Təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb
Martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edib. O, ittiham aktında ziddiyyətli məqamların olduğunu deyib:
“Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb. Rabitə Nazirliyinin tabeliyində olan struktur bölmələrinin rəhbəri deyildi və onun aparat rəhbəri kimi buna faktiki səlahiyyətləri olmadığı halda, istintaq orqanı tərəfindən irəli sürülən ittiham da əsaslı ola bilməz. İttiham aktında göstərilir ki, Məhəmməd Məmmədov və Oqtay Rüstəmov birlikdə 95 milyon 425 min manat vəsaitin saxta hesabatlar tərtib etməklə başqa-başqa telekommunikasiya qovşaqlarına köçürüblər. ƏDV ilə birlikdə 54 milyon vəsaitdən 42 milyonu nağdalaşdıraraq 37 milyon manat Vidadi Zeynalova verilib, 4 milyon 200 manatı Məhəmməd Məmmədova çatıb, 234 min isə Oqtay Rüstəmov özünə götürüb.
Həmçinin başqa bir ifadəsində Məhəmməd Məmmədov göstərir ki, “Azintelekom” MMC-dən 2009-2015-ci illərdə daxil olan 128 milyon manat xidmət haqqı məbləği “Aztelekom” tərəfindən köçürülüb. Həmin vəsait Rabitə Nazirliyinin göstərişi ilə telefon qovşaqlarına, “Azərpoçt”a, “Qafqaz s” və s. MMC-ə köçürülüb və həmin vəsaitlər nazirliyin kassasından verilib. Göründüyü kimi, burda iki epizod üzrə əsas ittihamlar verilib, onlar da bir biri ilə ziddiyyət təşkil edir. Biz məhkəmədən xahiş edirik ki, ekspertiza keçirilsin həmçinin bu ifadələri araşdırılsın”.
Həmçinin vəkil vəsatətində qeyd edib ki, burada Məhəmməd Məmmədov və Oqtay Rüstəmov ifadələrində pulu mənimsədiklərini etiraf edib:
“Biz istəyirik ki, istintaq onlar barəsində də düzgün obyektiv araşdırma aparsın, məsələni araşdırsın”.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev isə vəsatətə etirazını bildirib. Deyib ki, onlar da Vidadi Zeynalovla bağlı ifadələrin səsləndirilməsini tələb edirlər.
Məmməd Məmmədov isə Vidadi Zeynalova etirazını bildirib. O, Vidadi Zeynalova “prinsipin mənimlədi? Məndən nə istəyirsən? Mənimlə problemin var?”- deyib.
Vidadi Zeynalov isə heç bir probleminin olmadığını deyib.
Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, müvəkkilinə pul verilməsini sübut etmək Vidadi Zeynalova nəsə verməyəcək:
“Niyə belə vəsatət verirsiz? Burada hamı bilir ki, ona heç kim pul verməyib”. Bu zaman vəkillər arasında mübahisə düşüb.
İclasda çıxış edən Vidadi Zeynalov bildirib ki, onun və vəkillərinin məqsədi Məhəmməd Məmmədovun əleyhinə danışmaq yox, istintaqın düzgün aparılmamasını sübut etməkdir:
“Burda hər kəs başa düşür ki, Məhəmməd nə pul alıb, nə də pul verib. Sadəcə qorxusundan pulu ödəyib. Məqsədimiz istintaqın obyektiv olmamasını ortaya çıxarmaqdır”.
Proses martın 3-də davam edəcək.
Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.