Vətəndaş polis bölməsində işgəncə gördüyünü deyir
Oktyabrın 10-da axşam saatlarında Xətai Rayon Məhkəməsi İsmayıl Qəhrəmanov adlı şəxsi həbsdən azad etsə də, məhkəmə binası qarşısında polislər ona çıxıb evinə getməyə imkan verməyib. Polis əməkdaşları İsmayıl Qəhrəmanovu məhkəmə binası önündə zorla tutub, Xətai rayonu, 36-dı polis bölməsinə aparıblar.
Hələ bu baş verməmişdən əvvəl – məhkəmənin dəhlizində İsmayıl Qəhrəmanov video çəkərək, kömək istəyib. Sifət nahiyəsində xəsarət izləri görünən İsmayıl Qəhrəmanov bildirib ki, 4 gündür 36-cı polis bölməsində işgəncəyə məruz qalır. Onun sözlərinə görə, məqsəd oğurluqla bağlı cinayəti onun üzərinə qoymaqdır:
“Dörd gündür məni döyüb-öldürürlər. Mənim sir-sifətimə baxın. Narkotik ittihamıyla məhkəməyə gətirmişdilər, guya narkotik qəbul eləmişəm. Məhkəmə də buraxdı. Amma polislər yenə gəlib dayanıblar məhkəmənin qarşısında. Aparıb yenə döyüb-öldürüb boynuma oğurluğu qoymaq istəyirlər. Mənim vəziyyətimi görürsünüz. Dövlətimdən kömək istəyirəm…”
Məhkəmə binasının içində bu video çəkiləndən az sonra İsmayıl Qəhrəmanov binadan çıxıb və polislər onu tutublar. Hadisə jurnalist Nurlan Libre tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.
İsmayıl Qəhrəmanovun qardaşı İbrahim Qəhrəmanov Meydan TV-yə bildirib ki, oktyabrın 6-dan qardaşı 36-cı bölmədə işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, qardaşının hüquqlarını müdafiə etmək üçün vəkillə müqavilə bağlayıblar. Vəkil orderini də təqdim edərək, 36-cı bölmədə İsmayıl Qəhrəmanovla görüşmək istəyib. Lakin müdafiəçinin müvəkkili ilə görüşməsinə imkan verməyiblər:
“Onu bu günlər ərzində döyüblər. Üz-gözündən də məlumdur işgəncəyə məruz qaldığı. Bədənində ciddi xəsarətlər var. Qardaşımın dediyinə görə, iki gündür ağzından qan gəlir. Vəkil polis şöbəsinə gəlir, orderini təqdim edir, görüşməyə buraxmırlar. Narkoloji müayinədən rəy alınıb ki, guya qanından narkotik çıxıb. Görünür, bu ittihamla yenə həbsdə saxlayıb, oğurluğu boynuna qoymaq üçün yenə döymək istəyiblər. Amma məhkəmə də həbs eləmədi. 300 manat cərimə cəzasıyla buraxdı. Məhkəmə binasından çıxmaq istəyəndə bir neçə maşında polislər zorakılıqla tutub, yenidən polis bölməsinə gətirdilər…”.
Daxili İşlər Nazirliyi də baş verənlərə münasibət bildirib.
“Oğurluq əməlində şübhəli bilinən şəxsin 36-cı polis bölməsində döyülməsi iddiaları ilə bağlı araşdırma aparılır”, – nazirliyin Mətbuat Xidmətindən belə cavab verilib.