Baş Prokurorluğun şöbə müdirindən 1 milyon istəyən şəxsin özünü asdığı bildirilir
6 il azadlıqdan məhrum olunan Əlisultan Yüzbəyovun anası Gülşən Səmədova oğlunun günahsız olduğunu iddia edir.
Əlisultan Yüzbəyov Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin sabiq rəisi Niyaz Məmişovu, nəvələrini, qardaşı Tərlan Məmişovu öldürməklə, oğurlamaqla hədələmək ittihamıyla həbs olunub.
Açılan cinayət işinə görə üç nəfər həbs olunub ki, onlardan biri də Əlisultan Yüzbəyovdur.
Azadliq Radiosu yazır ki, Ali Məhkəmə mayın 6-da Əlisultan Yüzbəyovun cəzasını 10 ildən 6 ilə endirib.
Məhbusun anası Gülşən Səmədova isə oğlunun heç bir cinayət törətmədiyini bildirib.
Qeyd olunub ki, cinayət işi üzrə üç nəfər cəzalandırılıb:
"Digər iki nəfər isə Əlisultan Yüzbəyovun əmisi oğlu, Xudatda kompüter və telefon ustası işləyən Emil Yüzbəyov, həmçinin Məmişovlar üçün evlərin tikintisiylə məşğul olan Zaur Hüseynov olub. Cinayət işinin materiallarında iddia olunur ki, bu üç nəfər qrup halında əvvəlcədən razılaşaraq plan qurub. Plan əsasında Əlisultan Yüzbəyovun həyat yoldaşının köhnə telefonunu əmisi oğluna, o da Zaura verib. Zaur da 2017-ci ilin sentyabrında telefonu götürüb Dağıstana gedib, oradan xarici nömrə ilə Baş Prokurorluğun şöbə rəisinə zəng edərək onu hədələyib, əvvəlcə 200 min, daha sonra 1 milyon manat pul tələb edib. Amma Zaur Hüseynov bildirib ki, Niyaz Məmişov Nabranda həm özü, həm də keçmiş Baş prokuror Zakir Qaralov üçün ev tikdirib. Həmin tikintilərdə iş icraçısı da o olub. Sonuncu tikintinin xeyli pulunu ödəməyib. Mən də tikinti materiallarını mağazalardan nisyə almışdım. Adamlar pullarını tələb edirdilər. Mən də ondan pulu ala bilmirdim ki, aparıb camaatın pulunu verim. Başıma oyun açdı. Ona görə acığımdan belə elədim…".
Niyaz və Tərlan Məmişovlar cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Ali Məhkəmədə işə baxılarkən onlar notarial qaydada ərizə verərək Əlisultan Yüzbəyova qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.
Ə.Yüzbəyovun vəkili Fariz Namazlı da hesab edir ki, ona qarşı ittihamlar məhkəmədə sübuta yetirilməyib.
13 il 6 ay azadlıqdan məhrum edilmiş Zaur Hüseynovun 2020-ci ilin oktyabrında saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində özünü asaraq intihar etdiyi bildirilir.
Penitensiar Xidmət bu olayı şərh etmək istəməyib.
Ölümündən öncə Hüseynov işinə ədalətli baxılmamasına, əməlinə düzgün hüquqi qiymət verilməməsinə etiraz olaraq aclıq aksiyası keçirmişdi.
2020-ci ilin mayında Baş Prokurorluqda rəhbər dəyişikliyindən sonra Niyaz Məmişov da vəzifəsindən çıxarılıb.