”Mən sizin jurnalist olmağınıza şübhə edirəm” deyən hakim Mirzə Xankişiyev media nümayəndələrini zaldan çıxardı
Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb. M. Xankişiyev zalda olan jurnalistlərə deyib ki, redaksiya tapşırığı olmadan iclasda iştirak etmək olmaz. Jurnalistlərin “Redaksiya bildirişi hansı sənəddir? Açıq prosesdə oturmağa icazə var” cavabına hakim “Sizin jurnalist olmağınıza şübhəm var” cavabını verib. Jurnalistlər vəsiqələrin göstərmək istəsələr də, hakim redaksiya bildirişi tələb edib və jurnalistlər zaldan çıxarılıb.
Prosesdə zərərçəkmiş şəxs Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib. S. Hüseynov deyib ki, bankdan 15 min dollar götürərək M.Əhmədova verib: “O, pulu götürüb İrana qaçdı. Bundan sonra məni həbs etdilər. Maşallah Əhmədov İrandan qayıtdıqdan sonra ona cinayət işi başladılar, məni isə azadlığa buraxdılar. Ona görə doqquz ay həbsdə yatdım. Bütün işlərim alt-üst oldu. Mən iş adamı idim”.
Yusif Əzizov isə ona dəymiş ziyanın ödənilməsini istəyib.
Proses oktyabrın 25-də davam edəcək.
M.Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.