Saxlanılan sürücünün atası:  “15 “qara maskalı” hasarı aşaraq evə daxil oldu” (yenilənib)

***

21.11. Heydər Əliyev Prospektinin bağlanması ilə bağlı yük avtomobilləri sürücülərinə cinayət işi açılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli jurnalistlərə açıqlamasında belə deyib.

Araz Əsgərli əlavə edib ki, sürücülərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi açılıb. İş Nərimanov Rayon İstintaq Şöbəsində araşdırılır.

“Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”, – deyə Araz Əsgərli bildirib.

***

“Qadın-uşaq demədən evə girib oğlumu apardılar”

Fevralın 17-də paytaxtın Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərovun saxlanıldığı deyilir.

Sürücü yolu bağlamaqla dövlət avtomobil nəqliyyatı xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazını bildirib.

Onun yük maşını (TIR) üzərinə yazdığı şüarda belə yazıb: “İcazə vərəqələrinin verilməməsi səbəbindən mallar xarab olur”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumatı Meydan TV-yə təsdiqləyib.

E.Zahidov deyir ki, R.Cəfərovun hərəkəti hələ araşdırıldığından əhatəli açıqlama verə bilməyəcək.

Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov da Meydan TV-yə oğlunun saxlanıldığını deyib.

O bildirib ki, hazırda oğlunun saxlanıldığı 18-ci Polis Bölməsinin qarşısındadır, amma ona məlumat verilmir.

Zəkiran Cəfərov oğlunu səhər tezdən apardıqlarını deyib: “15 “qara maskalı” gözlənilmədən hasarı aşaraq evə daxil oldu. Qadın-uşaq demədən evə girib oğlumu apardılar. Sonra gəlib evin ətrafındakı kameraları da sökdülər ki, hərəkətlərinin görüntüsü qalmasın. Amma oğlumu aparan maşının nömrəsini gördüm: 90 AR 190. Bu barədə “102 xidməti”nə məlumat versəm də, hələ ki reaksiya yoxdur. Dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl sahibkarlara dəstəyin vacibliyindən danışmışdı. İndi nə baş verdi ki, bu cür münasibətlə qarşılaşdıq?”

Sahibkar Şahin Nəcəfov da yaranmış vəziyyətlə bağlı sosial şəbəkədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərliyini tənqid edib.

O bildirib ki, yük maşınlarının beynəlxalq hərəkəti və aktiv çalışması ücün “Dazvol” adlanan icazə vərəqi lazımdır:

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə nəqliyyat şirkətlərinə qanunu yolla “Dazvol”u əldə etməyə yüz cür problem yaradır. Hər ilin əvvəlində Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Dazvol” icazə vərəqini özünə yaxın şirkətlərin adına sənədləşdirir. Nəticədə digər nəqliyyatçılar müraciət edəndə “Dazvol”un qurtardığını deyirlər”.

Şahin Nəcəfovun şəxsi arxivindən

Sahibkar iddia edir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti 10-15 dollarlıq “Dazvol”u özlərinə yaxın şirkətlər vasitəsilə 300-600 dollara satışa cıxarır:

“Ziya Məmmədov nazir olanda bu idarənin Çingiz Baxşəliyev adlı rəisi 15 dollarlıq “Dazvol”u 2 min dollara qədər qaldırmışdı. Hazırda İrandan Rusiyaya yük daşıma qiymətləri bahadır. Məsələ ondadır ki, Dağıstan-Rusiya TIR-larına daşınma ücün hər cür şərait yaradırlar. Amma Azərbaycan TIR-larına 3 cü ölkə “Dazvol”u verilmədiyinə görə arzuolunmaz mənzərə yaranıb. Yəni maşınlar İrandan yük alsa da, Rusiyaya giriş edə bilmirlər”.

