Məhkəmədən: Nərmin itən günü əmisi oğlu harda idi?

İlkin Süleymanov, Foto: Meydan TV

Təqsirləndirilən şəxsin qohumu: “Nərmin cinayətinin arxasında çox ciddi məmur dayanır”

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra yandırılmış vəziyyətdə meyitinin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Onun cəsədi 2019-cu il noyabrın 21-də tapılıb.

Dekabrın 15-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə prosesində azyaşlının əmisi Lətif Quliyev dindirilib.

1973-cü il təvəllüdlü Lətif Quliyev həmin şəxsdir ki, Nərmin sonuncu dəfə onun evində olub və oradan çıxıb itkin düşüb.

Lətif Quliyev məhkəmədəki ifadəsində bildirib ki, hadisə günü Nərmin atasına aparacağı gödəkçə üçün onlara gəlib. Lakin həmin vaxt o, yatmış olduğuna görə qardaşı qızını görməyib. Onun sözlərinə görə, Nərmin günorta saat 2 radələrində gəlib. O isə nahar yeməyindən sonra yatıb, axşam saat 5 radələrində oyanıb. Oyanandan az sonra bacı-qardaşları, o cümlədən Nərminin atası Şərif Quliyevlə birlikdə toplaşıb, o biri qardaşı qızının toyu ilə əlaqədar “ciyəraxşamı”na gediblər. Oradan axşam 8 radələrində qayıdıblar.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Lətif Quliyevin istintaqa ifadəsilə məhkəmədə söylədikləri arasında kəskin ziddiyyətlər var. Bu səbəbdən hakim onun istintaqdakı ifadəsini elan edib.

Lətif Quliyev həmin ifadədə Nərminin onlara gəlişini, həmin vaxt qızın əynində olan geyimləri (qırmızı gödəkçə, idman ayaqqabısı, cins şalvar), azyaşlı oğlu Ayxanın hamamın qapısını açmasını, orada olan gödəkçəni əmisi qızına verməsi və s. məqamları ətraflı təsvir edib.

“Necə olur ki, siz yata-yata bunları görmüsünüz?”, – vəkil soruşub. O bildirib ki, hadisədən sonra oğlu Ayxandan bunları eşidib. Vəkillər təəccüblənib ki, 10 yaşlı Ayxan baş verənləri bu qədər detallı şəkildə danışa bilməzdi.

Lətif Quliyev ifadələrində hadisə günü böyük oğlu Ruslan haqda, Nərmin gəldiyi vaxt onun harada olması barədə heç nə danışmayıb. Həm hakim, həm də vəkillər ona bu haqda suallar verib.

Ruslan Quliyevin hadisə günü harada olması haqda danışan atası bu barədə də ziddiyyətli fikirlər səsləndirib. Hakim və müdafiəçilər də bu ziddiyyətləri onun nəzərinə çatdırıb.

Müdafiə tərəfi vəsatət qaldırıb ki, Lətif Quliyevin oğlu Ruslan Quliyev də məhkəmədə şahid qismində dindirilsin. Hakim bildirib ki, hələlik ittiham tərəfin şahidlərinin dindirilməsi mərhələsidir. O şahidlərdən sonra əlavə şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxılacaq.

Lətif Quliyev ifadəsində onu da bildirib ki, qardaşı Şərif Quliyevin ərzaq mağazasına borcu olurdu.
Dindirmə zamanı o da aydınlaşıb ki, Lətif Quliyev əvvəllər oğurluğa görə həbs həyatı yaşayıb.

Məhkəmə prosesi dekabrın 22-də davam edəcək.

İlkin Süleymanovun yaxınları məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildiriblər ki, onlar bu məhkəmə iclaslarının videoçəkilişlə aparılmasını istəyirlər. Məqsəd isə üzə çıxan həqiqətlərlə bağlı sübutları saxlamaqdır.

İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov, Foto: Meydan TV

“Bu, həm də məhkəmənin özü üçün vacibdir. Sabah biz və ya qarşı tərəf nəyisə iddia etsək, ortaya qoyulsun ki, baxın, vəziyyət belədir. Biz qorxuruq ki, istintaqa təsir göstərən, əlində təsir imkanları olan qüvvə məhkəməyə də təsir göstərə bilər”, – İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov Meydan TV-yə bildirib:

“Hesab edirik ki, azyaşlı Nərminin başına gələnlər və bu cinayətin əsl günahkarlarının ört-basdır edilməsinin arxasında çox ciddi məmur dayanıb. Məhz onun təsiri üzündən bu iş istintaqda normal araşdırılmadı. Qorxuruq ki, əlində səlahiyyət olan həmin məmur məhkəmənin də nəticəsinə təsir göstərər. Düzü, hakimlərin hazırkı araşdırmaları bizi qane edir. Amma nəticədən narahatıq. Elə ona görə videoçəkiliş istəyirik”.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov iddia edir ki, Nərmin Quliyevanın qohumları həqiqətin üzə çıxmasında maraqlı deyil. Bu da məsələni daha da qəlizləşdirir:

“Buna çox təəssüf edirik. Açıq-aşkar görünür ki, bir çox həqiqəti özləri gizlədirlər. İfadələrindəki ziddiyyətlər də bundan irəli gəlir. Lətif Quliyevin dindirməsində də bu göründü. Biz hesab edirik ki, o, həmin vaxt yatmayıb. Ziddiyyətli ifadələr də bununla bağlı şübhələri artırır. Nərmin itkin düşən vaxtlarda onun ana nənəsi Minayə xanım açıq şəkildə efirdə deyirdi ki, şübhələndiyi əsas adamlardan biri əmisidir. Lətif Quliyev böyük oğlu Ruslanla bağlı da ziddiyyətli danışırdı. Görünür, Ruslan da nələrsə bilir…”.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov, Foto: Meydan TV

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəMəhkəmədən: Nərmin itən günü əmisi oğlu harda idi?