Məhkəmə TIR sürücülərini həbslə cəzalandırdı

Sürücü Rəmiş Cəfərov

İki sürücüyə 30 sutka inzibati həbs, birinə 2 ay həbs qətimkan tədbiri seçildi

Paytaxtın Heydər Əliyev prospektində yolu bağladıqlarına görə saxlanılan TIR sürücüləri həbs cəzası alıblar.

Qərar fevralın 18-də Nərimanov Rayon Məhkəməsində çıxarılıb.

Hakim Hafiz Kamranovun sədrlik etdiyi prosesdə sürücülər – Fəxrəddin Məlikov və Mirələm Məmmədov 30 sutka azadlıqdan məhrum ediliblər.

Digər sürücü Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 ay həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə təqsirli bilinir və 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Fəxrəddin Məlikov İnzibati Xətalar Məcəlləsinin 535 (Polisin qanuni əmrinə tabe olmama), Mirələm Məmmədov isə 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

Digər saxlanılan Bəxtiyar Nuriyev səhhətinə görə sərbəst buraxılıb.

Fevralın 17-də paytaxtın Heydər Əliyev prospektində yük avtomobillərinin (TIR) sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyinə etiraz olaraq yolu bağlayıblar.

Onların yük maşınının (TIR) üzərinə yazdığı şüarda “İcazə vərəqələrinin verilməməsi səbəbindən mallar xarab olur”, – deyə yazılmışdı.

Ana səhifəSiyasətMəhkəmə TIR sürücülərini həbslə cəzalandırdı