavimət göstərə bilərdim?"

Hakim Rəşad Abdulov elə yerində müşavirə edərək bildirib ki, apelyasiya şikayəti təmin olunmur, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə qalır.

M.İbrahimin yaxınları Meydan TV-yə bildirib ki, qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.

M.İbrahim bundan öncə də dəfələrlə həbs olunub, barəsində cinayət işi başlanıb. Hətta 3 illik cəzasının başa çatmasına iki gün qalmış cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılması iddiası ilə yenidən barəsində cinayət işi başlanıb, daha dörd ay həbsdə saxlanıb.

M.İbrahim isə ittihamları qəbul etmir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətMəmməd İbrahim: Maşının içində polisə necə müqavimət göstərə bilərdim?