Mehman Hüseynovun növbəti məhkəmə prosesi başlayır

Vəkil: ”Blogeri 3 saylı İstintaq Təcridxanasına köçürüblər”

Source:


Vəkil: ”Blogeri 3 saylı İstintaq Təcridxanasına köçürüblər”

Həbsdəki bloger, “Sancaq” səhifəsinin admini Mehman Hüseynovun işi üzrə növbəti məhkəmə prosesi başlayır.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, Mehman Hüseynovun işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib:

“Bu, onun 2 il azadlıqdan məhrum edilməsi və məhkum olunması ilə bağlıdır. Şikayəti xüsusi ittiham qaydasında vermişik. İş hakim Əflatun Qasımovun icraatına verilib. Suraxanı rayon Məhkəməsinin 3 mart hökmündən verdiyim apelyasiya şikayətinə noyabrın 3-ü, saat 15:00-da baxılacaq”.

Vəkil Mehman Hüseynovun artıq Penitensiar Xidmətin Şüvələn qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına köçürüldüyünü də bildirib.

Bloger daha əvvəl 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Ana səhifəXəbərlərMehman Hüseynovun növbəti məhkəmə prosesi başlayır