“Mehdiyevin nəvəsinin toyundan bir gün əvvəl Buzovna qəsəbəsində toy keçirilib və orda fişəng də atılıb”
Azərbaycanda son siyasi hadisələr, xüsusən hakim partiya daxilində baş verənlər gündəmin müzakirə predmetinə çevrilib.
“Turan” İA-nin direktoru Mehman Əliyev son olaylarla bağlı Meydan TV-nin suallarını cavablandırıb.
–
Mehman müəllim, hakimiyyətdə və hakim partiyada baş verənlər, Ramiz Mehdiyevə qarşı total kampaniya hansı amillərdən irəli gəlir?
– Əvvəla, hakimiyyətdaxili qruplaşmalar mövcuddur. Birinci, Ramiz Mehdiyev narazı getdi, baxmayaraq ki, ona “Heydər Əliyev” ordeni verildi. Ancaq o narazılığını gizlətmirdi və bunu ifadə edirdi. İkinci, köhnə komandada çalışan kadrların xeylisi dəyişikliklərdən narazıdır. Onlar daha çox Mehriban Əliyevanın tərəfdarlarının güclənməsindən narazıdırlar. Üçüncü, xarici amil var, Rusiyaya bağlı köhnə kadrların əvəz edilməsi prosesi gedir ki, bu da narazılıq doğurur. Bəli, kadr dəyişiklikləri çoxdan başlanmışdı, indi prosesi tamamlamaq üçün genişlənib və sürətlənib. Ramiz Mehdiyevin nəvəsinin toyunun bu dərəcədə gündəmə gəlməsi bəhanəydi, bununla cəmiyyətə və məmurlara mesaj verildi ki, toxunulmaz adam yoxdur. Hətta Ramiz Mehdiyev kimi adam haqqında belə qərar da verilir. Amma maraqlı məqam odur ki, toydan bir görüntü var, başqa kadrlar yoxdur, deməli, əvvəldən heç kəsin məclisin görüntülərinin yaymaması razılaşması pozulub. Görüntünün yayılması ictimai qınaq yaratdı, hakimiyyət də məcbur idi belə reaksiya verməyə. Çünki ayrı-seçkilik ictimai qınağı gücləndirmişdi. Məndə olan məlumata görə, bu tipli toy, nişan, ad günü mərasimləri keçiriblər və fişəng də atılıb. Hətta Mehdiyevin nəvəsinin toyundan bir gün əvvəl də Buzovna qəsəbəsində toy keçirilib və orda fişəng də atılıb.
– Məmur toyu idi?
– Bəli, əlbəttə.
– Sizi həmişə hakimiyyətin islahatdan başqa variantının olmadığını deyirsiniz. Bu mənada son kadr dəyişiklikləri islahat sayıla bilərmi?
– Əslində, kadr dəyişiklikləri islahatın bir hissəsidir. Sual yaranır, yeni kadrlar nə qədər komponentlidir? Məsələn, TƏBİB, Kənd Təsərrüfatı Nazirliyi, bu sahələrə gətirilən kadrlar mütəxəssis deyillər, problemlər qalır. Amma fakt odur ki, kadr dəyişiklikləri baş verir, elə bu gün iki rayona iki gənc icra başçısı təyin edildi.
– İndiki dəyişikliklər davam edəcəkmi, konkret, Rusiyayönümlü kadrların əvəzlənməsi?
– Bilirsiniz, Rusiyayönümlü kadrlar çıxarılır, onları əvəz edənlərin anti-Rusiya mövqeyində olduğunu deməzdim. Sadəcə, yeni sistem formalaşır və deyirlər ki, bunlar bizim yeni kadrlardır, biz bunlarla işləyirik, siz bunlarla işləyə bilərsiniz. Amma əvvəlcədən Rusiyanın nəzarəti altında formalaşan sistem yenisi ilə əvəz olunur.
–
Mehman müəllim, Xarici İşlər Nazirliyindəki həbslər, son olaraq səfir Eldar Həsənovun həbsi hansı prosesin tərkib hissəsidir?
– Mənə elə gəlir ki, kadrların bağlı olduğu qruplar yeni formalaşan komandaya qarşıdır. Eldar Həsənova gəlincə, kifayət qədər iddialı və mediada aktiv idi. Onu başqa səfirlərdən fərqləndirən iddiaları və gücü, təsir imkanları idi, həm cəmiyyətə nümayiş də etdirirdi. Hətta bəzi media orqanları onun güclü olduğunu yazırdılar, bu, artıq daxili işlərə müdaxiləydi. Hansı ki bunlar xaricdə olan səfirin məramnaməsinə və mövqeyinə uyğun deyil. Diplomat daxili siyasi proseslərə qoşulmur. Onun korrupsiyaya bağlılığına gəldikdə, Azərbaycanda korrupsiyanın yüksək səviyyədə olduğu görünür və bu adamların həmin ittihamla həbsi korrupsiyaya qarşı mübarizəni qabartmaq məqsədi daşıyır. Beynəlxalq aləmə də göstərmək istəyirlər ki, baş verənlər korrupsiyayla bağlıdır. Eləcə də Ramiz Mehdiyevin nəvəsinin toyunun bu qədər qabardılması karantin qaydalarının pozulmasından irəli gəlmir, çünki başqa məmurlar da oxşar məclis qurublar. Problem hakimiyyətdaxilidir, sadəcə, daxili və xarici ictimaiyyətə karantin qaydalarını pozanlara, korrupsiyaya bulaşanlara qarşı mübarizənin aparıldığını göstərirlər.
– Siz payız aylarında hansı siyasi dəyişiklikləri gözləyirsiniz? Ehtimal səslənir ki, hakimiyyət Konstitusiya dəyişikliklərinə gedəcək və hakimiyyətin Birinci vitse-prezidentə ötürülməsi baş verə bilər?
– Bir ay əvvəl politoloq Eldar Namazovun “Turan” İA-da yazdığı təhlildə daxili məsələlər, Rusiya vurğulanırdı. Eldar Namazov payız aylarında ciddi dəyişikliklərin olacağını bildirirdi. Onunla razılaşmaq olar, çünki Azərbaycanın sosial-iqtisadi durumu yaxşı deyil, getdikcə, pisləşir. Ona görə də neft erası bitdiyindən dayanıqlı iqtisadiyyata ehtiyac var, o da azadlıqlar, qanunun aliliyi olmasa mümkün deyil. 2015-ci ildən sonra hakimiyyət vergi, gömrük sahələri barədə müxtəlif qərarlar versə də, təsiri o qədər olmadı. Neftin qiyməti enən kimi iqtisadiyyatın neftdən asılı olduğu və 5 il də heç nə alınmadığı üzə çıxdı. Bu baxımdan köklü dəyişikliklər olmasa, inqilabi vəziyyət yaranacaq, necə ki, Belarusda həmin mənzərə yaranıb.
– Yəni hakimiyyət məhkəmələrin müstəqilliyinə və media azadlığına gedəcəkmi?
– Hakimiyyət getmək istəmir. Medianı əvvəlki qaydada saxlayırlar, biz də birtəhər yaşayırıq. Amma məhkəmələrə azadlıqlar verilməlidir, çünki investisiyaların gəlməsi üçün bu, birinci şərtdir. Hökumət Avropa Yenidənqurma Bankıyla danışıqlar aparanda məhkəmələrin azadlığı birinci şərt idi. Səbəb də investorların hüquqi sığorta istəməsidir, nəinki hökumətin vədini. Hüquqi sığortanı da azad məhkəmələr təmin edə bilər.