Mehman Hüseynov aeroportda saxlanılıb (yenilənib)

Mehman Hüseynov ATƏT-in konfransına gedirmiş

Source:

13.10. Daxili İşlər Nazirliyi Mehman Hüseynovun saxlanılmasına reaksiya verib. DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov virtualaz.org saytına açıqlamasında Mehman Hüseynov barədə cinayət işi olduğunu deyib: “2012-ci ildə qanunsuz keçirilən aksiya zamanı Mehman Hüseynov polis əməkdaşlarına qarşı müqavimət göstərib, xuliqanlıq edib. Buna görə də barəsində cinayət işi qaldırılmışdı. İstintaqın gedişi ilə əlaqədar ölkədən çıxmasına yasaq qoyulmuşdu. 2013-cü ildə Mehman Hüseynov xarici ölkələrdən birinə hansısa tədbirə getmək üçün istintaq orqanına müraciət etmişdi. Müraciətə baxıldı, icazə verildi. Bu dəfə isə Mehman Hüseynovun nə özü, nə də vəkilləri tərəfindən müraciət olunmayıb. Saxlanılmasına səbəb budur”.



12.20. Meydan TV-in əməkdaşının məlumatına görə, Mehman Hüseynov Səbail Rayon Polis İdarəsinə aparılıb. O, heç bir açıqlama verməyib.



Mehman Hüseynov ATƏT-in konfransına gedirmiş

Blogger Mehman Hüseynov ATƏT-in konfransında iştirak üçün Tiflisə yola düşərkən aeroportda saxlanılıb. Bu barədə araşdırmaçı jurnalist Xədicə İsmayıl məlumat verib.  M. Hüseynova pasportunun sistemdə olmadığını, saxta olduğunu deyiblər. Onu Hava Nəqliyyatında Polis İdarəsinə aparıblar. Bloggerin nümayəndəsi Günay İsmayılova məlumat verib ki, hazırda (oxu: saat 10:15-də) onu aeroportdan Səbail rayon Polis İdarəsinə aparırlar.

Mehman Hüseynov üzərindəki səyahət qadağasının qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Ona müraciətinə müstəntiqin baxdığı haqda cavab gəlib.

2012-ci ildə Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq)  cinayət işi açılıb. O, polisə müqavimət göstərməkdə ittiham olunur. Amma M. Hüseynov ona qarşı açılan cinayət işinin saxta olduğunu və «Eurovision» ərəfəsində təşkil olunan «Demokratiya naminə oxu» kampaniyasında iştirakı ilə bağlayıb.

Ana səhifəXəbərlərMehman Hüseynov aeroportda saxlanılıb (yenilənib)