Siyavuş Novruzov: “İstər saytlarda, istərsə də sosial şəbəkələrdə istənilən istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsin daxil edib sonra şərh yaza biləcək”
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov parlamentin payız sessiyasında müzakirə ediləcək məsələlər haqda məlumat verib.
S.Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir sıra qanunlara ediləcək yeni dəyişikliklərlə cəzalar sərtləşdiriləcək: “Yeni qanun layihələri var. Bəzi qanunlara əlavə və dəyişikliklər də təklif edilib. Artıq komitələrdə müzakirə edilir. İş planına təqdim etdikdən sonra təsdiq olunacaqsa, parlamentdə müzakirə edəcəyik.
Hərbi sirrin yayılması, kəşfiyyat və əks-kəşfiyyat haqda, ordu haqda mətbuatda düzgün olmayan məlumatların yayılması haqda cəzalar sərtləşdiriləcək. Siyasi partiyaların maliyyələşməsi ilə bağlı da yeni təklif var”.
S.Novruzov qeyd edib ki, bu təkliflərdə media ilə bağlı məqamlar da yer alır: “Media müxtəlif mənbələrdən məlumat ala bilər. Amma bu, dəqiq olmalıdır. Aldığı məlumatı hər bir təşkilatın, dövlət strukturunun mətbuat xidməti ilə dəqiqləşdirməlidir. Ola bilər şəxsiyyət əleyhinə dəqiqləşdirilməmiş məlumat yayılsın. Bu zaman həmin şəxs özü qərar verəcək ki, məhkəməyə müraciət etsin, ya yox. Amma elə strukturlar var ki, onunla bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması üzrə maddələr ağırlaşdırılacaq”.
Komitə üzvü bildirib ki, dəqiqləşdirilməmiş məlumat yayan media orqanı külli miqdarda vəsaitlə cəzalandırılacaq:
“Biz məsələ qaldıracağıq ki, “KİV haqqında” Qanuna da dəyişiklik edilsin. Belə hallarda dəqiqləşdirilməmiş məlumat yayan media orqanı külli miqdarda vəsait və digər vasitələrlə cəzalandırılacaq
. Parlamentin builki payız sessiyasında bu məsələ qaldırılacaq. Bununla da təxribat xarakterli, dəqiqləşdirilməmiş məlumatların qarşısı alınacaq.
Bir də görürsən, hansısa media orqanı yazır ki, filankəs dedi əsgərlikdə filankəsin oğlunu döyüb qabırğasını sındırıblar. Nə valideynə, nə də rəsmi məlumata əsaslanırsan. Bunu da yayırsan, sonra digər valideynlər də narahat olur ki, yəqin, mənim övladımı da döyürlər”.
Siyavuş Novruzov deyib ki, elektoron media ilə bağlı xüsusi tədbirlər görüləcək: “Elektron media ilə bağlı müzakirə olunan bir neçə məsələ var. İstər saytlarda, istərsə də sosial şəbəkələrdə istənilən istifadəçi öncədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsin daxil edib sonra şərh yaza biləcək. Xarici ölkələrdə bu təcrübə var.
Bu gün saytlarda nə qədər söyüşlər, təhqirlər var. Hamısı da müxtəlif saxta adlarladır. Bu, həm digər oxucuların etiket qaydalarının pozulmasına gətirib çıxarır. Bəzən də şəxslər buna görə müsahibə verməkdən imtina edir.
Bir də məlumatın yayılması ilə bağlı məsuliyyəti ilkin mənbə daşıyacaq. İlk olaraq dezinformasiyanı kim veribsə, o, məsuliyyətə cəlb ediləcək. Çünki başqaları deyir ki, mən ona istinadən vermişəm.
Bundan başqa, ilkin mənbələrin yayılan informasiyanı sonradan silmə halları da var. Bunun da həlli üçün uyğun variant tapılacaq və qanunvercilikdə öz həllini tapacaq”.
YAP-çı deputatın söylədiklərini Meydan TV-yə şərh edən hüquqşünas Müzəffər Baxış sual etdi: “Xarici ölkələrdəki qaydaların Azərbaycana nə aidiyyatı var? Əslində, Novruzovun söylədikləri insan hüquqlarının məhdudlaşdırılmasıdır, yəni insanları nəzarətdə saxlamaq üçün görülən tədbirdir”.
