Məhv olmuş insanlar

İnsan ölümünə də səbəb olur, amma gözə görünmür…

Source:

Bəzən elə hadisələrin şahidi oluruq ki, uzun zaman yaddaşımızdan silinmir. Zamanla yaşadığımız cəmiyyətdə oxşar hadisələr dəfələrlə təkrarlanır.

Üç il əvvəl tanıdığım bir ailədə məktəbi bitirib universitetə qəbul olmuş bir qızın faciəsinin şahidi olmuşdum. Tez-tez insanların öz həyatı, istəkləri, arzuları uğrunda ailə, qohum, qonşu – bütün ətrafındakılarla mübarizəsinin şahidi oluruq.

Aydın məsələdir, Azərbaycanda daha çox qadınlar bu problemlərdən əziyyət çəkir. Amma heyf, bu mübarizədə çox insan uduzur, əyilir, məhv olur.Nə qədər çalışsa da, alınmır.

Elə həmin qızın faciəsi də belə olmuşdu. Nə qədər mübarizə aparsa da, axırda universitetə gedə bilmədi. Məcburiyyət qarşısında imtina etməli oldu. Onu həqiqətən inandırdılar, inandırdılar ki universitet oxumasan daha yaxşı olacaq. Ailə quracaqsan, evində oturacaq və uşaqlarına baxacaq, beləliklə də daha xoşbəxt olacaqsan. Nə qədər əzab çəkməyinə baxmayaraq, onun bütün istəkləri ətrafındakıların istəkləri ilə əvəzləndi. Və o ailə qurdu.

Evdən qaçdı, günlərlə qayıtmadı evə. Amma axırda tapdılar, kimə ağız açdı, kimdən xahiş elədi – bacarmadı. Heç kim dəstək olmadı, heç kim kömək əlini uzatmadı. Valideyinlərini intihar hədəsilə qorxutdu, günlərlə ac qaldı, dəli oldu heç nəyin xeyri olmadı. Zorla deyil ki, nə evdə, nə bayırda, nə də uzaqda – heç kim onun arzularına ciddi yanaşmadı, heç onu ciddiyə almadı.

Axırda özü də uduzduğunu sevə-sevə qəbul etdi, bəlkə də məcbur qəbul elədi, bilmək olmaz. Nəticə odur ki, indi xoşbəxt olduğunu deyir, həm də çox rahat…

İndi belə hadisələri danışanda, yazanda çoxları inanmır. Deyirlər, daha belə şeylər baş vermir, artıq insanlar dəyişib, zaman dəyişib. Mənə elə gəlir, bu inanmamaq da bir növ məğlubiyyətdən yaranan saxtakarlıqdır. İnsanlar öz həyatlarını uduzmağı qəbul etmir, uduzduqlarına inanmaq istəmir ya da onu inkar etmək üçün bu saxtakarlığa əl atırlar.

Müxtəlif təhsil ocaqlarında təhsil alan yüzlərlə insan tanıyıram ki, onlar məcbur dərsə gedirlər. Bir az həmsöhbət olduqda, hamısı valideynlərinə olan nifrəti, kini birüzə verir, amma,onlara buna etiraz et, qarşı çıx deyəndə başlayırlar müxtəlif yalanlar uydurmağa. Valideynlərinin onları sevməsi, onları qoruması kimi bəhanələr gətirirlər. Əslində belə daha yaxşı olduğunu deyir, özlərinə qalarsa, heç nəyə nail ola bilməyəcəklərinə inanırlar.

Hətta bunu səmimi bir etiraf kimi kədərli-kədərli danışırlar. Əslində, bununla özlərini bir şəxs kimi, bir insan kimi heç saydıqlarının, bacarıqsız olduqlarını qəbul etdiklərinin fərqində deyillər. Bütün bu cəfəngiyyata, saxtakarlığa inanmağa özlərini məcbur edirlər. Hələ bunlar ali təhsil almaq üçün təhsil ocaqlarına yollana bilənlərdir. Aralarında qızlar çox vaxt ailə qurur, universiteti yarıda qoyur, ya da sadəcə diplom almaq xətrinə oxuyur. Hələ yuxarıda dediyim kimi, ali təhsil ala bilməyənlər də var.

İndi beş-üç nəfər normal həyat yaşayıb, özü üçün nələrsə əldə edib. Və çıxıb deyir ki, yalandır, Azərbaycanda belə şeylər yoxdur. Bəs, bu qədər intihar faktları, məhv olmuş insanlar harada yaşayır? Yoxsa bizim gördükləırimizi siz görə bilmirsiniz, biz daha önə gedirik, daha ağıllıyıq ya da əksinə? Niyə bu hadisələri daha çox danmağın tərəfdarı olaq?