Dövlət avtomobil nəqliyyatı xidmətinin rəisi Anar Rzayev İctimai Televiziyaya müsahibəsində icazələrin bölüşdürülməsiylə bağlı problemlərin olduğunu etiraf edib:

“Bununla bağlı neqativ hallar uzun müddət müşahidə olunub. Amma neqativ halların qarşısını almaq üçün iyundan yeni bir mexanizm təklif edildi, yəni icazələrin bölüşdürülməsinin ictimailəşdirilməsi. Məqsəd o idi ki, icazələr ictimai şəkildə bölüşdürülsün. Doğrudan da, bu icazələr çox defisitdir. Məsələn, Rusiya və Türkiyəyə daşınacaq icazələrin sayı məhduddur, çünki bu icazələri Azərbaycan yox, qarşı dövlət bizə kvota olaraq ayırır. Biz də onu daşıyıcılar arasında bölüşdürməliyik”.

“Bu icazələri ictimai şəkildə bölüşdürməyi qərar aldıq. Prosesə ekspertlər və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası da cəlb olundu. Bu bölgü haqda məlumat Beynəlxaq Daşıyıcılar Assosiasiyasının saytında da dərc edildi. Beləliklə, ictimai nəzarət yaratdıq ki, kimlərsə sui-istifadə hallarına yol verməsin”, – deyə o bildirib.

O deyir ki, prosesdən narazı qalanlar da olub:

“Güman ki, əvvəlki illərdə bu məsələ ictimailəşdirmədən onların payları yüksək olub. İndi isə paylar ədalətli şəkildə bölünür. Hər kəs gəlib Dövlət Avtomobil Nəqliyyatı Xidmətində və Beynəlxaq Daşıyıcılar Assosiasiyasında suallarını verə bilər. Elə həmin vaxt da daşıyıcılara bu barədə izahatlar verilir. Ümumiyyətlə, ayda 2 dəfə daşıyıcılarla görüşüb onlarda yaranan suallara cavab veririk”.

A.Rzayev hazırda Azərbaycanda 150-dən çox daşıyıcı olduğunu deyib:

“Amma onlardan biri narazıdır və onunla da görüşüb bölgü sistemi barədə danışmışıq. Məsələn, bölgülərdən biri budur ki, defisit olan icazələri mövcud olan yükün qarşısında verək. Yəni Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilən sənədi təqdim edən TIR-a həmin icazə verilir. Digər bölgü üsulu bazar payına uyğun bölgüdür. Burada böyük və kiçik faiz həcmində paydan söhbət gedir. Həmin sahibkar da daha çox pay istəyir, o zaman biz başqa sahibkarlardan alıb ona verməliyik. Təkrar edirəm, burada söhbət icazədən gedir. Təsəvvür edin, bir nəfər deyir ki, mənə 3 yox, 10 icazə verin. Bunu etsək, o zaman başqaları narazı qalacaq”.

Anar Rzayev, Foto: Report

Sahibkarın məhsulunun xarab olmasına gəlincə, A.Rzayev deyib ki, yüklər icazə alındıqdan sonra TIR-lara vurulmalıydı: “Bilirsiniz, burada yalnız Azərbaycanın yox, Türkiyənin və Gürcüstanın da izacəsi lazımdır”.

Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov Anar Rzayevin dediklərini təkzib edib.

Onun sözlərinə görə, Anar Rzayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində gələndən sonra qaydalar dəyişib:

“Bizim maşınlar 12 gündür ki, ət yüklənmiş halda dayanıb, amma icazə verilmir. Əvvəllər icazə məsələsi yox idi. Bu, şəxsi maşınlardırsa, niyə icazə almalıyam? Anar Rzayev yalan danışır. Onun özünün “Van der Wau” firması var, qardaşına təhvil verib, o işlədir. Sual yaranır: bəs onun maşınları Niderlanda hansı icazə ilə işləyir? Araşdırılsa, bu firmanın Niderlanddan nələr gətirdiyi məlum olar. Yaxşı olar, Anar Rzayev günahı başqasında yox, özündə axtarsın”.

Ana səhifəSosialSaxlanılan sürücünün atası:  “15 “qara maskalı” hasarı aşaraq evə daxil oldu” (yenilənib)