Məhkəmədə Ramiz Mehdiyevin əmrinin ləğvi tələb olunur

Şikayət üzrə hazırlıq iclası keçirilib

Source: Meydan.TV


Şikayət üzrə hazırlıq iclası keçirilib

Prezident Administrasiyanın keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin işdən uzaqlaşdırdığı institut direktoru məhkəməyə üz tutub. Akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun keçmiş direktoru Əlövsət Quliyev onu bu vəzifədə əvəzləmiş Qərib Məmmədovu və Hüquq təminatı şöbəsinin müdiri Rasim Ağasıyevi məhkəməyə verib. O, hesab edir ki, işdən uzaqlaşdırılması haqda R.Mehdiyevin əmri qanunsuzdur və ləğv olunmalıdır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Ə.Quliyevin işə bərpa tələbi ilə qaldırdığı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədli baxır. Bir dəfə məhkəmənin hazırlıq iclası keçirilib. Fevralın 17-nə təyin edilmiş növbəti məhkəmə iclasında Ə.Quliyevin şikayətinə mahiyyəti üzrə baxılacaq.

Milli Elmlər Akademiyasının müxbir üzvü olan Ə.Quliyev iddia edir ki, vəzifəsindən uzaqlaşdırılması barədə qərar o, xəstəliyə görə bülletendə olarkən imzalanıb. Onun məsələsi müzakirə olunarkən özünün iştirakı təmin olunmayıb.

Ə.Quliyevin fikrincə, Elmlər Akademiyasının prezidenti R.Mehdiyev onunla bağlı qərarı Q.Məmmədov və R.Ağasıyevin təsirilə verib.

Ə.Quliyevdən sonra Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor təyin edilən Q.Məmmədov 2004-2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 2015-ci ildə prezidentin sərəncamıyla bu komitə ayrıca dövlət orqanı kimi ləğv edildi.

Ana səhifəXəbərlərMəhkəmədə Ramiz Mehdiyevin əmrinin ləğvi tələb olunur