M.Baxış bildirdi ki, fikir və söz azadlığına görə istənilən məsələyə istənilən münasibəti bildirmək olar: “Buna görə kiminsə şəxsiyyət vəsiqəsini göstərməsinin nə əhəmiyyəti var? Əgər, o, fikir bildirirsə, bunun üçün özünün şəxsiyyəti barədə məlumat verməli deyil. Söz azadlığı yalnız ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Digər məsələlərə isə münasibət mümkündür və bildirilə bilər, bunun üçün qayda müəyyən olunsa, onu sübut edəcək ki, Azərbaycan dövləti internet şəbəkəsində olan fikirləri də məhdudlaşdırmaq istəyir. İnsanların şəxsiyyətini müəyyən etməklə onlara təzyiq üçün bu vasitədən istifadə etmək məqsədini ortalığa qoyublar”.
“İstəyirlər ki, Azərbaycanda “quzu sakitliyi” yaransın, vətəndaşlar da hakimiyyətin əməllərindən xəbərdar ola bilməsin”
Tanınmış köşə yazarı Şahvələd Çobanoğlu bildirdi ki, normal ölkələrdə qanun dəyişikliyi və yaxud yenilik söz azadlığının ziddinə olmur: “Xarici ölkələrin praktikası və təcrübəsi barədə deputatın dedikləri yanlışdır. Nəyinsə tənzimlənməsi sonda söz azadlığının xeyrinə olur. Ayrı-ayrı fəsadların olması da ümumən söz azadlığının xeyrinə olan istiqamətə yönəldilir. Siyavuş Novruzovun açıqlaması ümumi çağrışın eyniyyətidir. Hakmiyyət həmişə azadlıqlara qarşı olub və ardıcıl olaraq son illərdə qanunlar irticalaşdırılır.
Bundan əvvəl QHT-lər, siyasi partiyalar, seçkilər haqqında qanunlara icticaçı maddələr salındı və məhdudiyyətlər çoxaldı. Daha başqa qanunda isə şirkətlərin təsisçilərilə bağlı məlumatlar kommersiya sirri hesab olundu və onları bilmək qadağan edildi. Bütün bunlar qanunların daha da irticalaşması və azadlıqların azaldılmasına yönəlib”.
Ş.Çobanoğlunun fikrincə, son dəyişikliklərdə məqsəd odur ki, hakimiyyətin fəaliyyəti ilə bağlı heç kim danışmasın, hökumətin oğurluğu, özbaşınalığı barədə məlumatlar yayılmasın. Siyavuş Novruzovun müdafiə etdiyi hakimiyyətin niyyəti bundan ibarətdir.
“İstəyirlər ki, Azərbaycanda “quzu sakitliyi” yaransın, vətəndaşlar azadlıqlardan istifadə edib, hakimiyyətin əməllərindən xəbərdar ola bilməsin”,-deyə jurnalist fikrini bitirib.
Hərbi ekspert Üzeyir Cəfərov təəssüfləndi ki, son hadisələri indiki həddə gətirdilər. İyulun sonu və avqustun əvvəlində atəşkəsin pozulması zamanı Müdafiə Nazirliyinin öz vəzifə
borcunun öhdəsindən gələ bilməməsi səbəbindən indiki anlaşılmazlıq yaranıb. Siyavuş Novruzov istənilən təklifi verə bilər, amma söylərikləri qanuniləşsə, bu, Azərbaycanın ziyanına olacaq: “Çünki vətəndaşların Konstitusiya ilə qorunan söz və mətbuat azadlığı var. İkincisi, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda üzərinə könüllü öhdəliklər götürüb. Sosial şəbəkələrdəki statuslara görə kimisə cəzalandırmağa gəlincə, “Dövlət sirri haqda” qanunun 5-ci maddəsində hərbi sirr nədir sualına aydın cavab verilib. O cümlədən, “İnformasiya əldə etmək haqqında” qanunda bu məsələlər tənzimlənir. Bu mənada parlamentariləri anlamaqda çətinlik çəkirəm”.
Üzeyir Cəfərov dedi ki, məlum atəşkəsin pozulması zamanı yalan məlumatlar yazan saytların baş redaktorları Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin qarşısında utanmadan yalanlarını ört-basdır edirdilər: “Guya bu adamlarda vətənpərvərlik hissi var deyə təkliflər irəli sürürdülər. Bu adamların hərbi jurnalistikadan anlayışları yoxdur. Onların birinin cəsarəti çatıb Ramiz Mehdiyevə sual etmədi ki, həmin ərəfədə dövlət strukturlarının rəsmiləri niyə öz vəzifələrinin öhdəsindən gələ bilmədi”.