Axı cəmiyyətin yazılmayan dildən-dilə, eldən-elə, nəsildən-nəsilə keçən qanunlarına alışmaq, ömrü boyu bu gedişatla yaşamaq özünü unutmaq, özünü məhv etmək deməkdir.

Bu yaşayış, bu vərdiş, bu alışqanlıq hərdən onlara əsəb, həyəcan, gərginlik, hər cür çətinlik verər. Bu çətinliyə rəğmən, yenə də insanlar bu qaydalarla yaşayır. Öz düşüncəndən, varlığından, ağlından, özünə güvənməkdən uzaqlaşmaq; yalan xəyallarla, saxta arzularla yaşamaq deməkdir, “mən” deyəndə titrəmək, qorxmaq, çəkinmək deməkdir.

Bir dəfə bu qaydaları pozub öz istəklərini həyata keçirmək, gizlənə-gizlənə, ikiüzlülük etmədən,qınaqdan, asılmaqdan, kəsilməkdən qorxmayaraq, istəklərinin arxasınca getmək cəsarətinə həmişəlik yiyələnmək deməkdir.

Maraqlıdır, deyilmi? Niyə insan bütün bunlara dözür?

Adət-ənənə, mentalitet, vərdişlər… Bütün bunlar neçə illərdir xalqın beynində qalır, yaşayır, böyükdən-kiçiyə, nəsildən-nəsilə keçir. Hər dövrdə az da olsa, bütün bunlara qarşı olan bir toplum olur. Amma nəticə olaraq, hələ heçnə əldə edilməyib. Bu qaydalar, bu adətlər hətta insan ölümünə də səbəb olur, amma gözə görünmür, dilə düşmür, yaddaşlarda iz qoymur.

Son dövrlər hamı deyir ki, sosial şəbəkələr Azərbaycanda yaşayan insanların öz fikirlərini normal ifadə edə biləcəyi bir məkana çevrilib. İnsanlar orada nə düşünür, onu da yazır, amma bəzi hadisələrdə bu saxtakarlığın da şahidi oluruq. Lalə Hafiz adlı bir xanım xaricdə təhsil alması üçün insanlardan kitab toplayıb, sonra onu satıb pula çevirir və həmin pulla xaricdə qəbul olduğu universitetin təhsil haqqını ödəməyə çalışır.

Nə qədər insan ona dəstək olur, ya da dəstək olduğunu deyir, amma çox da böyük olmayan bir rəqəmin heç yarısının yarısını toplaya bilməyib. Niyə toplaya bilmir? Məsələn, gözümün önündə təhsil haqqında palan-palan yazılar yazan insanlar bu məsələyə gələndə həmin xanıma dəstək olmadılar, onlar dedilər bir xanım niyə xaricdə təhsil almaq istəsin ki, dedilər niyə qalıb öz ölkəsində təhsil almır, ümumiyyətlə təhsil almağı lazım deyil, məqsədi təhsil almaq deyil və s.

Hələ bu guya inkişaf etmiş, sağlam düşüncə sahibi olanların dedikləridir. Digər insanların dedikləri isə daha dilə gətiriləsi deyil, heç yazmağa da dəymir. Yəqin ki, hamınızın eşitdiyi, gördüyü və bildiyi şeylərdir. Yox, əgər eşitməmisinizsə, bilmirsinizsə, demək siz bu ölkədə yaşamırsınız.

Təhsil almağa bu qədər dirnaq arası baxan bir cəmiyyətdə hər cür iyrənc, xoşagəlməz hadisənin şahidi olmaq mümkündür, qaçılmazdır. İstər öz həyatı üçün cəmiyyətlə mübarizə aparıb uduzan, istər cəmiyyətin bir parçasına çevrilən, ümumiyyətlə mübarizə aparmayan, istər mübarizə aparıb, qalib gələnlər, mən bütün hamını məhv olmuş insan kimi görürəm.

Çünki bu ölkədə qalib gəlmək də mümkün deyil, iki-üç insan da itib-batır gözə görünmür, əli-ayağı bağlı qalır. Olanlar da o qədər az olur ki, bununla bir cəmiyyətə təsir etmək mümkün deyil.

Bütün bunlara görədir, işini yaxşı bilən bir həkim, müəllim görəndə sevinirik, üzümüzdə bir təbəssüm yaranır. Yarımçıqlıq, bilgisizlik başımızın bəlasına çevrilib və hər kəs zamanla bu bəladan öz payını götürür.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərMəhv olmuş insanlar