“Məhəllə, İnterpapa” kimi videofilmlər…

Gənc və uğurlu vəkil Rəşad (Bəhruz Vaqifoğlu) təsadüfən məhkəmə zallarını səhv salır və qətldə ittiham edilən varlı müştərisinin həbsinə səbəb olur. Sonra da onun cangüdənlərinin əlinə keçməmək və həqiqəti üzə çıxarmaq üçün bir müddət qadına “çevrilir”.

Bu, Ramiz Fətəliyev və Elza Ağayevanın ssenarisi əsasında çəkilmiş, rejissoru Ülviyyə Könül, operatoru Rafiq Quliyev olan “Vəkil hanı?” filminin süjetidi.

“Vəkil hanı?” çevrilmə komediyasıdı. Dünya kinosunda bu janrın “Cazzda yalnız qızlardı” (rejissor Billi Uaylder), “Tutsi” (rejissor Sidni Pollak), “Salam, mən sizin xalanızam” (rejissor Viktor Titov) kimi məşhur nümunələri var.

Yeri gəlmişkən, müəlliflər filmə, məhz, həmin ekran əsərlərindən ilhamlandıqlarına işarə vuran epizod da daxil ediblər. Qadın qılığına girmiş Rəşad dostuna dərdini anladanda televizorda “Tutsi” nümayiş olunur. “Vəkil hanı?” filminin yaradıcıları da ilham mənbələri kimi janrın bütün qaydalarına əməl eləməyə çalışıblar, amma bu işə həddindən artıq ciddi yanaşıblar. Xüsusilə də Rəşad obrazını canlandıran, Pantomim teatrının aktyoru Bəhruz Vaqifoğlu rolunu elə yaxşı oynayır ki, arada onun əslində kişi olduğunu unudursan. Filmin əvvəlində cinsi azlıqlara həqarətlə baxan Rəşadın qadına çevrilmə prosesi həddindən artıq təbii baş verir. O, bir anın içində jestləri, yerişi, mətbəxdəki məharəti ilə, necə deyərlər, əsl qadınlardan daha çox qadın olur. Halbuki filmin janrı bunun əksini tələb eləyir. Kişinin məcburən qadına çevrilməyi müəyyən kuryozlarla müşayiət olunmalı və komik situasiyalar yaratmalıdı. Məsələn, “Tutsi”də Dastin Hoffmanın qəhrəmanı ilk vaxtlar dikdabanla yeriyəndə büdrəyir, bığ yerindəki cod tükləri gizlətməyə çalışır.

“Salam, mən sizin xalanızam” filmində A.Kalyaginin Baberleyi səs tembrini dəyişə bilmir, hərdən qadın qılığında olduğunu unudur və söyüş söyür, sonra da buna bəraət qazandırmaq üçün Braziliyada əsilzadə qadınlar arasında söyüş söyməyin adətə çevrildiyini deyir. Bu tip priyomlar bir tərəfdən gülüş yaradır, digər tərəfdən isə ekranda gördüyümüz obrazın əslində kişi olduğunu və bütünlüklə qadına çevrilməyin mümkünsüzlüyünü göstərir.

Bizim nümunədə isə rejissor və ssenari müəllifləri bu kiçik, lakin vacib nüansı ya unudublar, ya da əsas qəhrəmanı, gülünc vəziyyətlərə salmaq, gülüş obyektinə çevirmək istəməyiblər və daha çox detektiv xəttini önə çəkiblər. Odur ki, filmdə tamaşaçını güldürmək missiyası Bəhram Bağırzadənin, Rövşən Kərimduxtun (cangüdənlər), Qorxmaz Əlilinin (Dadaşov) boynuna düşüb. Başqa sözlə, müəlliflər “camaatı özlərinə güldürmək”dən çəkiniblər və onlara gülmək üçün konkret hədəf göstərərək “bax, siz onlara gülməlisiz, bizə yox” deyiblər, gülüşə limit qoyublar. Beləcə Rəşad qadın paltarı geyinəndən sonra film, daha da komik olmaq əvəzinə ciddiləşib – hər şey tələm-tələsik həll olunur-cinayət asanlıqla çözülür, əsl qatil tapılır, axırda da hamı gedir mikrorayon tikməyə.

2011-ci ildə istehsal olunmuş “Vəkil hanı?” son illərdə dövlət sifarişi ilə çəkilmiş yeganə komediyadı. Hətta bir vaxtlar ard-arda düzülən “Məhəllə”, “İnterpapa” kimi videofilmlər də artıq nadir hallarda çəkilir. Baxmayaraq ki, onların Heydər Əliyev Sarayında keçirilən təqdimat günlərində zalda boş yer qalmırdı, diskləri də tum kimi satılırdı. Belə bir gəlirli bir biznes qəflətən niyə yoxa çıxsın ki?! Sanki bir çox şey kimi düşünülmüş şəkildə gülməyi də unutdurmaq istəyirlər bizə.

Umberto Ekonun “Gülün adı” romanının finalında Baskervilli Vilhelmin “Aristotelin gülüş haqqında fikirləri səni niyə qorxudur?” sualına kor rahib Xorxe “Gülüş- kəndli üçün istirahət, dumanlı beyin üçün azadlıqdı. Gülüş- avam camaatı şeytanın qorxusundan azad eləyir, çünki səfehlərin bayramında şeytan da miskin və səfeh görünür, deməli, onu da idarə eləmək mümkündü. Boğazını şərabla yaxalayıb qəhqəhə çəkən kəndli özünü ağa kimi hiss eləyir, çünki gülüş hakimiyyətə münasibəti dəyişir. O, qorxunu yenməyə qadirdi” deyə cavab verir.

Odur ki, “gülümsəyin, cənablar, gülümsəyin”. Gülümsəyin və güldürməyi, özünüzə gülməyi öyrənin. “Zira yer üzündəki bütün axmaq əməllər, məhz, ciddi sifətlə törədilir”.

Ana səhifəVideo“Məhəllə, İnterpapa” kimi videofilmlər…